Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.
Yerləşir: |
Böyük Britaniya, Edinburq şəhəri |
Yaranma tarixi: |
1582-ci il |
Tipi: |
Dövlət |
İllik gəlirləri: |
592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına bərabərdir) |
İşçi heyəti: |
6983 nəfər |
Tələbələrin sayı: |
26138 nəfər |
Rəsmi saytı: |
www.ed.ac.uk. |
Tarixi
Edinburq Universitetinin yaranması şotlandiyalı yepiskop Robert Reydin adı ilə bağlıdır. 1558-ci ildə R. Reyd vəfat edir. O, vəsiyyətnaməsində universitet yaratmaq məqsədilə fond təchiz edilməsini qeyd edir və bütün var-dövlətini fonda bağışlayır. 1582-ci ildə kral VI Ceyms universitet yaradılması haqqında hazırlanmış xartiyanı imzalayır. Həmin dövrdə insanların daha çox məskunlaşdığı zəngin İngiltərədə cəmi iki universitet olduğu halda, Edinburq Universiteti Şotlandiyada yaradılan dördüncü ali məktəb olur. 1708-ci ilədək burada bir rəhbər və dörd müəllim çalışır. İlk vaxtlar ali məktəbdə incəsənət, məntiq, etika, metafizika, riyaziyyat və astronomiya elementləri daxil olmaqla fizika elmləri öyrədilir, Aristotelin ideyaları izah edilir. Artıq XVIII əsrdə Edinburq Universiteti Avropa maarifçiliyinin mərkəzinə çevrilir.
Universitetin ən qədim binalarından biri hazırda Hüquq Məktəbinin yerləşdiyi Old (qədim) Kollecdir. Əvvəllər bu binada anatomiya və cərrahiyyə elmləri öyrədilib. XIX əsrin sonlarında Old Kollecdə təhsil alan tələbələrin çoxluğunu nəzərə alaraq, 1875-ci ildə yeni tibb məktəblərinin tikintisinə başlanılır. 1840-cı ildə burada Müstəqil Kilsə Kolleci inşa edilir. 1920-ci ildən universitetin İlahiyyat Məktəbi kimi fəaliyyət göstərən bu təhsil müəssisəsi hazırda Yeni Kollec adı ilə tanınır. 1884-cü ildə Robert Bell Edinburq Universitetində Tələbə Assosiasiyası yaradır. 1889-cu ildə Tələbə İttifaqı rəhbərliyi tərəfindən Edinburq Universiteti Təşkilatının təməli qoyulur.
2002-ci ildən universitet 3 kollec və 22 məktəbə bölünür. Hazırda məktəblərin əksəriyyəti yüksək dərəcəli muxtariyyət və daxili təşkilatçılıq hüququna malikdir. 12 avqust 2002-ci ildə Edinburq hersoqu Şahzadə Filip ən müasir xəstəxana, baytarlıq klinikaları, elmi-tədqiqat institutları açmaq üçün universitetə 40 milyon funt vəsait ayırır. Beləcə, iki böyük teatr, bir tibb kitabxanası, xəstəxanalar, məktəb, fakültə və institutlar, tədqiqat mərkəzlərindən ibarət olan və Kiçik Fransa adlanan ərazidə yerləşən Edinburq Kral Xəstəxana kompleksi yaradılır.
Büdcə xərcləri və təhsil haqqı
ötən il Edinburq Universitetinin illik dövriyyəsi 592 milyon funt-sterlinq təşkil edib. 2009-cu ildə universitetə edilən yardımların məbləği 249 milyon funt-sterlinq olub. 2009-2010-cu tədris ilində Edinburq Universitetində əyani təhsil almaq üçün təhsil haqqı orta hesabla 3225 funt-sterlinq təşkil edib. 2010-2011-ci tədris ilində isə bu rəqəmin 3290 funt olacağı müəyyənləşdirilib. ümumiyyətlə, bu məbləğ tələbənin oxuduğu kollecdən, məktəbdən, seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Təhsil haqqını ödəmək üçün tələbəyə kredit təklif olunur. Kreditin məbləği tələbənin ailə büdcəsindən asılıdır. Tələbə kredit borclarını universitetdə təhsil alarkən tədricən ödəyir. Tələbəyə kredit verildiyi gündən hər sentyabr ayı borcun uzərinə faiz əlavə olunur. Bundan irəli gələrək, tələbə borcunu nə qədər tez qaytararsa, o qədər ona sərfəlidir. Əyani və yarımçıq təhsil haqqı isə yenə də tələbənin oxuduğu kollec və məktəbdən asılıdır.
Universitet bu gün
Edinburq Universitetinin hazırkı kampusu yeddi hissədən ibarətdir: Mərkəzi rayon, Kral Binaları, Kiçik Fransa, Əsas Qərbi, Pasxa Buş, Summerhall, Kral Mili. Kampusun ən qədim hissəsi Mərkəzi rayondur. Bu ərazidə Corctaun meydanı, 2008-ci ildə yaradılmış İnformatika Forumu (İnstitutu), Duqald Stüart binası, Old Kollec, Humanitar və sosial elmlər kolleci, İnformatika və Hüquq məktəbləri, kitabxana və s. yerləşir. Summerhall adlanan ərazidə Royal Dik baytarlıq tədqiqatları məktəbi və məktəbə aid geniş təsərrüfat sahəsi mövcuddur. Kral Mili yaxınlığında 1998-ci ildə universitetə birləşdirilən Mori Təhsil Evi yerləşir.
Edinburq yaşamaq və oxumaq üçün təhkükəsiz şəhərdir. Burada təhsil alan tələbələr üçün, demək olar ki, bütün şərait yaradılıb. Tələbələr, magistrantlar, doktorantlar yataqxanalar, restoranlar, idman, müxtəlif əyləncə mərkəzləri, media-oxu zalları, rahat nəqliyyat, hətta iş yerlərilə də təmin olunurlar.
Edinburq Universitetinin akademik strukturuna 22 məktəbdən ibarət olan 3 kollec daxildir:
- Humanitar və sosial elmlər kollecinə İncəsənət, mədəniyyət və ətraf mühit, İlahiyyat, Biznes, Sosial elmlərdə səhiyyə, Tarix, klassika və arxeologiya, Hüquq, Ədəbiyyatlar, dillər və mədəniyyətlər, Mori Təhsil Evi, Fəlsəfə, psixologiya və dil elmləri, İctimai və siyasi elmlər, Fasiləsiz təhsil məktəbləri aiddir.
- Tibb və baytarlıq kolleci Biotibbi elmlər, Kliniki elmlər və səhiyyə, Molekulyar və kliniki tibb, Royal Dik baytarlıq tədqiqatları məktəblərindən ibarətdir.
- Elmlər və mühəndislik kollecinə Biologiya elmləri, Kimya, Geoelmlər, Mühəndislik, İnformatika, Riyaziyyat, Fizika və astronomiya məktəbləri daxildir.
Edinburq Universiteti müxtəlif proqramlar üzrə onlayn distant təhsil təklif edir. Dünyanın istənilən İnternet şəbəkəsinə qoşulan nöqtəsindən informasiya texnologiyaları və hüquq, innovasiyalar, intellektual mülkiyyət, tibbi etika, memarlıq, elektron tədris, anesteziya təcrübəsi, kliniki təhsil, tibbi informatika, cərrahiyyə, beynəlxalq baytarlıq və s. ixtisaslar üzrə universitetin magistratura pilləsində təhsil almaq mümkündür.
Edinburq Universitetinin kitabxanası hələ universitet yaradılmamışdan əvvəl ayrıca kitabxana kimi fəaliyyət göstərib və hazırda Şotlandiyanın ən böyük universitet kitabxanası hesab olunur. Onun təməli 1580-ci ildə qoyulub və hazırda Əsas Kitabxana adlanır. Burada 2 milyondan çox kitab, əlyazma, dissertasiya işi, mikroforma və s. mövcuddur. Onların əksəriyyəti Corctaun meydanında səkkizmərtəbəli binada yerləşən Əsas Kitabxanada - Avropanın ən böyük akademik kitabxanasında toplanıb. Artıq XVII əsrdə universitet kitabxanasının ehtiyatı 2400 cild kitaba bərabər idi. Hazırda kitabxanada 1200-dən çox əlyazma (inkunabula), XVI əsrə aid 9000, XVII və XVIII əsrlərə aid 35000, XIX əsrə aid 60000 çap edilmiş kitab saxlanılır. Kitabxanada reformasiya dövrünə (XVI əsrdə Qərbi Avropada katolik kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi hərəkat) aid zəngin kolleksiya toplanıb. Şekspirin yaradıcılığına aid 1872-1889 və 1964-cü illərdə əldə edilmiş kolleksiyalar da kitabxananın ən dəyərli sərvətlərindəndir. Universitetdə fəaliyyət göstərən digər kitabxanalardan Darvin, Pasxa Buş baytarlıq, Ceyms Klerk Maksvell, Hüquq və Avropa, Mori evi, Yeni kollec, Robertson mühəndislik və elmlər, Roslin İnstitutu, Royal Xəstəxana, Şotland tədqiqatları, Baytarlıq, Qərbi ümumi hospital kitabxanalarını qeyd etmək olar.
Edinburq Universitetinin muzeyində 200000-dən çox incəsənət əsəri, qədim tapıntılar, modellər, musiqi alətləri, elmi-texniki avadanlıq və s. mövcuddur. Portret Kolleksiyası adlanan incəsənət nümunələri universitet yarandığı gündən toplanıb və hazırda təhsil müəssisəsinin divarlarını bəzəyir. Universitetin Qədim musiqi alətləri muzeyi beynəlxalq mahiyyətə malikdir. İki binada yerləşən bu muzey hər zaman cəmiyyət üçün açıqdır. Universitetin elmi nailiyyətlərinə, inkişaf yoluna aid kolleksiyalar Təbii tarix muzeyində, DNK kitabxanasında nümayiş olunur. Universitetin nəzdində Talbot Rays qalereyası, Təsviri incəsənət, Polşa tibb məktəbi, Kimya, anatomiya, resurs mərkəzi kolleksiyaları, Cokburn Geologiya, Şotland tədqiqatları, arxiv muzeyləri fəaliyyət göstərir.
Hazırda Edinburq Universitetində 6983 professor-müəllim heyəti çalışır. 1953-cü ildən universitetin kansleri Edinburq hersoqu Əlahəzrət Şahzadə Filipdir. Onun təşəbbüsü ilə 2002-ci ildə universitetin Tibb korpusu tikilib. Universitetin tədrisinə və tədqiqatlara verdiyi mühüm nailiyyətlərə görə 2003-cü ildə Şahzadə Filip Kansler Mükafatı ilə təltif edilib. Edinburq Universitetində kanslerdən əlavə rektor fəaliyyət göstərir. 2009-cu ilin martından universitetin rektoru Yan Makvirterdir. Kansler olmadıqda rektor Baş Şuraya rəhbərlik edir.
Universitetdə təhsil alan tələbələrin ümumi sayı 26138 nəfərdir. 2009-2010-cu tədris ilində universitetə qəbul ücün 37791 müraciət daxil olub. Edinburq Universitetində "Erasmus" proqramı çərçivəsində Avropa ölkələrilə tələbə mübadiləsi üçün 350, Şimali, Cənubi Amerika, Asiya, Avstraliya ölkələri universitetləri üçün isə 170 yer ayrılıb.
2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir azərbaycanlı gənc - Əli Roman oğlu Əmircanov Edinburq Universitetinin iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Həmin universitetin magistratura pilləsində maliyyə və investisiyalar ixtisası üzrə təhsil almış Elvin Əhliman oğlu Şükürlü isə ötən il məzun olub. Gələcəkdə Edinburq Universitetində azərbaycanlı gənclərin sayının artmasına və onların adlarının universitetin məşhur məzunları sırasında olmasına böyük ümid bəsləyirik.
Edinburq Universitetinin məşhur məzunları
Culius Nyerere |
Tanzaniyanın sabiq prezidenti |
Yun Po Sun |
Cənubi Koreyanın sabiq prezidenti |
Uiliyam Uolker |
Nikaraqua Respublikasının sabiq prezidenti |
Qordon Braun |
Böyük Britaniyanın sabiq Baş naziri |
Con Rassel |
Böyük Britaniyanın sabiq Baş naziri |
Henri Templ |
Böyük Britaniyanın sabiq Baş naziri |
Çarlz Tupper |
Kanadanın sabiq Baş naziri |
Maykl Cullen |
Yeni Zellandiyanın maliyyə naziri |
Devid Yum |
məşhur Şotland filosofu |
Adam Smit |
Şotland iqtisadçısı, müasir iqtisadi nəzəriyyənin banisi |
Artur Konan Doyl |
məşhur yazıçı, Şerlok Holms haqqında detektiv romanların müəllifi |
Valter Skott |
dünya şöhrətli yazıçı |
Robert Stivenson |
məşhur macəra romanlarının müəllifi |
Edvard Appleton |
fizika üzrə Nobel mükafatı laureatı |
Çarlz Barkla |
fizika üzrə Nobel mükafatı laureatı |
Maks Born |
fizika üzrə Nobel mükafatı laureatı |
İqor Tamm |
fizika üzrə Nobel mükafatı laureatı |
Piter Doherti |
tibb üzrə Nobel mükafatı laureatı |
Ceyms Mirrlees |
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı |
Piter Mitçell |
kimya üzrə Nobel mükafatı laureatı |
Hazırladı:
Lamiyə ƏLİYEVA