Qadınların kişilərdən çox yaşamasına səbəb

Qadınların kişilərdən çox yaşamasına səbəb

Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır. Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır.
Dövlət Statistika Komitəsinin yaydığı son statistikada da görünür ki, qadınlar kişilərdən daha ömür sürürlər. Belə ki, Bakı şəhərində yaşayan 100 yaşını keçmiş 36 nəfərdən 35-i qadın, 1 nəfəri kişidir. 95-99 yaşlı 170 nəfərin isə 52-si kişi, 118-i qadındır. Qadınların kişilərdən çox yaşamasına səbəb
Maraqlıdır ki, qadınların kişilərdən çox yaşamasına səbəb nədir?
Tibbi bilgilərə görə, kişilərin immuniteti qadına nisbətən aşağı olur. Qadın orqanizmi radiasiyaya qarşı 25-30% daha dözümlüdür. Kişi və qadın genetikasının fərqliliyi də nəticədə az rol oynamır. Belə ki, kişilərin orqanizmində onlara çox yaşamağa imkan verməyən genin aşkar edildiyi bildirilir. Bununla da izah olunur ki, qadınlar kişilərlə müqayisədə stresslərə qarşı daha möhkəm və səbirli olur.
Həmçinin, qadınlar kişilərin etdiyi fiziki işdən azaddırlar ki, bu da qadınların ömrünü uzadır.
Psixoloq Elnur Rüstəmov qadınlar və kişilər arasında yaranan yaş həddinin əsas səbəbini xarici deyil, daxili amillərlə bağlı olduğunu deyir. Onun sözlərinə görə, qadınların kişilərdən fərqli olaraq daha emossional olmaları, onları daha uzunömürlü edir.
“Qadınlar streslə rastlaşdıqları an danışaraq və ya ağlayaraq yüngülləşirlər. Və bununla da stresdən uzaqlaşırlar. Kişilərdə isə bu proses tərsinə gedir. Bu cür hallarda kişilər üzləşdiyi problemləri öz içində həll etməyə çalışırlar. Onlar danışmamağa üstünlük verirlər. Hazırda xanımlar üçün ən mühüm olan münasibətdir. Xanımlar istənilən bir şəraitə daha tez bir zamanda adapta olur, nəinki kişilər” – deyə psixoloq bildirib.
Digər bir səbəb isə kişilərin daha çox fiziki işlərdə işləməsidir. Bu amil də onların ömürlərinin qısalmasına səbəb olur. Amma bu fərqin yaranmasını tibbi baxımdan da izah edənlər də var. Çünki, son zamanlar tibbin və təbabətin inkişaf etməsi, xanımların bu yollardan istifadə edərək həm yaşlarını, həm də ömürlərini uzada bilmələrinə şərait yaradır.
Həkim Adil Qeybullanın fikrincə, kişilərdə siqaret çəkmək alkoqol və həddən artıq qida qəbulu qadınlara nisbətən daha çox təsadüf edilir, bu da onlar arasında ölüm hallarına gətirib çıxarır.
“Burada fizioloji amillər də var ki, kişilər arasında ürək damar xəstəliklərinə daha çox rast gəlinir. Bu hormonal faktorla əlaqələndirilir. Yəni qadınlarda olan estrogen hormonu onları ürək problemlərindən daha yaxşı qoruyur, eləcə də estrogen və progesteron hormonları mikrobları məhv edir. Ancaq kişilərdə olan testosteron hormonu bu cür təsirə malik deyil. Qadınların daha çox yaşaması, həm də psixoloji amillərlə də bağlıdır.
Psixoloqların fikrincə, qadınların həddindən artıq emosional olması və işgüzarlığı onların ömürlərinin uzun olmasına kömək edir. Zərif cinsin nümayəndələrinin çox yaşamasının tez-tez ağlamaları ilə əlaqəli olduğu kimi fərziyyələr də var. Qadınlar paylaşmağı sevirlər. Qadınla kişi mübahisə edir, qadın rəfiqəsinə zəng vurub ürəyini boşaldır. Kişi isə bunu içində saxlayır və bu mənfi enerji yeni konfliktlərə, mübahisələrə yol açır”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bəzi ölkələrdə kişi ölümlərinə səbəb olan xəstəliklərin 60 faizi siqaretlə əlaqədardır. Siqaretdən sonra ikinci yeri isə spirtli içkilərdən qaynaqlanan xəstəliklər tutur.
Türkiyəli həkimlər isə bu nəticə ilə bağlı maraqlı araşdırma hazırlayıblar. Nəticələr belədir:
1. Qadınlarda ürək-damar problemləri 70-80 yaşlarda özünü göstərdiyi halda, kişilərdə bu yaş 50-60 yaşlardadır. Həkimlər bunun səbəbini araşdıranda ortaya maraqlı nəticələr çıxıb. Məlum oldu ki, buna səbəb qandakı dəmirin fərqliliyidir. Məhz bu səbəbdən kişilərə daha az qırmızı ətdən istifadə etmələri məsləhət görülür. Çox miqdarda qırmızı ət yeyənlərin yeməyənlərlə müqayisədə infarkt riski daha yüksəkdir.
2. Qadınların uzun yaşama səbəblərindən biri onlarda 2 X xromosomunun olmasıdır. Kişilərdə cəmi bir X və 1 Y xromosomu var. Qadınlar yaşlılıq və xəstəliklərdən, gendəki ikinci X xromosomunun dəstəkləyici təsiri səbəbindən qoruna bilirlər. Kişilər isə bu lüksə sahib deyillər və belə bir seçim edə bilmirlər.
3. Bəzən siqaret və ya spirtli içkidən istifadə etməsinə baxmayaraq, 100 yaşına qədər yaşamış kişilərlə qarşılaşa bilərsiz. Amma bu, çox nadir hallarda olur. Nəyin kimə, nə qədər zərər verəcəyi hələ bilinmir. Bədəndəki uzun yaşam genləri həqiqətən də çox özəldir və 80 yaşadək yaşamağı təmin edə bilir. Amma digər xəstəlik genləri uzun yaşam genlərinizə neqativ yöndə təsir edə bilir. Bu xəstəlikli genlər X xromosomu sayəsində bəzi xəstəliklərə səbəb ola bilir. Sözügedən vəziyyətdə qadınlarda iki X xromosomunun olması üstünlük olduğu halda, kişilərin nəyə görəsə belə bir şansları yoxdur.

Müəllif: Gültəkin Ələsgər
Mənbə:azvision.az
Top