Çikaqo Universiteti

Çikaqo Universiteti

Çikaqo Universitetində İlahiyyat Məktəbi, Biznes Ali Məktəbi, Harris İctimai Siyasət Tədqiqatları Məktəbi, Hüquq Məktəbi, Pritsker Tibb Məktəbi, İctimai Xidmət Rəhbərliyi Məktəbi adlanan altı məktəb və təhsilin davam etdirilməsi üçün Graham ümumi Tədqiqatlar Məktəbi mövcuddur. Məktəblər bioloji, humanitar, təbiət və ictimai elmlər üzrə ixtisaslaşdırılıb. Hüquq Məktəbi Amerika Vəkillər Assosiasiyası, İlahiyyat Məktəbi ABŞ və Kanada İlahiyyat Məktəbləri  Assosiasiyası, Pritsker Tibb Məktəbi Tibbi Təhsil Əlaqə Komitəsi tərəfindən akkreditə olunurlar. Universitetin nəzdində universitetəqədər təhsil məktəbləri də fəaliyyət göstərir (Çikaqo Universitetinin Laboratoriya Məktəbləri, Hayd-park Gündüz Məktəbi, Orthogenic Məktəb, Orta Məktəb Yay Proqramları).

Yerləşir: ABŞ, İllinoys ştatı, Çikaqo şəhəri
Yaranma tarixi: 1890-cı il
Tipi: Özəl
Prezidenti: Robert Zimmer
İşçi heyəti: 2168 nəfər
Tələbələrin sayı: 5000 nəfər
Aspirantların sayı: 9000 nəfər
Rəsmi saytı: www.uchicago.edu

Çikaqo Universiteti (Universitety of Chicago) ABŞ-ın Çikaqo şəhərində, İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzidir. Bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. Ali məktəb özünün fərqli tədris planı və 1930-cu ildə universitetin prezidenti Robert Maynard Hatçins tərəfindən əsası qoyulmuş təhsil islahatları ilə seçilir. ABŞ-da ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb. "The Times" qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Çikaqo Universiteti 7-ci yerdə sıralanıb.

Çikaqo universitetinin tarixi

Çkaqo Universiteti 1890-cı ildə neft maqnatı və xeyriyyəçi Con Rokfeller tərəfindən yaradılıb. 1891-ci ildə Uilyam Reyni Harper universitetin rəhbəri təyin edilib və burada ilk dərslər 1892-ci il oktyabrın 1-dən başlayıb.

1898-ci ildə universitetin nəzdində Biznes, 1902-ci ildə isə Hüquq məktəbi yaradılıb. 1906-cı ildə R. Harper vəfat edir və 1923-cü ilədək burada üç prezident dəyişir. Bu dövr ərzində universitetin nəzdində Şərq İnstitutu yaradılır. 1929-cu ildə Robert Hatçins Çikaqo Universitetinə prezident təyin olunur. Prezidentliyi 24 il sürən Hatçins bir çox dəyişiklik edir, o, alimləri universitetə cəlb edərək "Ortaq Nüvə" tədqiqat mərkəzini yaradır və liberal sənət tədris planını həyata keçirir. Onun rəhbərliyi altında Çikaqo Universiteti Xəstəxanaları (Çikaqo Universiteti Tibb Mərkəzi), İctimai Düşüncə Komitəsi yaradılır, tibb fakültəsi açılır. II Dünya müharibəsi dövründə universitet Manhetten layihəsinə önəmli əlavələr edir. 1942-ci ildə Enriko Fermi burada müstəqil nüvə reaksiyaları aparır, plutoniumun izolyasiyası üzrə iş həyata keçirilir.

1962-cı ildə universitetin prezidenti Bidlin kampus torpaqlarını icarəyə verdiyi üçün tələbə hərəkatı baş verir. 1969-cu ildə universitetin 400 tələbəsi məşhur müəllimləri Marle Diksonun işdən çıxarılmasına qarşı çıxaraq bu təhsil ocağının inzibati binasını ələ keçirir və 2 həftə müddətində binanı tərk etmirlər. 1978-ci ildə Anna Holborn Qrey Çikaqo Universitetinin prezidenti seçilir və 15 il bu vəzifədə çalışır.

1999-cu ildə universitetin prezidenti Huqo Sonnensçeyn əsas fənlərin sayını 21-dən 15-ə endirərək məşhur nüvə tədris planını zəiflədir. Bütün mətbuat bu məsələni müzakirə edir, universitet təhsili mövzusu cəmiyyətdə aparılan müzakirələrin mərkəz nöqtəsinə çevrilir, nəticədə prezident Huqo Sonnensçeyn 2000-ci ildə istefa verməli olur.

Son on ildə Çikaqo Universiteti milyonlarla dollar dəyərində genişlənmə layihələrinə başlayıb. 2008-ci ildən universitetdə Milton Friedman İnstitutu yaradılır. İnstitutun açılmasının təxminən 200 milyon dollara başa gələcəyi və Çikaqo İlahiyyat Seminariyasının binalarında yerləşəcəyi qeyd edilir. Lakin bir çox tələbə və müəllim bu layihəyə qarşı çıxır.

2008-ci ildə investor Devid But Çikaqo Universitetinin Biznes Ali Məktəbinə 300 milyon dollar hədiyyə edib, bu da universitetin tarixində hədiyyə olunmuş ən böyük məbləğdir. 2009-cu ildə 100 milyon dollar dəyərində yeni tədqiqat mərkəzləri və s. layihələr həyata keçirilib. Bunlardan Cerald Ratner İdman Mərkəzini, 10 mərtəbəli Tibbi Tədqiqat Mərkəzini, Culs və Guin Knapp Biotibbi Kəşflər İnstitutunu və s. qeyd etmək olar.

Universitet bu gün

Çikaqo Universitetinin kampusu Çikaqo şəhərinin mərkəzində - Hayd-parkda, Miçiqan gölünün yaxınlığında 85 hektarlıq ərazidə (211 akr) yerləşir. Kampusun ərazisində ümumilikdə 243 bina yerləşir. Binalar Oksford Universitetinin binalarına oxşar qotik (orta əsrlərdə Avropada yayılmış memarlıq üslubu) tərzdə inşa edilib. Çikaqo Universitetinin Mitçel qülləsi eynilə Oksford Universitetinin Maqdalena qülləsinə, Hatçinson salonu isə Krist kilsəsinə oxşayır. Kampusun "Ana Dördbucaq" adlanan əsas hissəsinin binaları memar Henri İves Kobb tərəfindən inşa edilib - altı dördbucaq bina bir böyük dördbucaq meydan əmələ gətirir. 1940-cı illərdən başlayaraq, qotik üslubunu müasir tərzdə inşa edilmiş tikililər əvəz edir.

Barak Obama 1991-ci ildən 2004-cü ilədək Çikaqo Universitetində Konstitusiya hüququ fənnini tədris edib.

2001-ci ildə meksikalı postmodernist Rikardo Liqoretta tərəfindən Maks Palevski ümumi Yataqxanası hazırlanıb. Çikaqo Universitetində ana şəhərcikdən kənarda da tikinti işləri aparılır. Sinqapur, London və Parisdə universitetin binaları fəaliyyət göstərir.

Çikaqo Universitetində təhsil alan tələbələrin 60%-i kampusun ərazisində yaşayır. Burada 38 tələbə yataqxanası var. Aspirant və magistrlərin qalmaları üçün kampusun yaxınlığında 28 bina ayrılıb. Kampusun ərazisində Reynold Klubu adlanan tələbə mərkəzi, muzeylər, teatrlar, restoranlar, ticarət və əyləncə mərkəzləri, idman kompleksləri, bağlar, parklar və s. yerləşir.

Çikaqo Universitetinin məşhur məzunları

Marek Belka Polşanın sabiq prezidenti
Qonzalo Sançes de Lozada Boliviyanın sabiq prezidenti
Alvaro Maqana Salvadorun sabiq prezidenti
Devid Akselrod Barak Obamanın baş məsləhətçisi
Liza Broun Ağ Evin qərargah rəisi
Əhməd Çələbi İraqın baş nazirinin müavini
Zalmey Xəlilzad ABŞ-ın BMT-dəki səfiri
Ceyms Hormel ABŞ-ın Lyuksemburqdakı səfiri
Luis Alvarez fizika üzrə Nobel mükafatı laureatı
Ouen çemberlin fizika üzrə Nobel mükafatı laureatı
Ceyms Kronin fizika üzrə Nobel mükafatı laureatı
Klinton Devisson fizika üzrə Nobel mükafatı laureatı
Cerom Fridman fizika üzrə Nobel mükafatı laureatı
Ernest Lourens fizika üzrə Nobel mükafatı laureatı
Tsyunq-Dao Li fizika üzrə Nobel mükafatı laureatı
Robert Milikan fizika üzrə Nobel mükafatı laureatı
Cek Steynberger fizika üzrə Nobel mükafatı laureatı
Ceri Bekker iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Ceyms Buçanan iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Milton Fridman iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Robert Lukas iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Hari Markoviç iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Paul Samuelson iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Saul Bellou ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Con Maksvell Koets ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Herbert Broun kimya üzrə Nobel mükafatı laureatı
İrvin Rouz kimya üzrə Nobel mükafatı laureatı
Şervud Roland kimya üzrə Nobel mükafatı laureatı
Rocer Sperri tibb üzrə Nobel mükafatı laureatı
Edvard Louri Tatum tibb üzrə Nobel mükafatı laureatı
Ceyms Uatson tibb üzrə Nobel mükafatı laureatı
Emili Qriin Balç Sülhün möhkəmləndirilməsi üzrə Nobel mükafatı laureatı
Qabriel Almond Amerika siyasətçisi, Sidney Verba və Harold Lasuella birgə cəmiyyətin siyasət mədəniyyətinin tədqiqatçısı

Çikaqo Universitetinin kitabxana sistemi altı arxivdən ibarətdir və ümumilikdə 7,9 milyon cild kitaba malikdir. Universitetin ən zəngin kitabxanası Regensteyn  adlanır. Şəhərcikdə ən böyük bina olan bu kitabxana memar Uolter Netç tərəfindən inşa edilib. Con Krerar adına kitabxanada tibb, biologiya, fizika, fəlsəfə, tarix, texnologiya və s. elmlərə aid olan 1,3 milyon cilddən çox kitab var. Bundan əlavə, universitetdə DTAncelo Hüquq, İctimai Xidmət Rəhbərliyi, Eçkart riyaziyyat və kompüter elmləri kitabxanaları da fəaliyyət göstərir.

Universitet şəhərciyində 12 elmi-tədqiqat institutu və 113 axtarış mərkəzi yerləşir. Bunlardan Şərq İnstitutunu - Yaxın Şərq məsələləri üzrə tədqiqat mərkəzi və muzeyini, Milli Qaynaq Mərkəzini, Arqon Milli Laboratoriyasını, ABŞ Dövlət Enerji Müəssisəsinin bir parçası olan Milli Laboratoriya Sistemini, Fermilab Tədqiqat Laboratoriyasını, Sunspot və Nyu-Mexikoda yerləşən Apaçi Point Rəsədxanasını, Çikaqo Toyota Texnoloji İnstitutunu, İctimai Fikir Araşdırma Mərkəzini və s. qeyd etmək olar.

Universitetin nəzdində ABŞ-ın ən boyük universitet mətbuatı - Çikaqo Universitetinin Mətbuatı fəaliyyət göstərir.

Universitetin alimləri beş bölmədə cəmləşib - biologiya, fiziki, ictimai, bəşəriyyət elmləri və yeni bölmə. Çikaqo Universiteti bir çox əhəmiyyətli təcrübələr və kəşflərin yarandığı məkandır: iqtisadiyyat sahəsi üzrə sərbəst bazar haqqında irəli sürülmüş fikir, Robert Millikanın "neft-damla təcrübəsi", elektron yükünün hesablanması, radiokarbonun tarixləşdirmə inkişafı...

Çikaqo Universiteti İdarə Heyəti tərəfindən koordinasiya edilir. Heyət universitetin prezidenti daxil olmaqla 50 nəfərdən ibarətdir, universitetin inkişaf planına və edilən yardımlara nəzarət edir. 2009-cu ilin avqustundan universitetin prezidenti Robert Zimmer, İdarə Heyətinin rəhbəri isə Endryu Alper seçilib. Çikaqo Universitetində 2168 professor-müəllim heyəti - yüksək səviyyədə ixtisaslaşmış mütəxəssis, 12460-dan çox tibb xidmətçisi və s. fəaliyyət göstərir. Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Barak Obama da bir müddət Çikaqo Universitetində müəllim kimi fəaliyyət göstərib. O, 1991-ci ildən 2004-cü ilədək bu ali təhsil müəssisəsinin Hüquq Məktəbində Konstitusiya hüququ fənnindən dərs keçib. Barak Obamanın həyat yoldaşı Mişel Obama isə Çikaqo Universitetinin Tibb Mərkəzində işləyib.

Universitet bütün il boyu fəaliyyət göstərir. Dərslər sentyabrın əvvəllərində başlayır, iyunun ortalarında bitir. Yay aylarında isə burada müxtəlif yay məktəbləri fəaliyyət göstərir. Çikaqo Universitetində 14000-dən çox tələbə təhsil alır, onlardan 5000-i bakalavr, qalanları  isə magistr və aspirantlardır. Burada təhsil alan tələbələrin 18%-ni əcnəbilər, 23%-ni yerli etnik azlıqlar, 45%-ni isə qadınlar təşkil edir.

Çikaqo Universitetinin çoxlu sayda dünya şöhrətli məzunları var. Onlardan 85-i Nobel mükafatına layiq görülüb.

Bu gün Çikaqo Universiteti sürətlə inkişaf edən beynəlxalq elmi-tədqiqat mərkəzinə çevrilib. Xüsusilə universitetin fizikləri, iqtisadçıları, kimyaçıları, hüquqşünasları bütün dünyada məşhurdur. Dünya elminin inkişafında bu təhsil ocağının müstəsna xidmətləri var.

Hazırladı:
Lamiyə ƏLİYEVA

Top