Simurq quşu nəyin simvoludur?

Simurq quşu nəyin simvoludur?

SimurqSimurq quşu qədim əsatirlərdə Qaf dağında yaşayan böyük bir quş kimi təsvir edilir. Azərbaycan nağıllarında istifadə olunan personajlarından biri də Simurq quşudur.

Rəvayətə görə, Simurq quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırarmış.

Məşhur nağıl qəhrəmanımız olan Məlikməmməd obrazının da əsas yardımçısı məhz Simurq quşu olub. Çətinə düşən Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya çıxardıb. 

Simurq — Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. İnsanları qaranlıqdan işığa çıxaran obraz kimi təsvir edilir.

Bir əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə «həyat ağacının» kökünü gətirib. Simurq quşu bəzi mənbələrdə ilahi gözəlliyin simvolu kimi də təsvir olunur. 

Əttar özünün «Məntiquttəyr» («Quşların dili») kitabında simurq quşu barədə maraqlı hekayə nəql edir: «Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyilə Qaf dağına səfərə çıxırlarlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə quşdan cəmi otuzunun qaldığını görür və onları ruhlandırmaq üçün Simurqun onları həsrətlə gözlədiyini bildirir. Beləcə, dağın başına otuz quş çıxa bilir. Lakin orada Simurqu görə bilməyib təəccüblə şanapipikdən onun harada olduğunu soruşurlar. Şanapipik onlara deyir: „Bir sayınıza nəzər salın, simurq elə özünüzsünüz. Quşlar saylarının doğrudan da otuz olduğunu görürlər.“ (Si-fars dilində otuz, Murq-quş mənasını verir). 

Əttar bu hekayəni yazmaqla əslində, iradəli insanların qarşısına çıxan çətinliklərə sinə gərib hədəfə çatmalarından söz açmaq istəyir.

Şahanə Rəhimli
Top