Atlara nal nə üçün lazımdır?

Atlara nal nə üçün lazımdır?

Atlara nə üçün nal vururlar, axı təbiətdəki vəhşi atlar nal olmadan da çox gözəl keçinə bilirlər? 

Atları əhliləşdirmə prosesində onlar öz yaşadıqları şəraitdən uzaqlaşdıqlarına görə dırnaqlarının çox zədələnməsi halları baş verir. Bir tərəfdən, onlar açıqlıqda deyil, tövlədə yaşayırlar. Buna görə də, onlar vəhşi atlardan daha az hərəkət edirlər və dırnaqları daha yumşaq olur. Digər tərəfdən, ev atları ağır fiziki işlər görür — insan və yük daşıyırlar.

Bundan əlavə, onlar daim bərk asfaltda qaçmalı olurlar. Bütün bunlar atın dırnaqlarının yeyilməsinə gətirib çıxarır, dırnaqlar böyüdükdən daha sürətli köhnəlirlər. Vəhşi atlara belə təhlükə yoxdur, çünki onlar açıqlıqda gəzir, öz gedecəkləri yolu özləri seçir və ən yumşaq yerlərdən keçərək maneələri asanlıqla aşırlar. 

Atlarda dırnaqların yeyilməsi ayaq zədələnmələrinə gətirib çıxara bilər. Yaralı ayaqla gəzmək atlar üçün ağrılı olduğundan onlar axsamağa başlayır. Nal atın dırnaqlarını belə travmalardan, zədələnmələrdən qoruyur. Qışda atın sürüşməməsi üçün xüsusi tırtıllı naldan istifadə edirlər.

Nal metaldan (polad, alüminium) hazırlanır və xüsusi mismar vasitəsilə atın dırnaqlarına vurulur. Xeyli müddət əvvəl insanlar at dırnaqlarının aşınmadan qorunmasının lazım olduğunu anladılar.

Birinci dəfə Asiyada, atlara ayaq geyimi hazırlamağa başlanıldı. Atlara dəridən, qamışdan xüsusi «ayaqqabı» hazırladılar. İlk nallar ayaqqabı şəklində olub. Mismar vasitəsilə bərkidilən nalların yaranması bizim eradan əvvəl II əsrə aiddir. 

portal.azertag.az
Top