Rezyume (CV) hazırlamaq

Rezyume (CV) hazırlamaq

Rezyume (CV,tərcümeyi-hal,iş anketi) şəxsin təhsili, iş təcrübəsi və peşəkar bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. Rezyume reklamın bir formasıdır və onun məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir. Bu müsahibə müxtəlif mədsədlər üçün keçirilə bilər: yeni işə qəbul olmaq, karyera pilləsində irəliləmək, peşəkar təşkilata üzvlük əldə etmək, qeyri-hökumət təşkilatının idarə heyyətinə üzv seçilmək və s. Hər bir reklamda olduğu kimi, sizin məqsədiniz diqqəti ən yaxşı xüsusiyyətlərinizə cəlb etmək və zəif tərəflərinizi göstərməməkdir.
iş axtarmaq,iş tapmaq
Əgər siz əmək bazarındasınızsa, rezyumenizin olması sizi daha məsuliyyətli və hazırlıqlı göstərir. İşlədiyiniz zaman rezyumenizi yeniləməyiniz sizə imkan verir ki, qarşınıza çıxan daha yaxşı iş imkanlarından istifadə edəsiniz. Əgər bir neçə il ərzində iş axtarmamısınızsa, rezyumenizi hazırlamanız sizi gələcək 2-3 il ərzində daha cəlbedici namizəd olmaq üçün nə etməli olduğunuz barədə daha məlumatlı edəcək. Rezyumenin yazılması sizin şəxsiniz ətrafında qurulan bir prosesdir: rezyumedə gözə çarpacaq şəxs Sizsiniz!
İş təklif edən şəxslər öz şirkətlərində gəncləri görmək istəyirlər. Onlara sizin yeniliyiniz və ruh yüksəkliyiniz lazımdır. İş təklif edən şəxslər sizin gördüyünüz işdə maraqlı və məsuliyyətli olmağınızı istəyirlər. Onlar sizdən uyğun iş təcrübəsi istəyirlər, çünki bu sizin məhz bu növ işlə məşğul olmaq istədiyinizi göstərir.


İş təklif edən şəxslər sizdən yolayovuqluq və yaxşı davranış gözləyirlər. Onlar sizin həmkarlarınızla yola getməyinizi və etibarlı əməkdaş olmağınızı istəyirlər. Siz dərk etməlisiniz ki, siz rezyumenizi gələcəkdə sizi işə qəbul edəcək şəxs üçün yazırsız. Məhz bu səbəbdən reymunenizə məhz sizin uyğun namizəd olduğunuzu təsdiq edəcək keyfiyyətləri yazmalısınız.
Format və Üsluba Nəzarət

Yaxşı təəssurat yaratmaq üçün sizin 45 saniyədən də az vaxtınız var. Bu sıradan işə qəbul edən şəsxin hər hansı bir rezyumeni “ola bilər” yaxud “ola bilməz” siyahısına aid etməzdən əvvəl ona sərf etdiyi vaxtdır. Əgər rezyumeniz sərrast deyilsə, çox güman ki, heç kəs onu diqqətlə oxuyub sizin bacarıqlarınızı qiymətləndirməyəcək.

Rezyumenizi keyfiyyətli, məktub ölçülü kağızda çap etməyiniz çox vacibdir. Çalışın ki, rezyumeniz, müraciət məktubunuz və zərfiniz eyni rəngli kağızdan olsunlar. Vərəqin kənarlarında kifayət qədər boş haşiyə saxlayın və fikir verin ki, etdiyiniz düzəlişlər gözəçarpan olmasın. Kursivlə çap etməkdən çəkinin, çünki bu yazının oxunuşunu çətinləşdirir. Əgər kompyuter və ya printerinizin keyfiyyətindən əmin deyilsinizsə, rezyumenizin çapını peşəkarlara həvalə edə bilərsiniz. Rezyumenizin surətini çıxarmaq üçün ofset printer və surətçıxaran maşından istifadə edin.

Görüntü baxımından, sizin əsas məqsədiniz məlumatın asanlıqla yadda qalmasını təmin etməkdir. Başlıqlardan istifadə etməklə mətni hissələrə bölün. Bu başlıqlar diqqəti sizin iş təcrübəsi və təhsil kimi müxtəlif bacarıqlarınıza cəlb etməlidir. Əsas məqamların altından xətt çəkin yaxud onları böyük hərflərlə yazın və olnarı vərəqin sol küncündə yerləşdirin. Ən mühün keyfiyyətlərinizi sadalamaq üçün siyahılardan istifadə edin.

Qaydalara fikir verin. Əmin olun ki, başlıqlar və siyahılar qramatik baxımdan həmcinsdirlər. Qramatika, orfoqrafiya qaydalarından və durğu işarələrindən düzgün istifadə etdiyinizdən əmin olun. Rezyumenizin müsbət təəssurat yaratmaq üçün bir neçə saniyəsi var. Sizin şəxsinizin ön planda olması və oxuyan şəxsin diqqətinin cəlb olunması çox vacibdir. Yazı üslubunuz sadə və birbaşa olmalıdır. Uzun cümlələrin əvəzinə, qısa və konkret cümlələr işlədin.

Bir qayda olaraq, bir səhifəlik rezyume yazmağa çalışın. Əgər sizin həddən artıq böyük təcrübəniz varsa və yüksək səviyyəli işə müraciət edirsinizsə, daha uzun rezyume hazırlaya bilərsiniz. Əsas olan bacarıq və nailiyyətlərinizin inandırıcı və dəqiq təsvirini təqdim etmək üçün kifayət qədər yer ayırmağınızdır.

 

Məzmunun tərtib olunması

Potensial iş təklif edən şəxslərin çoxu müəyyən məqamların hər bir rezyumedə olmasını gözləyirlər. Bunlardan ən əsası ad, ünvan, təhsil və iş təcrübəsi barədə məlumatdır. Əmin olun ki, rezyumeniz sizin ən güclü tərəflərinizi vurğulayır. Rezyumenizdə nəyi işıqlandırmaq istədiyinizi düşünün. Siz elm sahəsində istedadlısınız? Siz yaxşı komanda rəhbərisiniz? Yaradıcı dahisiniz? Texnika ilə xariqələr yaradırsınız? Əgər hansı cəhətlərinizi göstərmək istədiyinizi müəyyən etsəniz, rezyumenizin hissələrini buna uyğun şəkildə hazırlaya bilərsiz. Güclü tərəflərinizi vurğulamaqla, faktları təhrif etmədən istənilən təəssuratı yarada bilərsiz.

Ad və Ünvan
İş təklif edən şəxsin bilməli olduğu ilk məlumat sizin kim olduğunuz və sizinlə necə əlaqə saxlamağın mümkünlüyüdür. Bu məlumatlara aiddir: sizin adınız, ünvanınız, telefon nömrəniz, elektron ünvanınız. Əgər sizinlə iki ünvan yaxud telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündürsə, onların hər ikisini qeyd etməlisiniz. Həmçinin, həm iş, həm də ev telefonunuz varsa, onların hər ikisini qeyd edin və hansının ev, hansının iş telefonu olduğunu qeyd edin. Bir çox rezyumelərin başlığı şəxsin vərəqin yuxarı hissəsində, mərkəzdə yerləşən adı və ünvanıdır. Başlıqda Rezyume sözünü yazmağınıza ehtiyac yoxdur. Lakin hər hansı bir konkret işə müraciət edirsinizsə, bunu başlıqda göstərə bilərsiz:

Meri C. Tanakanın Rezyumesi,

PR üzrə Peşəkar Mütəxəsis

Nə cür başlıqdan istifadə etməyinizdən asılı olmayaraq, əmin olun ki, rezyumenin oxucusu sizin kim olduğunuzu və sizinlə necə əlaqə saxlamaq lazım olduğunu dərhal başa düşsün.


Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi
Mütəxəsislər karyera hədəflərinin rezyumedə yerləşdirilməsi barədə yekdil fikir söyləmirlər. Onlardan bəziləri bildirirlər ki, sizin hədəfləriniz bacarıqlarınızın siyahısından aydin olacaq. Onlar həmçinin bildirirlər ki, əgər siz fərqli vakansiyalara müraciət edirsinizsə, bu cür məlumatın yerləşdirilməsi məqsədəuyğun deyil, çünki bu zaman elə görünəcək ki, siz yalnız bir sahə ilə maraqlanırsız. Digər mütəxəsislər isə bildirirlər ki, iş təklif edən şəxslər onsuz da sizi hansısa kateqoriyaya aid edəcəklər. Buna görə də siz əmin olmalısınız ki, onlar sizi düzgün kateqoriyaya aid edirlər. Əgər karyera hədəfinizi qeyd etməyi qərara almısınızsa, görmək istədiyiniz iş barədə mümkün barədə spesifik olun:
  • İnsan Resursları üzrə Menecment,
  • Reklam üzrə assistent (nəşriyyat sahəsində)

     

Əgər sizin iki cür bacarığınız varsa, iki ayrı rezyume hazırlayın və hər birində müxtəlif karyera hədəfləri qeyd edin. Əgər qısamüddətli hədəfləriniz uzunmüddətli hədəflərinizdən fərqlənirsə, onların hər ikisini birgə qeyd edin:

  • Rəhbərlik statusu imkanı olan marketinq vəzifəsi
  • Ofis üzrə administrator olmaq hədəfi olan katiblik

    Əgər geniş və fərqli təcrübələriniz varsa, bu zaman hədəflərinizi göstərməklə bərabər, ən güclü tərəflərinizi vurğulamaqla bacarıqlarınızın qısa xülasəsini də verə bilərsiz. Qısa və sadə söz birləşmələrindən istifadə edin:

 

  • ABŞ-ın Coğrafiyasının tədrisində on il təcrübə
  • 500 nəfər əməkdaşı olan şirkətin ofisinə cavabdeh olan əlaqələr üzrə operator

     

Təhsil
Əgər siz hələ təhsil alırsınızsa, təhsiliniz barədə məlumat ən vacib məqamdır. Beləliklə, təhsiliniz barədə məlumatları detallı şəkildə yazın və “mövzunuza” dayaq olacaq faktları qeyd edin. Ən son təhsilinizdən başlamaqla, hər bir təhsil ocağının adını, yerləşdiyi məkanı, əsas və ikinci dərəcəli ixtisasınızı, təhsiliniz zamanı əldə etdiyiniz mühüm bacarıq və qabiliyyətləri, aldığınız elmi dərəcə və şəhadətnamələri qeyd edin. Sizi axtardığınız iş üçün lazımi bacarıqlarla təmin edən fənlərin siyahısını, əldə etdiyiniz mükafat və fərmanlarınızı rezyumenizə yazın.

Təhsil bölməsində həmçinin biznes, sənaye və hökumət tərəfindən təşkil edilən təlimlər də göstərilir. İştirak etdiyiniz əlaqədar seminar və təlimləri, əldə etdiyiniz şəhadətnamələri və digər sənədləri qeyd edin.

Seçdiyiniz sahədə bir yaxud daha çox il işləmisinizsə, bu zaman rezyumedə təhsil haqqında məlumata daha az yer verilir. Əgər iş təcrübəniz ən güclü keyfiyyətinizdirsə, təhsil bölməsini bundan sonra yerləşdirin və daha az detal qeyd edin.

İş təcrübəsi
Təhsil bölməsində olduğu kimi, iş təcrübəniz haqqında məlumat da diqqəti sizin ümumi hədəfinizə cəlb etməlidir. Keçmiş məsuliyyətləriniz və hazırki hədəfləriniz arasındakı əlaqəni vurğulayın. Əldə etdiyiniz bacarıqları və az məsuliyyətli vəzifələrdən daha məsuliyyətli vəzifələrə doğru peşəkar inkişafınızı göstərin.

İş təcrübənizi təsvir edərkən, ən son iş yerindən başlamaqla onları əks xronoloji ardıcıllıqla sadalayın. Karyera hədəflərinizə aid olmasa belə, bütün yarım-ştat vəzifələri, yay təcrübələrini və digər təcrübələri qeyd edin. İş təklif edən şəxs görəcək ki, siz iş tapmağı və orada qalmağı bacarırsınız, bu da özlüyündə mühüm keyfiyyətdir. Əgər siz təhsil almaqla bərabər işləmisinizsə, bunu belə də qeyd edin. İş təklif edən şəxslər bunu güclü xarakterin göstəricisi kimi qəbul edirlər.

İş təcrübəsi bölməsində çalışdığınız bütün vəzifələr qeyd olunur:

  • İş yerinin adı və yerləşdiyi yer
  • Təşkilat nə işlə məşğuldur (əgər adından məlum deyilsə). Əgər siz hazırkı iş yerinizin adını gizli saxlamaq istəyirsinizsə, şirkəriniz adını deyil, fəaliyyət sahəsini qeyd edə bilərsiz yaxud sirkətin adını yazıb lakin ayrica qeyddə yaxud müraciət məktubunda bunun gizli saxlanmasını xahiş edə bilərsiz.
  • Vəzifənizin adı, məs. katib, satıcı. Əgər sizin vəzifəniz qabyuyan olubsa, bunu olduğu kimi yazın. Vəzifənizin adını şişirtməklə onu daha vacib göstərməyə çalışmayın.
  • İşlədiyiniz müddət – hansı ay/ildən hansı ay/ilə qədər. Hazırki iş yerinizi təsvir edərkən “indiyə qədər” ifadəsindən istifadə edin.
  • Vəzifə və məsuliyyətləriniz.
  • Tutduğunuz vəzifə, işlədiyiniz şirkət və təşkilat və müddət barədə dürüst olun. Hazırda, iş təklif edən şəxslərin çoxu namizədin tərcümeyi-halındakı məlumatı yoxlayır. Ona görə də göstərdiyiniz hər hansı yalnış məlumat gec-tez üzə çıxacaq.
  • Mühüm nailiyyət və töhfələriniz. Hazırki hədəfinizə aid olan işin təsvirinə daha çox yer ayırın. Əgər siz şəxsən nəyəsə cavabdeh olmusunuzsa, bunu mütləq qeyd edin. Mümkün olduğu qədər, nailiyyətlərinizi kəmiyyət şəklində yazmağa çalışın. Məs. “Yeni reklamın hazırlanması nəticəsində satış 9% artmışdır” yaxud “İş saatları cədvəlinin tərtib olunması üçün yeni sistemin planlaşdırılması nəticəsində nəzərəçarpacaq müsbət nəticələr əldə olunmuşdur”.

Aidiyyəti bacarıqlar
Siz tərcümeyi-halınızın karyera hədəflərinizə aid olan digər məqamlarını da rezyumenizə bir bölmə kimi aid edə bilərsiz. Əgər beynəlxalq təşkilatda hər hansı bir vəzifəyə müraciət edirsinizsə, bildiyiniz digər dillər və səyahət təcrübəniz barədə məlumat verə bilərsiz. Digər aidiyyəti bacarıqlar siyahısına kompüter biliklərinizə, mətnlərlə və digər avadanlıqlarla işləmək bacarığınızı aid edə bilərsiz. Əslində, siz bu məlumatları xüsusi bölmə şəklində, “Kompüter Bacarıqları”, “Dil Bacarıqları” başlıqları altında təqdim edə yaxud “Təhsil” və “İş Təcrübəsi” bölmələrində yerləşdirə bilərsiz.

Əgər akademik transkriptiniz, işinizdən nümunələr yaxud zəmanət məktubları işə qəbul olunmaq şansınızı artırırsa, bu zaman rezyumenizin sonunda qeyd edin ki, lazım olduğu təqdirdə siz bu sənədləri təqdim edə bilərsiz. Bir çox potensial iş təklif edən şəxslər üstünlür verirlər ki, istinadlar rezyumenin mətnində qeyd olunsun. Beləliklə, karyera hədəflərinizə aid olan fərqli faktları qeyd edin:

  • Bildiyiniz digər dillər
  • Kompüter bilikləriniz
  • İşə başlaya biləcəyiniz tarix
  • İstinadlarınız

Şəxsi məlumat
Rezyumenizi fərqləndirmək üçün siz oraya maraqlarınız, səyahət təcrübəniz, şəxsi xüsusiyyətləriniz barədə məlumatları aid edə bilərsiniz, ələxsus bu məlumatlar karyera maraqlarınıza aid olan keyfiyyətlərlə əlaqədardırlarsa. Bu bölmə sizin hərtərəfli insan olduğunuzu göstərə bilər və müsahibə zamanı söhbət mövzusu ola bilər. Əgər hərbi xidmətiniz axtardığınız işlə əlaqəlidirsə, bu barədə məlumatı bu bölmədə göstərə bilərsiz. Rezyumenizdə yalnız istədiyiniz işə qəbul olmaqda sizə kömək edəcək məlumatları göstərin.

 

Rezyumenin növləri

Hansı rezyume növünü seçməyiniz güclü tərəflərinizi necə təqdim etmək istəyinizdən asılıdır. Düzgün seçim sizin tərcümeyi-halınızdan və hədəflərinizdən asılıdır. Qəbul olunmuş üç rezyume növü var:

  • Xronoloji rezyume
  • Funksional rezyume
  • Hədəfli rezyume

Xronoloji rezyume
Ən çox istifadə olunan rezyume növü şəxsin iş təcrübəsinin ən sonuncudan başlamaqla əks qaydada sıralandığı xronoloji rezyume. Siz rezyumenizi xronoloji ardıcıllıqla hazırlayırsınızsa, iş təcrübəsi bölməsi rezyumenin əsas hissəsini təşkil edir və ad, ünvan və məqsədlərdən sonra gəlir. Siz bu bölməni hazırlayarkən ən sonuncudan başlamaqla ilk iş təcrübənizə qədər bütün vəzifələrinizi əks ardıcıllıqla sıralayırsınız. Hər bir müddəada ən sonuncu vəzifənizə daha çox diqqət ayırmaqla gördüyünüz işin məzmununu və nailiyyətlərinizi təsvir edirsiniz. Əgər universiteti yenicə bitirmisinizsə, təhsiliniz haqqında məlumatı iş təcrübəsindən əvvəl yerləşdirə bilərsiz. Bununla siz diqqəti təhsildəki uğurlarınıza cəlb edə bilərsiz.

Xronoloji yanaşma rezyume hazırlamağın ən ənənəvi yoludur və bir çox iş təklif edən şəxslər bu rezyume növünə üstünlük verirlər. Əgər sizin zəngin peşəkar tarixçəniz varsa və hazırki karyeranızın üzərində qurulacaq işə müraciət etmisinizsə, bu rezyume növünü seçmək məxsusi olaraq düzgündür.

Funksional rezyume
Funksional rezyume bacarıq və nailiyyətlərin əsasında qurulur və bu müddəalar uyğun iş təcrübəsi və təhsil haqqında məlumat ilə təsdiqlənir. Bu cür yanaşma məxsusi bacarıq sahələrini vurğulayır. Bu cür rezyume əmək bazarına yenicə daxil olan, karyeralarının istiqamətini dəyişən və ardıcıl iş təcrübəsi məhdud olan şəxslər üçün daha uyğundur.

Hədəfli rezyume
Hədəfli rezyume müəəyyən iş təklif edən şəxs üçün həmin işdə nə edə biləcəyininizin ətrafında diqqəti cəmləyən rezyume növüdür. Bu siyahının ardınca sizin nailiyyətlərinizin siyahısı gəlir ki, bu da sizin bacarıqlarınızı təsdiqləyir. Təhsil və iş təcrübəsi ikinci dərəcəli bölmələrdə göstərilir. Bu cür yanaşma nə etmək istədiyi bilən və müəyyən bir sahədə bacarıqlarını göstərə bilən şəxslər üçün uyğundur.

 

Rezyume hazırlamağın qaydaları


Məzmun və Üslub

Rezyumeni müraciət məktubundan əvvəl hazırlayın və müraciət məktubunu rezyumedə sadaladığınız faktların əsasında yazın. Ən güclü keyfiyyətlərinizi əvvəldə təqdim edin. Uzun cümlələrin əvəzinə qısa söz birləşmələrindən və fellərdən istifadə edin. Fikirlərdən deyil, faktlardan istifadə edin. Çoxlu sayda şəxs əvəzliklərindən istifadə etməkdən çəkinin. Arzuladığınız əmək haqqı, iş və məzuniyyət qrafikini göstərməyin.

Əlaqə Saxlamaq üçün Məlumat

Adınızı və ünvanınızı başlıq kimi istifadə edin. Adınızı, ünvanınızı, indeksinizi, iş/universitet və ev telefonunuzu göstərin.

Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi
    Nə etmək istədiyiniz barədə spesifik olun. Əgər bir-birinə aidiyyəti olmayan iki iş bacarırsınızsa, iki ayrı rezyume hazırlayın. Əsas bacarıqlarınızın qısa xülasəsini yazın. Yeni işə başlaya biləcəyiniz ayı, mümkünsə günü qeyd edin.
Təhsil

    Ən sonuncudan başlamaqla bütün aidiyyəti olan təhsil və təlimlərin siyahısını yazın. Orta məktəbdən sonda təhsil aldığınız bütün tədris ocaqlarının adını və yerləşdiyi məkanı, qəbul və məzun olduğunuz tarixi və əldə etdiyiniz elmi dərəcə və şəhadətnaməni qeyd edin. İxtisasınızı qeyd edin. Təhsiliniz zamanın aldığınız qiymətlərin ədədi ortasını qeyd edin. 4 yaxud 5 ballıq sistemdən istifadə edin.
İş təcrübəsi
    Ödənişli, könüllü vəzifələriniz və təcrübələriniz də daxil olmaqla bütün iş təcrübələrinizin siyahısını yazın. Ən sonuncudan başlamaqla bütün yarım və tam ştatlı iş təcrübələrinizi qeyd edin. Hər bir vəzifəyə başladığınız və onu tərk etdiyiniz tarixi qeyd edin. İşlədiyiniz təşkilatın yaxud şirkərin adını və yerləşdiyi yeri qeyd edin. Vəzifənizin adını və gördüyünüş işin qısa xülasəsini qeyd edin. İşdə əldə etdiyiniz nailiyyətləri, məsələn mükafatları yaxud təşkilata vaxta və malliyyə vəsaitlərinə qənaət etməyə imkan verən təkliflərinizi qeyd edin.
Fəaliyyət, Fərman və Mükafatlar
    Bütün aidiyyəti ödənişsiz fəaliyyətləri: rəhbərlik vəzifələrini, mühüm mükafatları, başqaları ilə əməkdaşlıq edə biləcəyinizi təsdiq edən layihələri, yazılı və natiqlik fəaliyyətinizi və təhsil və peşəkar təşkilatlardakı iştirakınızı qeyd edin. Bir çox hallarda dini və siyasi mənsubiyyətizi göstərməkdən çəkinin.
Digər Əlaqədar Faktlar

 

    Sürətli çap etmək bacarığınız və ana dilinizdən əlavə bildiyiniz dilləri qeyd edin. İstifadə edə bildiyiniz və işdə gərəkli ola biləcək cihaz, avadanlıq və kompyuter proqramlarını qeyd edin.
Şəxsi Məlumat

    Mənfi qəbul oluna biləcək yaxud sizə qarşı ayrıseçkiliyə səbəb olacaq şəxsi məlumatları göstərməkdən çəkinin. Əgər yaşınız təcrübənizin az olduğunu yaxud təqaüdə çıxmaq vaxtınızın yaxınlaşdığını göstərirsə, yaşınızı göstərməkdən çəkinin. Əgər lazımdırsa, hərbi xidmətiniz barədə məlumatı iş təcrübəsi yaxud təhsilinizin bir hissəsi kimi göstərin. İşə aidiyyəti olan maraq və hobbilərinizi sadalayın, xüsusilə axtardığınız iş üçün gərəkli ola biləcək idman, ictimai fəaliyyət, səyahət və digər keyfiyyətlər barədə məlumatları göstərin.
İstinadlar

1. Lazım olduğu təqdirdə bacarıqlarınızı təsdiq edə biləcək şəxslərə istinadlar verə biləcəyinizi bildirin. Qohumlarınızın deyil, sizinlə təhsil, işgüzar və peşəkar əlaqələri olan şəxslərin adlarını göstərin. Hər bir istinad etdiyiniz şəxsin adını, vəzifəsini, ünvanını və telefon nömrəsini göstərin. Şəxsin razılığını almadan ona istinad etməyin.

2. Əgər təşkilatınızın yeni iş axtardığınızı bilməsini istəmirsinizsə, hazırki müdriyyətinizə istinad verməyin.

Hazırladılar: Olqa Breqvadze, Aysel Soltanova

Mənbə http://ol-az.blogspot.com/2009/04/cv-nin-rezyumenin-yazlmas-qaydalar.html
Həmçinin bax:
CV nümunəsi
Necə rezüme yazmalı?

CV forması haqqında
Top