Al Pacino

Al Pacino

Al Pacino“Mən aktyoram, ulduz yox. Ulduzlar Hollivudda yaşayanlardı.”

Amerika kino və teatr aktyoru Alfredo Ceyms “Al” Paçino (25 aprel 1940) Nyu-Yorkda Manhettendə Roza və Salvador Paçinoların ailəsində doğulmuşdur. Valideynləri ayrılanda 2 yaşı olan Paçino anası ilə birgə nənə və babasının yanına köçürlər. Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur. Dostlarının “Soni” deyə çağırdıqları bu gənc professional beyzbolçu olmaq istəyirdi. Eyni zamanda həmyaşıdları onu başqa adla da çağırırdılar — “Aktyor”.

Alfredo dərslərinə heç cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17 yaşında məktəbdən qovulur. Buna görə anası ilə dalaşandan sonra o evi tərk edir. O çox az bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayır. 10 yaşından artıq siqaret çəkən Alfredo 13 yaşında spitrli içkilər və marixuana qəbul etməyə başlayır. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etmədi, baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarını dəyişmişdilər.
“Nyu York Underground” teatrında çıxışlarından sonra o Hertbert Berqhofun “HB Studio”suna qoşuldu. Burada o gələcək müəllimi və dostu Çarli Lautonla tanış olur. Bu dövrdə Alfredo nə bir işə, nə də bir evə malik idi. Bəzən küçədə, ya teatrda, ya da dostlarının evində gecələməli olurdu.

1966-ci ildə Al Paçino fasilələrlə davam edən uzun çalışmalardan sonra nəhayət ki, “Aktyor Studiyası”nın dinləmələrindən uğurla keçir. Bu, Manhettendə yerləşən professional aktyor, rejissor və dramaturqların toplandığı bir təşkilat idi. Uzun fəaliyyəti dövründə bu təşkilat incəsənətə bir çox məhşurlar bəxş etmişdir. “Aktyor Studiyası”nda Al Paçino daha sonra “Xaç Atası 2”(Godfather II) filmində tərəf müqabili olacaq Li Strasberqin kurslarına yazılır. Al Paçino bu studiyanın və Li Strasberqin öz aktyor həyatında rolunun çox böyük olduğunu demişdir. Hal hazırda Al Paçino Alan Börşteyn və Harvi Keytel ilə “Aktyor Studiyası”nın prezidentidir.

Xac atasıİlk epizodik rolunu “Aktyor studiyası”na qəbul olunduqdan sonra aldı. İlk debütunu isə 1969-cu ildə “Mən, Natali” (Me, Natalie) filmində, ilk böyük rolunu isə 1971-ci ildə Cerri Şatzberqin “Nidle parkda panika”(Panic In Needle Park) filmində narkoman rolunu oynamaqla almışdır. Bu oyunundan sonra Frensis Ford Koppola onu görüb kəşf etmişdi və özünün yeni filmi “Xaç atası”(Godfather)filmində Maykl Korleone roluna dəvət etmişdir. Koppola Robert De Niro, Martin Şin, Ceyms Kaan, Robert Redford və başqa namizədlər arasından Al Paçinonu seçmişdi. Nəticədə bu roluna görə Al Paçino ilk dəfə “Oskar” nominasiyasina namizəd olmuşdu, lakin o tədbiri boykot etmişdi. Buna səbəb isə Marlon Brandonun filmdə ifası az olsa da o ən yaxşı aktyor nominasiyasına, Al Paçino isə ikinci planda ən yaxşı aktyor nominasiyasina layiq görülməsi idi. Paçino mükafatı almadığına görə öz növbəsində Brando da fiquru götürməkdən boyun qaçırdı. 1974-cü ildə Al Paçino yenidən Maykl Korleone rolunda, “Xaç atası” filminin ikinci hissəsində rol aldı. Al Paçino üçüncü dəfə nominasiyaya namizəd oldu, lakin mükafat almadı.

1977-ci ildə Sidni Pollakin “Bobbo Derfild” (Bobby Deerfield) filmi Al Paçinonu  “Qızıl Qlobus”a namizəd göstərsə də o, Riçard Bartona məğlub oldu.
Növbəti film “Qanun hər kəs üçün qanundu”(And Justice For All) dramı oldu. Aktyorun oyunu kino tənqidçiləri tərəfindən tənqidlərə məruz qalsa da onun  dördüncü dəfə “Oskar”a ən yaxşı aktyor nominasiyasında namizədliyi irəli sürüldü, lakin bu dəfə də tale onu Dastin Hoffmana məğlub etdi. Hansı ki, Dastin Hoffmanın rol aldığı bu film, “Kramer Kramerə qarşı” (Kramer vs. Kramer), vaxtilə Al Paçinoya təklif olunsa da o filmdə rol almaqdan imtina etmişdi. 80-cı illərin əvvəllərində aktyorun yaradıcılığında eniş dövrü oldu.

Yalnız 1983-cü ildə o film kariyerasında böyük yer alan bir filmdə oynamağa dəvət aldı. Brayn de Palma onun özünün “Çapıqlı üz” (Scarface) filmində narkobaron Toni Montana rolunu təsdiqlədi. İlk  öncələr film çox tənqidə məruz qalsa da, sonradan ABŞ kinoteatrlarından 45 milyon dollar qazandıra bilmişdi. Zaman keçdikcə Al Paçino bu filmin onun həyatında böyük rol oynadığını təsdiqlədi. Film “Qızıl Qlobus” nominasiyasına namizəd olmuşdu. Paçino bu dövrlərdə artıq teatra üz tutmuşdu və onun kinoya qayıdışı 1989-cu ildə “Sevgi dənizi” (Sea of Love) filmi ilə baş tutdu. 1990-cı ildə altıncı dəfə “Oskar” nominasiyasına Vorren Bittinin “Dik Treysi” (Dick Tracy) filmindəki roluna görə namizəd görülmüşdü. Bu film tamaşaçılar və tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılandı. Elə həmin il “Xaç atası” filminin üçüncü hissəsinə çəkilməklə öz həyatının personajına qayıtdı. İlk iki film kimi bu filmi də uğur gözləyirdi. Lakin çəkiliş  zamanı aktyorların bəziləri çəkilişə qədər artıq layihəni tərk etdiklərindən bir çox çətinliklərlə üzləşdi bu film.

Nəhayət ki, Al Paçino 1992-ci ildə “Qadın ətri” (Scent of a Woman) filmində oynadığı Frenk  Sleyd roluna görə ən yaxşı kişi aktyoru nominasiyasında “Oskar” mükafatını ala bildi.



Elə həmin il “Amerikalılar” (Glengarry Glen Ross) filmindəki ikinci planda ən yaxşı kişi rolu nominasiyasına layiq görüldü və bununla da bir ildə iki nominasiyada oskara layiq görülüb  onlardan birinin laureatı olan kişi aktyoru olmağı bacardı.
1995-ci ildə aktyor rejissor Maykl Mannın “Mübarizə” (Heat) filmində ilk dəfə Robert De Niro ilə tərəf müqabili oldular. Hər iki aktyor “Xaç atası” filmində müxtəlif epizodlarda ikinci dərəcəli rollarla yer almışdılar. “Qadın ətri” (Scent of a Woman)filmindəki roluna görə “Oskar” aldıqdan sonra aktyor bir daha bu mükafata layiq görülmədi. Buna baxmayaraq 2000-ci ildən başlayaraq 3 dəfə “Qızıl Qlobus” mükafatına layiq görüldü. Aktyor həmçinin özünü “Təbii ləkə” ( The Local Stigmatic), “Riçard üçün axtarış” ( Looking for Richard) filmlərində prodüser kimi sınadı.

Növbəti layihə 2004-cü ildə aktyora dördüncü  “Qızıl Qlobus”u qazandırdı. Bu, vəkil rolunu aldığı “Amerika mələkləri” (HBO: Angels in America) miniseriali idi.
20 оktyabr 2006-cı ildə Al Paçino Amerika Kino İncəsənəti İnstitutunun 35-ci qalibi oldu. O həmçinin Stiven Soderberqin Corc Kluni, Bred Pitt, Mett Deymon, Endi Qarsia və bir çox məhşurların rol aldığı “Ouşenin 13 dostu” (Ocean's Thirteen) filminde rol aldı. Film müsbət fikirlər aldı.

Oskarlı aktyorNövbəti layihə Al Paçinonu 13 ildən sonra yenidən Robert De Niro ilə bir yerə gətirdi. Bu dəfə onlar “Ölüm haqqı” (Righteous Kill) filmində seriyalı qatil axtarışına çıxan detektiv rolunu oynadılar. Filmdə həmçinin 50 Cent də rol almışdı. Premyerası 2008-ci ildə baş tutan film tamaşaçılar tərəfindən müsbət rəy almadı.

2010-cu ildə real hadisələrə əsaslanan “Sən Ceki tanımırsan” (You Don't Know Jack) filmində rol almağı aktyora ikinci “Emmi” və beşinci “ Qızıl Qlobus” mükafatını qazandırdı. 2011-ci ildə 70 yaşlı aktyor “Şedevr” filmində baş rolda, Fransız rəssam Anri Matissanın II Dünya Müharibəsi illərində həyatını canlandırması gözlənilir. Gözlənilən filmlərdən biri aktyorun Robert De Niro və Co Peşi ilə bir araya gələcək Martin Skorsezenin “İrlandiyalı” filmidi.
5 sentyabr 2011-ci ildə Al Paçino 68-ci Venesiya Kino Festivalında kino xidmətlərinə görə xüsusi mükafata layiq görüldü.
Üç övlad atası Al Paçino heç vaxt evli olmasa da bir çox aktrisalarla sevgi macərası yaşayıb. Onların sırasında “Xaç atası” filmində tərəf müqabili olan Dayan Kiton da var idi. Onların sevgi macərası trilogiyanın ikinci hissəsinin çəkiliş müddəti qədər davam etdi.

“Vaxt var idi, mən köşklərə "Şou biznes" adlı qəzet paylayırdım. Mənə nə qədər maaş verdikləri heç  vaxt yadımdan çıxmaz: 12 dollar. Onluq və iki kağız dollar. Mən də on iki dənə 1 dollarlıq olsun deyə onluğu dərhal xırdalayırdım. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hami elə fikirləşir ki, səndə pul tonladı.”

Mənbə: «Film Fiction» jurnalı

Top