Almaniyada təhsil sistemi

Almaniyada təhsil sistemi

Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur.  Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.   


Məktəbəqədər təhsil

Almaniyada uşaqların məktəbəqədər təhsili icbari təhsil sisteminə daxil olmadığından məcburi deyil. Yalnız zəif inkişaf etmiş azyaşlı uşaqların təhsili istisnadır. Belə ki, məktəbə yeni gedən uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri qalırsa, o zaman xüsusi məktəbəqədər siniflərdə (vorklassen) və ya məktəbdaxili uşaq bağçalarında (schulkindergarten) birinci sinfə hazırlıq kursu keçir. Uşaq bağçalarının (kindergarten) təqribən 20 faizi dövlətin, qalan 80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin) himayəsindədir. Bundan əlavə, uşaq bağçaları müəssisə və təşkilatlar tərəfindən də yaradıla bilər.

Bağçalara 3 yaşından 6 yaşadək uşaqlar qəbul edilir. Uşaqların bağçalarda saxlanılması xərcləri yerli hakimiyyət orqanları, məktəbəqədər təhsil müəssisəsi və valideynlər tərəfindən ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən, ailə üzvlərinin və ya ailədəki uşaqların sayından asılıdır.  


Orta təhsil  

Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə — əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.

Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.  

Peşə təhsili  
Almaniyada peşə təhsili sahəsində dual sistem geniş yayılıb. Bu sistemin təməlində nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqəsi prinsipi dayanır. Burada tərəflərdən biri peşə məktəbi, digəri isə təlim müəssisəsidir.

Gənclərin təxminən yarısı məktəbdən sonra dual sistem çərçivəsində dövlət tərəfindən tanınmış 350 rəsmi peşədən birinə yiyələnir. Peşə təhsili orta məktəblərdə tədris olunan təhsildən fərqlənir. Peşə təhsilinə yiyələnənlərə həftədə 3-4 gün müəssisələrdə təcrübə keçilir və bir-iki gün isə peşə məktəbində nəzəri biliklər verilir. Təhsil müddəti 2 ildən 3,5 ilə qədərdir.

Texniki peşə təhsili bu məktəblərdə təhsil xərclərini öz üzərinə götürən dövlət və müvafiq müəssisələr tərəfindən şagirdlərə ayrılan pul mükafatları hesabına maliyyələşdirilir. Hazırda 500 mindən çox müəssisə və dövlət xidməti sistemi gənclərin peşə təhsilinə yiyələnmələri ilə məşğuldur. Şagird yerlərinin 80 faizdən çoxunu kiçik və orta şirkətlər təqdim edirlər. Dual sistemin sayəsində Almaniyada peşəsi və ya müəssisələrdə şagirdlik yeri olmayan gənclərin sayı o qədər də çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər arasında bu göstərici cəmi 4,2 faiz təşkil edir. Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi peşəkarların və fəhlələrin yüksək ixtisasa yiyələnmələrini təmin edir. Peşə təhsili usta olmaq imkanı verən karyeranın başlanğıcı hesab edilir. Peşə təhsilinin səviyyəsinin artırılması üzrə həyata keçirilən müxtəlif tədbirlər universitetlərdə magistr dərəcəsi almaq imkanı da yaradır.   

Ali təhsil  
Qloballaşma Almaniyanın elmi və ali təhsili qarşısında yeni tələblər qoyur. Müvafiq islahatlar nəticəsində universitetlər ali təhsil sistemini yeni beynəlxalq tələblərə uyğunlaşdırmağa başlayıblar. Buraya çoxpilləli təhsil sistemi (bakalavr və magistratura), ali təhsilin ödənişli olması, qəbul testləri, universitetlər və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın gücləndirilməsi aid edilə bilər. Bütün bunların sayəsində ali təhsil böyük dəyişikliklərə məruz qalıb.

Almaniyada verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion) daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr dərəcələri (beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.

Almaniyada ali təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki, universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə əsas və ya real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə təsdiqlənmiş təhsil standartlarına uyğunluq, adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir.

Almaniya ali təhsilinin əsas prinsipi «akademik sərbəstlik» sistemidir. Bu sistem hər bir  tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.

Ali təhsilin ilk pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil adətən dörd semestrdir (iki tədris ili) və aralıq imtahanlarının (diplom — vorprüfung, zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, buraxılış imtahanı ilə başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış imtahanı qismində dövlət imtahanı (staatsexamen) verirlər.


Yuxarıda qeyd etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən, peşəkar fəaliyyətə başlayırlar. Magistr (Master) dərəcəsi namizədin verdiyi magistr imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki əlavə ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə verilən sənədin, diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.

Ali təhsilin üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması məqsədilə dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən doktorluq dərəcəsi verilir.

Almaniyada təhsilin ödənişli olması haqqında uzun müddət davam edən müzakirələr (Studiengebühren) nəticəsində təhsil qismən ödənişli olub. 2005-ci ildə Federal Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan götürülüb.

Son illərə qədər Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə kredit də təklif edirlər. Berlin, Branderburq, Meklenburq — Ön Pomeraniya və Şlezviq — Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial semestr ödənişləri (40 avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada əlavə təhsil (Regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də könüllü dinləyicilər (məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb. Bütün bu təhsil məbləğləri isə semestr üçün 800 avro təşkil edir.

Bundan əlavə, dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi sığorta haqqı isə bir semestr üçün 280 avro məğləğində (qiymətlər tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.

Ölkənin özəl təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları il ərzində 4-15 min avroya və daha artıq məbləğə başa gəlir.  

Universitetlər
Qeyd etdiyimiz kimi, hazırda Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Universitetlərin böyük əksəriyyəti dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq bütün tələbələr üçün açıqdır.

Almaniya universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər. Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün ideal şərtlərə malik aspirant proqramları yaradılıb.

Onu da qeyd edək ki, Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext adına Heydelberq Universitetidir. Tələbələrinin sayına görə ölkənin ən böyük  universiteti Lüdviq — Maksimilian adına Münhen Universitetidir ki, burada  44400 tələbə təhsil alır. Ən güclü elmi-tədqiqat potensialına malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki Məktəbidir.

Almaniya universitetləri («vahid elmi tədqiqatlar və tədris» prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır. Ali təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər, hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.

Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda, texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin əsas mərkəzi kimi böyük nüfuza malikdirlər.  Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.

 
Ötən əsrin 60-cı illərinin sonundan ölkədə ixtisaslaşdırılmış universitetlər (İU) inkişaf etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin demək olar ki, üçdə biri peşəkar akademiya adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu cür universitetlərdə təhsil alırlar. Sənətə qısa zamanda yiyələnmək imkanı yaradan ixtisaslaşdırılmış universitetlərdə təhsil müddəti 3 ildir. Ciddi şəkildə təşkil edilmiş təlim kursları və aralıq imtahanlar təhsilin orta müddətini qısaltmaq imkanı yaradır. Lakin bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa düşülməməlidir. Belə ki, ölkənin təqribən 200 ixtisaslaşdırılmış universitetində elmi tədqiqatlar aparılır. Onlar əsasən sənayenin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğundan tətbiqi xarakter daşıyırlar.

Almaniyanın 167 tətbiqi elmlər universiteti (Fachhochschulen) tələbələrə peşə təhsili təklif edir. Bu universitetlərdə tədris kursunun müddəti qısadır və elmi-tədqiqat universitetlərindən fərqli olaraq daha çox praktik yönümlüdür. Həmin universitetlərdə aspirantura yoxdur.
 

Almaniyanın 57 ali incəsənət və musiqi təhsili müəssisəsi yaradıcılıq peşələri (rəssamlıq, qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat, fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil təkilf edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam və musiqiçilər, eləcə də bədii-estetika fənləri üzrə müəllim yetişdirməyə yönəlib.

Son vaxtlar hər bir konkret universitetdə təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi tendensiyası geniş yayılıb. «Die Zeit» qəzeti ilə Ali məktəbin inkişaf mərkəzinin (CHE) birgə hazırladıqları reytinq buna misal ola bilər. Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri Baden-Vyurtemberq, Bavariya, Meklenburq-Şərqi Pomeraniya, Turinqiya və Saksoniya torpaqlarının universitetləri tuturlar.


Ötən əsrin 70-ci illərindən etibarən dövlət və dini universitetlərlə yanaşı, dövlət tərəfindən tanınmış bir sıra özəl universitetlər də fəaliyyətə başlayır. Hazırda Almaniyada 130 özəl ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 10 özəl universitet fəaliyyət göstərir. Bunlara Oestrix-Vinkeldə yerləşən Avropa Biznes Məktəbini, Vitten-Herdekke Özəl Universitetini, eləcə də 12 dini universiteti misal çəkmək olar. Lakin bir çox digər ölkələrdən fərqli olaraq Almaniyada özəl universitetlər böyük nüfuza malik deyillər. Tələbələrin 90 faizdən çoxu dövlət universitetlərində təhsil alır. Buna səbəb dövlət universitetlərinin dövlətin nəzarəti altında fəaliyyət göstərməsi və fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir. Bundan başqa, dövlət universitetləri ali məktəbə daxil olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil haqqında şəhadətnaməyə bərabər tutulan hər hansı bir sənədə) malik hər bir şəxs üçün açıqdır.

Almaniyada 39 aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü" çərçivəsində dövlət tərəfindən dəstəklənirlər. Bu məktəblər 3-illik aspirant proqramları təklif edirlər. Aspirant məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli şəxslər üçün 226 təhsil müəssisəsi (GRK — Almaniya elmi-tədqiqat cəmiyyətinin (DFG) dəstəklədiyi nisbətən dar tematik yönümlü) fəaliyyət göstərir. Bu universitetlərdən 59-u digər ölkədə ali təhsil almış şəxslər (IGK) üçün nəzərdə tutulub. IGK — müxtəlif ölkələrin bir və bir neçə universitetinin alman universitetlərindən biri ilə əməkdaşlıq etməsi deməkdir.

Son zamanlar ölkə üzrə universitetlərə daxil olmaq istəyənlərin sayının çoxluğu bir neçə ixtisas üzrə ali təhsil ocağına qəbula say məhdudiyyəti (Numerus clausus) qoymaq zərurəti yaradıb. 2005-ci ildən etibarən bəzi ixtisaslar üçün «20-20-60» qaydası qüvvəyə minib. Qaydaya əsasən yerlərin 20 faizi ən yüksək bal toplayan və öz istədikləri universiteti seçmək hüququ qazanan abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi gözləmə müddətinə müvafiq olaraq təqdim edilir. Universitetlərdəki yerlərin 60 faizi isə ali məktəblər tərəfindən abituriyentin attestatdakı orta balına və universitetin meyarlarına əsasən bölüşdürülə bilər.


Almaniya ali təhsil almaq istəyən istənilən gənc üçün cəlbedici ölkədir. O, ABŞ və Böyük Britaniyadan sonra əcnəbi tələbələrin ən çox axın etdiyi üçüncü dövlətdir. Bu gün alman universitetlərində 240 min əcnəbi tələbə təhsil alır. Bu, 1995-ci ilin göstəricisi ilə müqayisədə 70 faiz çoxdur. Onların hər dörd nəfərindən biri Almaniyada müvafiq kamillik attestatı alıb. Əcnəbilər üçün universitetlərdə əcnəbi tələbələrlə iş üzrə xüsusi şöbələr (Akademisches Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən 25 min əcnəbi alim Almaniya universitetlərinin əməkdaşıdır.

Öz növbəsində, 85 min alman xarici ölkələrin universitetlərində təhsil alır. Almanlar Niderland, Böyük Britaniya, Avstriya və İsveçrə ali məktəblərinə daha çox maraq göstərirlər.

Dünyada təxminən 3 milyon tələbə xaricdə təhsil alır. Onların 12,2 faizi Almaniyanın payına düşür. Ümumiyyətlə, bu gün Almaniya universitetlərində təxminən 2 milyon gənc təhsil alır.

Almaniyada ali təhsilini yarımçıq qoyanların sayı isə tələbələrin təxminən 23 faizini təşkil edir. Bu, dünyada mövcud olan ən yaxşı göstəricilərdən biridir.  

Elmi tədqiqatlar  
Almaniyada qabaqcıl elmi tədqiqatlar, əsasən elmi tədqiqat institutlarında aparılır. Onlara Helmholts adına Alman Elmi-Tədqiqat Mərkəzləri Cəmiyyəti, Fraunqofer adına Cəmiyyət və ya Qotfrid Vilhelm Leybniç adına Elmi Cəmiyyət kimi təşkilatlar daxildirlər. Məhz universitetdənkənar elmi tədqiqat müəssisələrində aparıcı alimlər dünyada çox az institutların təklif edə biləcəyi optimal iş şəraiti tapa bilirlər. Burada ən məhsuldar alman tədqiqatçıları çalışır, maraqlı elmi nəşrlər işıq üzü görür. Bu xüsusilə Maks Plank adına Cəmiyyətin 77 institutuna aiddir. Cəmiyyət 1948-ci il fevralın 26-da yaradılmışdır. Marsda su axtarışı, insan genomu layihəsi, insan davranışlarının öyrənilməsi kimi məsələlərin araşdırılmasında Maks Plank adına Cəmiyyətin institutları yaxından iştirak edirlər. Yarandığı 1948-ci ildən bu günə qədər cəmiyyətin əməkdaşları 17 Nobel mükafatına və çoxlu sayda digər nüfuzlu beynəlxalq mükafatlara layiq görülüblər.

2007-ci ildə kimya üzrə Nobel mükafatına Maks Plank adına Cəmiyyətin institutlarından birinin direktoru Gerhard Ertl layiq görülüb.

Maks Plank adına Cəmiyyətin cəlbediciliyi onun elmi tədqiqatlara yanaşması ilə əlaqədardır. Onun tərkibinə daxil olan institutlar bütün mövzuları özləri müəyyən edirlər. İş üçün optimal şərait yaratmaqda və əməkdaş seçimində də bu institutlar sərbəstdirlər. Cəmiyyətin institutlarından birinə rəhbərlik etmək alimlər üçün karyeranın ən uca zirvəsi hesab olunur.

Helmholts adına Cəmiyyətin 16 elmi tədqiqat mərkəzi var. Bunların arasında Ağır İonların Öyrənilməsi Cəmiyyəti (GSII) Alman Onkologiya Mərkəzi (DKFZ), Hamburqdakı Alman Elektron Sinxrotron (DESY) və ya Bremerhafendəki Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatı institutlarının adlarını çəkmək olar. Bu cəmiyyət Almaniyanın ən iri elmi təşkilatıdır. İllik büdcəsi təxminən 2,8 milyard avro olan cəmiyyətdə 28 min əməkdaş çalışır. Cəmiyyətin institutları energetika, torpaq haqqında elmlər, ekologiya, səhiyyə, əsas texnologiyalar, maddənin strukturu, eləcə də nəqliyyat və kosmos sahələri ilə məşğuldurlar. Hər il minlərlə əcnəbi alim fiziki və tibbi sınaqlar aparmaq, dünyada ən nadir qurğulardan istifadə etmək məqsədilə Helmholts adına Cəmiyyətin institutlarına gəlirlər.

Fraunqofer adına Cəmiyyətin institutları isə sənaye ilə sıx əməkdaşlığa üstünlük verirlər. Cəmiyyətin 80-dən çox elmi tədqiqat müəssisəsi tətbiqi tədqiqatlarla, əsasən də mühəndislik elmləri ilə məşğuldur. Cəmiyyətin mütəxəssisləri sifarişləri əsasən kiçik və orta müəssisələrdən aldıqları üçün laboratoriyalarla yanaşı, zavod sexlərində də çalışırlar. Cəmiyyətdəki elmi tədqiqat işlərinin illik həcminin dəyəri 1,5 milyard avro təşkil edir. Fraunqofer adına Cəmiyyətin Avropa ölkələrində, ABŞ, Asiya və Yaxın Şərqdə filialları var.


Leybniç adına Elmi Cəmiyyətin 86 institutu yalnız həyat və təbiət elmləri sahəsində deyil, həmçinin humanitar, ictimai və iqtisadi elmlər sahəsində də ixtisaslaşıb. Cəmiyyətin institutlarında 14 min nəfər çalışır. İllik büdcəsi bir milyard avrodan çoxdur.

Elmi tədqiqatlar innovasiyalar üçün mühüm açardır. İnnovasiyalar isə iqtisadi artımın təkanverici gücüdür. Bunu nəzərə alan federal hökumət məqsədyönlü yardım ilə elmi və elmi tədqiqatları daha irəli aparmaq istəyir. Bu məqsədlə 2010-2013-cü illər ərzində təhsil və elmi tədqiqatlar sahəsinə xərclərin ümumilikdə, 12 milyard avro artırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu istiqamətdə əsas hədəf 2015-ci ildən gec olmayaraq ümumi daxili məhsulun 10 faizinin bu sahəyə yönəldilməsinə nail olmaqdır. 

Beynəlxalq elmi əməkdaşlıq
Almaniyada elmin beynəlmiləlləşdirilməsi sahəsində əldə edilmiş uğur universitetlərin, elmi-tədqiqat müəssisələrinin və siyasətçilərin birgə səylərinin məhsuludur. Dəstək məqsədyönlü layihələrin, təqaüdlərin və həvəsləndirici mükafatların yardımı ilə beynəlxalq tələbə, aspirant və alim mübadiləsinə göstərilir. Bu tədbirlər təhsildə nailiyyətlərin artırılması və əcnəbi tələbələrin sosial inteqrasiyası üzrə proqramlarla daha da möhkəmləndirilir. Almaniya universitetləri böyük uğurla dünyanın hər yerindən tələbə və gənc alimləri cəlb edirlər. Bu işdə xaricdəki alman məktəbi sistemi və alman universitetlərinin xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığı mühüm rol oynayır. Bu qəbildən olan təşəbbüslərin reallaşmasında dünya üzrə tələbə və alim mübadiləsinə dəstək olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti də danılmazdır. DAAD-ın 100-dən çox ölkədə nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər Cəmiyyəti fəaliyyət göstərir. Bu qurum həmçinin alman universitetlərində yüzlərlə xarici dil (əsasən ingilis) kurslarının açılmasında iştirak edir.

Aleksandr Humbolt adına Fond da beynəlxalq elmi əməkdaşlığa yardım göstərən əsas təşkilatlardan biridir. 2009-cu ildən başlanılan «xarici elmi siyasət sahəsində təşəbbüs» sayəsində federal xarici işlər nazirliyi elmi mübadilə üzrə mövcud vasitələri möhkəmləndirir və yeni tədbirlər hesabına onları genişləndirir. Xaricdə yaradılmış Almaniya Elm və İnnovasiya Evləri isə alman elminin inkişafına daha əlverişli şərait yaradır.

Almaniya universitetlərinin dəstəyi ilə xaricdə tərəfdaş müəssisələrlə birgə nümunəvi elmi tədqiqatlar və təlim mərkəzləri yaradılır. Bundan əlavə, əcnəbi tələbələrə təqaüdlərin verilməsi üzrə təkliflər artır və dünyada alman dilinin öyrənilməsi üçün yaxşı şərait yaradılır. 

Almaniyanın Nobel mükafatı laureatları  
Almaniyanın 80 Nobel mükafatı laureatından 68-i bu mükafatı təbiət elmləri və tibb sahəsindəki xidmətlərinə görə alıb. Fizika sahəsində ilk Nobel mükafatına Konrad Rentgen "şüalanmanın yeni növünə görə" layiq görülüb. Növbəti laureatlar Robert Kox, Maks Plank, Albert Eynşteyn və Verner Heyzenberq olublar. Bu ən yüksək elmi mükafatı alan sonuncu alman alimləri isə Kristiane Nüssleyn — Volhard, Harald zur Hausen (tibb sahəsi üzrə),  Horst Ştörmer, Herbert Kremer, Volfqanq Ketterle, Teodor Henş, Peter Grünberq (fizika sahəsi üzrə) və Gerhard Ertldir (kimya sahəsi üzrə). 

Təqaüd proqramları  
Almaniyada təqaüd proqramları alman və ingilis dillərini yaxşı bilən istedadlı tələbələrə, aspirantlara və müəllimlərə təqdim olunur. Təqaüdlər əsasən Alman Akademik Mübadilə Xidməti (DAAD), həmçinin siyasi partiyalar, kilsə, iri şirkətlər və ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən müxtəlif ictimai fondların xətti ilə verilir.

DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını birləşdirir. Bu qurum Almaniyanın xarici mədəniyyət, ali təhsil və elm üzrə siyasətinin təşkilində bir vasitəçidir. Xidmətin xarici dövlətlərdə 14 nümayəndəliyi və dünya üzrə 48 məlumat mərkəzi fəaliyyət göstərir. DAAD ildə 55 mindən çox təqaüd ayırır.

DAAD-la Azərbaycan Republikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən son illər azərbaycanlı tələbə, magistr və doktorantların (aspirantların) Almaniyada təhsil alması üçün geniş imkanlar yaranıb. Bu proqram çərçivəsində namizədin akademik səviyyəsindən asılı olaraq onlar alman universitetlərindən bakalavr, magistr və ya PhD dərəcəsi alırlar. Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət elmləri, sosial və humanitar elmlər, biznes və iqtisadiyyat, kompüter və informasiya elmləri, hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı, ekologiya və turizm sahələrinin tələbələri iştirak edə bilərlər.

ERP-nin (Avropa Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı tələbələr üçün nəzərdə tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat və müəssisə idarəçiliyi sahələri üzrə üçüncü kurs tələbələri iki semestr (10 ay) ərzində Almaniyanın dövlət universitetlərində təhsil almaq imkanı əldə edirlər. Almaniyada müəssisələrin birində təcrübənin keçirilməsi proqramın mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə əsasən şəxsin yaş həddi 32-dən yuxarı olmamalı və o, alman dilini yaxşı bilməlidir.

Almaniyanın müxtəlif siyasi partiyalarına yaxın fondların təqaüd proqramları da yetərincədir. Əsasən, Adenauer adına Fond (Konrad-Adenauer-Stiftung) magistratura təhsili və Almaniyada elmi tədqiqatların aparılması istiqamətində təqaüdlər ayırır.

1860-cı ildə təsis olunmuş Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər arasında elmi əməkdaşlığın yaradılmasına yardım edir. O, hər il 1900-dən çox əcnəbi alimin elmi məqsədlərlə Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik keçmiş təqaüdçülərin dünya şəbəkəsini dəstəkləyir. Onların arasında 130 ölkədən 43 Nobel mükafatı laureatı da var.

Daha bir nüfuzlu yardım proqramını Beynəlxalq Maks Plank Tədqiqat Məktəbləri (International Max Planck Research Schools — IMPRS) təqdim edirlər. Onlar savadlı alman və əcnəbi tələbələr üçün nəzərdə tutulub. IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar üçün gözəl şərait yaradır. IMPRS çərçivəsində elmi tədqiqatlarla təxminən 2100 aspirant məşğul olur. Onların əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil edir. Bu proqramın təqaüdçüləri namizədlik dissertasiyasını Almaniya universitetlərindən birində və ya öz ölkəsindəki universitetdə müdafiə edə bilərlər.

İstənilən təqaüdün alınması üçün adətən standart sənədlər paketi tələb olunur. Buraya müraciət anketi, qısa tərcümeyi-hal, diplomun, orta təhsil haqqında attestatın surəti, iki və daha artıq xasiyyətnamə və dil kurslarından alman dilinin öyrənilməsi barədə arayış daxildir. Bəzi hallarda sağlamlıq haqqında arayış, aspirantlar üçün elmi nəşrlərin siyahısı, alman professorun elmi rəhbər olmasına namizədin razılığı, Almaniyada təhsilin zəruriliyinin ətraflı əks olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi də tələb edilə bilər. 

Azərbaycanlı tələbələrin Almaniyada təhsili
Sevindirici haldır ki, universitetlərinə dünyanın bütün ölkələrdən böyük  axın olan Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, 1998-2010-cu illərdə Alman Akademik Mübadilə Xidmətinin xətti ilə 800-dən çox həmvətənimiz bu ölkənin ali məktəblərinə göndərilib. Onu da qeyd edək ki, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində isə 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədir. 

Hazırladı: Leyla Heydərova 

Yazı Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin təqdim etdiyi rəsmi materiallar əsasında hazırlanıb.

Top