York Universiteti

York Universiteti

York Universiteti (University of York) İngiltərənin York şəhərində yerləşir və ölkənin müasir elmi-tədqiqat mərkəzlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, York Universiteti 100 ən yaxşı ali məktəb arasında 70-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, York Universiteti 81-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 88-ci yerdə qərarlaşıb. York Universiteti Avropa Universitetləri Assosiasiyasının, Ağ Qızılgül Universitet Konsorsiumunun, Ümumdünya Universitetlər Şəbəkəsinin və Böyük Britaniyanın 19  universitetindən ibarət olan "Qrup-1994"ün üzvüdür.

Tarixi1617-ci ildə Kral I Ceymsə York Universitetinin yaradılması təklifi ilə müraciət olunsa da, bu məsələ 1960-cı ilədək həll edilməmiş qalır. Bu ildən sonra isə universitetin yaradılması məsələsi yenidən müzakirə olunur. Beləliklə, 1963-cü ilin oktyabrında Kral Malikanəsindəki Heslinqton Holl binasında 28 müəllim və 230 tələbə ilə York Universiteti fəaliyyətə başlayır. Universitetin yaradılması və inkişafında bu ali məktəbin ilk kansleri Baron Ceyms Raşemin böyük rolu olur.İlk dövrdə universitet 3 binada fəaliyyət göstərir. Bir il sonra York Universiteti ərazisinin genişləndirilməsi işinə başlayır. Universitetin əsas binası olan Heslinqton Hollun yaxınlığındakı bataqlıq ərazidə bu ali məktəbin mərkəzi hissəsi - Heslinqton kampusu tikilir. Kampusda landşaft parkı, süni göl, örtülü keçidlər və s. istifadəyə verilir.1965-ci ildə York Universitetinin Deruent və Lanqvit kollecləri açılır. 3 il sonra ali məktəbin daha iki kolleci - Vanbraf və Qudrik yaradılır. 1969-cu il Alkuin Kollecinin fəaliyyətə başlaması ilə yadda qalır. 1972-ci ildə Ventvort, 1992-ci ildə Ceyms, 2003-cü ildə isə Qalifaks kollecləri istifadəyə verilir.

XX əsrin sonlarına qədər York Universitetində 8 kollec, 3 laboratoriya, akt zalı, JB Morrell kitabxanası, idman kompleksi, Cek Layons konsert zalı fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbələrin sayı isə 2500-ə qədər artır.Büdcəsi və təhsil haqqı2009-2010-cu tədris ilində York Universitetinin illik gəlirləri 242880000 funt-sterlinq olub. Həmin vəsaitin 64155000-i maliyyə şurası qrantları, 71406000-i təhsil haqqı və təhsil sazişləri, 57429000-i tədqiqat qrantları və sazişləri, qalanlarını isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. Bu tədris ilində ali məktəbin ümumi xərcləri 237035000 funt-sterlinq olub. Həmin məbləğin 138424000-i əməkdaşların əməkhaqqı, 14993000-i amortizasiya, qalanlarını isə digər xərclər təşkil edib.2010-2011-ci tədris ilində York Universitetində yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələrin bakalavr pilləsində illik təhsil haqqı 3290-3375 funt-sterlinqdir. Bu ölkələrdən olan tələbələr tibb bacısı ixtisası üzrə təhsil haqqından azad olunurlar. Bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin təhsil haqqı təhsil proqramından asılı olaraq, 12000-15000 funt-sterlinq arasında dəyişir. Universitetdə magistr, PhD səviyyələri üzrə yerli və Avropa Şurası ölkələrindən olanlar üçün təhsil haqqı 3732-4200, əcnəbi tələbələr üçün isə 15000-15600 funt-sterlinq arasındadır. Burada təhsil haqqı ildən-ilə artır.Hall-York Tibb Məktəbində yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələrin təhsil haqqı 3375, əcnəbi tələbələrin təhsil haqqı isə 23268 funt-sterlinqdir. 
Məktəbdə magistr, PhD səviyyələri üzrə yerli və Avropa Şurası ölkələrindən olanlar üçün təhsil haqqı 3440, əcnəbilər üçün isə 14300 funt-sterlinq təşkil edir.York Universitetində tələbələrə müxtəlif təqaüdlər və təhsil haqqını ödəməkdə köməklik etmək məqsədi ilə kreditlər təklif olunur. Təqaüd tələbəyə təhsildə, idman və digər sahələrdə göstərdiyi yüksək nəticələrə görə, eləcə də maddi vəziyyəti çətin olan tələbələrə verilir. Bu ali məktəbdə əcnəbi tələbələr üçün əsas üç təqaüd - SOS (Scholarship for Overseas Students), ORS (Overseas Research Scholarship), eləcə də magistr və doktorantlar üçün OCS (Overseas Continuation Scholarship) təqaüdləri mövcuddur. Bu təqaüdlərin məbləği ildə 5000 funt-sterlinqdir. Həmçinin əcnəbi tələbələr üçün universitetdə müxtəlif məbləğli Fulbrayt, Çivninq, York Marşall, Ümumdünya Tədqiqatları və s. təqaüdlər təklif olunur. Hər hansı bir təqaüdü almaq istəyən tələbə universitetə ərizə ilə müraciət etməlidir.York Universitetində yataqxanaların qiyməti digər universitetlərin yataqxanalarına nisbətən daha ucuzdur. Qeyd edək ki, 8000-9800 funt-sterlinq məbləğlə universitet yataqxanalarında bir il ərzində qalmaq, qidalanmaq, sığortalanmaq, kommunal xərcləri ödəmək, eləcə də kitab və geyim almaq mümkündür.

Universitet bu gün

York Universitetinin Heslinqton kampusu York şəhərinin şərqində yerləşir və York Elmi Parkı, Milli Elmi Tədris Mərkəzini əhatə edir. 1964-cü ildə Heslinqton kampusunun tikintisi ilə əlaqədar  buradakı bataqlıq ərazilər qurudulur, süni göl yaradılır, geniş sahə yaşıllaşdırılır və ümumilikdə quruculuq işləri həyata keçirilir. Memar Endrü Derbşir tərəfindən tələbə şəhərciyində orijinal binalar tikilir. Binalar bir-biri ilə körpü və xiyabanlarla birləşdirilir.Kampusdakı səkkizgüşəli bina iclas və imtahanlar, müxtəlif tədbirlər, teatr və konsertlər keçirmək üçün nəzərdə tutulub. Bu binada Ueylers, Corc Melli, Soft Meçin, Pink Floyd, Pol Makkartni kimi məşhur şəxslər çıxış edib. 1985-ci ildə "Bumtaun Rats" pop qrupunun burada çıxışı zamanı binanın orkestr çuxurunun örtüyü zədələnir. Bu səbəbdən zalda pop musiqi və rəqslərinin nümayişi qadağan olunur. Hazırda həmin zalda klassik musiqi konsertləri keçirilir.Heslinqton kampusunda Cek Layons konsert zalı, Artur Sayks Raymer auditoriyası yerləşir. Kampusun ərazisindəki Raymod Berton kitabxanasının binası fərqli dizayna malikdir və bu səbəbdən də bir sıra mükafatlara layiq görülüb. Hazırda universitet bu kampusun genişlənməsi üzrə yeni tikinti-quruculuq işləri aparır. Heslinqtonun şərqində Şərqi Heslinqton kampusunun yaradılması məqsədi ilə böyük bir ərazi təmizlənib və yeni tikintilər üçün hazır vəziyyətə gətirilib. Universitet həmin ərazidə meşə salmağı, bataqlıqları qurutmağı, nəqliyyat yolları çəkməyi, yeni tikililər ucaltmağı, Əczaçılıq, Stomatologiya və s. departamentləri açmağı planlaşdırır. Hazırkı Heslinqton kampusunun isə Qərbi Heslinqton adlandırılması nəzərdə tutulur.Kampusun ərazisində süni göl yerləşir və bu, Avropanın ən böyük plastik dibli gölüdür. Həmin ərazidə vəhşi və yarımvəhşi su quşları, müxtəlif canlılar məskunlaşıb. Göl quş qoruğu hesab olunur. 
Qoruqda Kanada, Barnakl, boz, ağ və digər ördəklər, qara və ağ qu quşları, müxtəlif növ balıqlar saxlanılır. Göldə yalnız lisenziyası olan ovçulara mövsümdən asılı olaraq balıq ovuna icazə verilir. Kampusun digər hissəsində dovşanlar yaşayır. Dovşanları ovlamaq qadağandır və onlar xüsusi şəraitdə bəslənir. Heslinqton kampusunda qapalı və açıq idman kompleksləri, hovuz və s. yerləşir.Kampusdan 5 km aralıda yerləşən tarixi Kral Malikanəsində York Universitetinin Memarlıq, Tarix departamentləri, Orta əsrlər və XVIII əsr tədqiqatları bölməsi, bir sıra incəsənət mərkəzləri yerləşir. Malikanənin yaxınlığındakı Dekan parkında böyük miqdarda nadir kitabların saxlandığı Minster kitabxanası yerləşir.York Universitetinin nəzdində 8 kollec (Lanqvit, Deruent, Alkuin, Vanbraf, Qudrik, Uenvort, Ceyms, Qalifaks kollecləri), 23 departament (Arxeologiya, Biologiya, Kimya, Kompüter elmləri, İqtisadiyyat və əlaqəli elmlər, Təhsil tədqiqatları, Elektronika, İngilis dili və ədəbiyyatı, Ətraf mühit, Sağlamlıq elmləri (Tibb bacısı), Tarix, İncəsənət tarixi, Dil və linqvistika elmləri, Hüquq, Riyaziyyat, Fizika, Musiqi, Fəlsəfə, Psixologiya, Siyasət, Sosial siyasət və sosial fəaliyyət, Sosiologiya, Teatr, kino və televiziya departamentləri), 3 məktəb (York İdarəetmə, Hall-York Tibb, Siyasət, İqtisadiyyat və Fəlsəfə məktəbləri) fəaliyyət göstərir.
Departament və məktəblər kolleclərin binalarında, Kral Malikanəsində və ya Heslinqton kampusunda xüsusi binada yerləşir. York Universiteti kollegial sistemə malikdir - universitetin tələbələri kolleclərdə məskunlaşır və təhsil müəssisəsini bitirənədək burada qalırlar.Lanqvit universitetin birinci yaradılan kolleclərindən biridir və 1965-ci ildə fəaliyyətə başlayıb. Bu kollecdə Təhsil tədqiqatları, İngilis dili və ədəbiyyatı departamentləri yerləşir. Kollecin xüsusi Rəsm, Norman Ri qalereyaları mövcuddur. Burada mütəmadi olaraq sərgilər təşkil olunur, açıq havada şahmat oyunları və s. keçirilir. Kollec tələbələrin məskunlaşdığı A, B, C, D, E, F bloklarından ibarətdir və burada 500-ə yaxın tələbə qalır.Deruent Kolleci 1965-ci ildən fəaliyyət göstərir. Kollecdə Siyasət departamenti, Siyasət, İqtisadiyyat və Fəlsəfə Məktəbi mövcuddur. Kollec burada oxuyan bütün bakalavr, magistr və doktorantları yerləşdirmək imkanına malikdir. Deruent Kolleci təşkil etdiyi müxtəlif tədbirləri və festivalları ilə seçilir.Alkuin Kolleci 1967-ci ildə yaradılıb. Bu kollecdə İqtisadiyyat və əlaqəli elmlər, Sosial fəaliyyət və sosial siyasət, Sağlamlıq elmləri departamentləri, Hall-York Tibb Məktəbi mövcuddur.  Kollecin yataqxana otaqları duş, İnternet, telefon birləşməsi, camaşırxana ilə təchiz olunub. Kollec Heslinqton kampusunun şimal hissəsində yerləşir.Vanbraf Kolleci 1967-ci ildə fəaliyyətə başlayıb və York Universitetinin incəsənət yönümlü kollecidir. Kollecdə Tarix, İncəsənət tarixi,  Dil və linqvistika elmləri, Musiqi departamentləri yerləşir. Kollecdə tələbələr sərbəst yataqxana seçimi imkanına malikdir və hazırda burada kollecin 1700-dən çox tələbə və  əməkdaşı məskunlaşıb.Qudrik Kolleci 1968-ci ildə açılıb və Heslinqton kampusunun şərqində yerləşir. Kollecin ərazisi və binaları özünəməxsusluğu, gözəlliyi ilə seçilir. Riyaziyyat departamenti də bu kollecdə fəaliyyət göstərir. 700-ə yaxın tələbənin qaldığı bu kollecdə tələbələr üçün yüksək yaşayış şəraiti yaradılıb.1972-ci ildən açılmış Uenvort Kollecinin bir sıra binaları 2002-ci ildə istifadəyə verilib. Burada Sosiologiya, Psixologiya, Fəlsəfə departamentləri fəaliyyət göstərir. Kollecdə 600-ə yaxın tələbə (magistr və doktorant) yaşayır. Onların 75%-ni əcnəbilər təşkil edir. Kollecdə magistr və doktorantların, eləcə də tədqiqatçı və əməkdaşların elmi işlər aparmaları, həmçinin rahat yaşamaları üçün ən müasir şərait mövcuddur.Ceyms  Kolleci 1992-ci ildən fəaliyyət göstərir. Kollec 12 blokdan ibarətdir və ümumilikdə burada 1500-ə yaxın tələbə qalır. Gölün yaxınlığında yerləşən bu kollecdə tələbələrə rahat və müasir şəraitə malik otaqlar, mükəmməl xidmət təklif olunur.Qalifaks York Universitetinin ən son yaradılmış (rəsmi açılışı-2003-cü ilə təsadüf edir) və ən böyük kollecidir. Kollec burada məskunlaşan əcnəbi magistr və doktorantların, tədqiqatçıların çoxluğu, idman yönümlülüyü ilə seçilir. Kollecdə yataqxanalar evlərdən və mənzillərdn ibarətdir, bu da tələbə kəndi təsəvvürü yaradır. Qalifaks Kollecində 970 tələbə məskunlaşıb.
York Universitetinin kansleri BBC-nin sabiq baş direktoru, York Universitetinin fəxri doktoru Qreq Daykdır. O bu vəzifəyə 2004-cü ilin avqustundan təyin edilib və universitetin beşinci kansleridir. Ali məktəbin beşinci vitse-kansleri isə 2002-ci ildən bu vəzifəni daşıyan professor Brayan Kantordur. Universitetdə ümumilikdə 3331 nəfər işçi çalışır. Əməkdaşların 1214 nəfərini professor-müəllim, qalanlarını isə inzibati heyət təşkil edir.Universitetdə təhsil alan tələbələrin ümumi sayı 14074 nəfərdir. Onların 10000-ə qədəri bakalavr, 4000-dən çoxu isə magistr və doktorantlardır. Burada dünyanın bir çox ölkələrindən çoxlu sayda əcnəbi tələbə təhsil alır."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində York Universitetində azərbaycanlı gənclər də oxuyur. Onlardan Pəhlivan Elnur oğlu Rəsulov beynəlxalq münasibətlər, Nərmin Qasım qızı Seyidova hüquqşünaslıq, Ramin Rəhman oğlu Həkimov siyasət və beynəlxalq münasibətlər, Orxan Əli oğlu Rüstəmov və Aqşin Akim oğlu Bədəlov riyazi iqtisadiyyat və maliyyə ixtisasları üzrə bu ali məktəbin bakalavr səviyyəsində təhsil alırlar. 2009-2010-cu tədris ilində Səbuhi Akim oğlu Rzayev dövlət idarəçiliyi və dövlət siyasəti, Mahir Həmid oğlu Məmmədov beynəlxalq biznes və strateji idarəetmə, Rafael Rafiq oğlu Gülmalıyev iqtisadiyyat, Emin Zakir oğlu Zeynalov iqtisadiyyat və maliyyə ixtisasları üzrə magistratura səviyyəsinin məzunları olublar.
York Universitetinin Tələbə Təşkilatı tələbələrin nümayəndəlik orqanıdır. Ali məktəbdə təhsil alan bütün tələbələr bu təşkilatın üzvü hesab olunur. Tələbə Təşkilatının əsas məqsədi burada təhsil alan gənclərin sosial həyatının yaxşılaşdırılması, onların asudə vaxtlarını və əyləncələrini səmərəli təşkil etməkdir.Ali məktəbin Tələbə Kinostudiyası 1960-cı illərdən, Tələbə Televiziyası isə 1967-ci ildən fəaliyyət göstərir və İngiltərənin ən qədim tələbə televiziya stansiyasıdır. Universitetin Radiostansiyası Böyük Britaniyanın ən qədim müstəqil radiostansiyasıdır və 2005-ci ildə "Ən yaxşı  radiostansiya" mükafatına layiq görülüb. "Nouse" tələbə qəzeti universitetdə 1964-cü ildən fəaliyyət göstərir və 2009-cu ildə "Ən yaxşı tələbə KİV-i" adını, eləcə də müxtəlif mükafatlar qazanıb. Universitetin "The Lemon Press" satirik jurnalı 2009-cu ildən dərc edilir. Jurnal tez bir zamanda onlayn və çap formatlarda populyarlıq qazanır. "Yorker" veb-saytında universitet haqqında məlumatlar, xəbərlər, şəkillər və s. yayımlanır. 2005-ci ildən ali məktəbdə "The Zahir" mədəni-fəlsəfi jurnal çap olunur.Hər yay York və Lankaster universitetləri "Qızılgül turniri" adı altında idman yarışları keçirirlər. Bir çox idman klubunda futbol, xokkey, ekstremal və s. idman növləri üzrə yarışlar təşkil olunur. York Universiteti başqa ali təhsil müəssisələri ilə birgə siyasi, mədəni, ekoloji, etik və s. mövzularda turnirlər, diskussiyalar keçirir.Ötən il York Universiteti "Times-High Education" jurnalı tərəfindən "2010-cu ilin universiteti" adı alıb.  Mükafatı təqdim edən komitə bildirib ki, universitet təkcə yüksək əhəmiyyətli akademik və elmi kəşflərini deyil, sosial sahə üzrə əldə etdiyi nailiyyətləri də nümayiş etdirib. Universitet kampusunun birinci mərhələ üzrə planlaşdırılmış vaxtda və ayrılmış 500 milyon funt-sterlinq çərçivəsində genişlənməsi, malyariya xəstəliyi ilə mübarizədə göstərdiyi mühüm xidmətlər, 3 il dalbadal Kraliça mükafatına layiq görülməsi də ali məktəbin əsas nailiyyətləri kimi qeyd olunub. Bütün bunlarla yanaşı, York Universiteti incəsənət və humanitar sahələrin inkişafı məqsədi ilə Humanitar Tədqiqat Mərkəzi və  Effektiv Təhsil İnstitutunun yaradılması üçün 11 milyon funt-sterlinq ayırıb.York Universitetinin missiyası professional bacarıq və ictimai dəyərlərə malik gələcək liderlər nəsli yetişdirməkdir. İngiltərənin qədim ərazisi olan Yorkşirin zəngin mühiti əsasında tələbə və müəllimlərin şəxsi, intellektual və peşəkar yüksəlişi üçün bu ali məktəb müstəsna imkanlar yaradır. Universitetin "Müdrikliyin kandarında" sözlərindən ibarət olan şüarını doğrultmaq məqsədi ilə burada tədris və tədqiqat sahəsində ən yeni texnologiyalardan istifadə edilir.Universitetin məşhur məzunları

Yerləşir: Böyük Britaniya, İngiltərə, York şəhəri
Yaranma tarixi: 1963-cü il
Tipi: Dövlət
İşçi heyətinin sayı: 3331 nəfər
Tələbələrin ümumi sayı: 14074 nəfər
İllik gəlirləri: 242880000 funt-sterlinq
İllik xərcləri: 237035000 funt-sterlinq
Rəsmi saytı: www.york.ac.uk
Anibal Kavaku Silva Portuqaliyanın 21-ci prezidenti
Han Seunq-Soo Cənubi Koreyanın 39-cu baş naziri
Mühəmməd Hənif Atmar Əfqanıstanın daxili işlər naziri
Kolvill Norbert Younq Mərkəzi Amerikada yerləşən Beliz dövlətinin general-qubernatoru
Qreq Dayk BBC-nin sabiq direktoru, York Universitetinin kansleri
Edvard Ekton Şərqi Anqlia Universitetinin vitse-kansleri
Con Uiterou "Sunday Times" qəzetinin baş redaktoru
Mett Karter Leyboristlər partiyasının baş katibi
Hyu Beyli Cənubi-Afrika tədqiqatçısı
Helen Bell İngiltərə bəstəkarı və musiqiçisi
Kerol Bromli İngiltərə şairi

Hazırladı:
Lamiyə ƏLİYEVA

Top