Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib. Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.
Hansı nikah sonsuz hesab olunur və ümumiyyətlə, buna tez-tezmi təsadüf edilir? Statistikaya görə, hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən sonra hamiləliyə qarşı vasitə tətbiq etmədən iki illik birgə ailə həyatı müddətində hamiləlik baş vermirsə, bu, nəticəsiz nikah hesab olunur. Belə hallarda ər və arvada sahə qadın məsləhətxanasına müraciət etmək məsləhət görülür. Orada qadın lazımi müayinədən keçir və onun ərinə də müvafiq müayinədən keçmək üçün məsləhət verirlər. Onların hər ikisinin müayinə olunmasının çox böyük əhəmiyyəti vardır. Ancaq bir çox hallarda sonsuzluğu müəyyənləşdirən və müalicəsi ilə məşğul olan həkimlər özlərini tamamilə sağlam sayıb, müayinədən ciddi surətdə boyun qaçıran ərlərin müqaviməti ilə qarşılaşırlar. Bəzən onlar bəhanə kimi ilk evliliklərində olan qadınların hamiləliklərini bir dəlil kimi göstərirlər. Əlbəttə, bu dəlillər onların bu məsələdə sadəlövlüklərini göstərir. Əslində ər və arvadın ikisinin müayinəsi, onlardan hansının həqiqətən sonsuzluqda günahkar olduğunu aşkar edir. Sonsuz ailə cütlərinin müayinəsi bəzi hallarda daha tez də aparıla bilər, ər və arvad münasibətinin və ailə mikroiqliminin nikahda ümumi, sonsuzluqda xüsusi mühüm əhəmiyyəti var.
Sonsuzluğun əmələ gəlməsində sinir-psixi amilin bir səbəb kimi rol oynadığını mütəxəssislərin əksəriyyəti qeyd edirlər. Bununla əlaqədar, uşaqsız ailələrdə münasibətlərin xarakteri üzərində psixoloqların müşahidə aparmasının böyük əhəmiyyəti var. Əgər müayinədə hamiləliyin baş verməməsində onların hər ikisinin çavabdehliyi aydın olursa, bu məlumat ər və arvad arasında münasibətlərin möhkəmlənməsinə səbəb olur. Onlar bir-birlərinə qayğı və diqqət göstərirlər, bu da onların müalicə olma ehtimalını artırır. Adətən qadınlar bu məsələdə kişilərə nisbətən daha mərhəmətli, daha hövsələli olub, ərlərindəki çatışmamazlığa qarşı mənfi münasibət bəsləmir, onları müalicəyə sövq etməyə çalışırlar. Qadınların sonsuzluğuna qarşı kişilərdə münasibət isə tamamilə əksinə olur (çox vaxt ailənin dağılması, qohumların qadına qarşı neqativ münasibətləri və s). Bu vəziyyət onsuz da öz taleyindən əzab çəkən qadını daha da ağır vəziyyətə salır. Bütün bunlar kifayət deyilmiş kimi, özünü doğrultmağa çalışan kişi arvadının vəziyyəti haqqında bütün qohum və tanışlara da məlumat verir.
Sonsuzluğun profilaktikası
Məlumdur ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Bu, tam mənası ilə sonsuzluğa aiddir. Sonsuzluğun profilaktikası isə hələ uşaq doğulmamışdan başlanmalıdır. Hamilə qadının iş və istirahət rejimi qaydalarına əməl etməsi, keyfiyyətli və düzgün qidalanma, gigiyena tədbirlərinin yerinə yetirilməsi ailədə sağlam psixo-emosional iqlim ana bətnində dölün çinsiyyət sisteminin normal inkişafını təmin edir. Uşaq orqanizminin formalaşmasına pis təsir göstərən amillərin (alkoqolun və nikotinin) zərərli təsirində hamilə qadının qorunması bəsit şərtlərdən dir. Unutmaq olmaz ki, hətta papiros çəkilən otaqda hamilə qadının müəyyən müddətdə qalması həm onun özünə və həm də dölə zəhərləyiçi təsir göstərir.
Son günlər tez-tez qarşılaşdığımız süni mayalanma haqqında bir neçə məlumatı diqqətinizə çatdırmaq istərdik. Bu üsul sonsuz (nəticəsiz) nikahda son vasitədir. Bizim ölkədə bu üsul 60-cı illərdə məşhur ginekoloq İ.Cordaniya tərəfindən tətbiq olunmuşdur.
Müxtəlif səbəblərdən qadında sonsuzluq baş verdikdə, ər və arvadın hər ikisinin razılığı və istəyi ilə süni mayalandırma üsulundan istifadə oluna bilər. Bu üsul hazırda ölkəmizdə də geniş yayılmışdır və bu vasitə ilə çox ailələrdə uşaq dünyaya gəlmişdir. Bəzən ailələr 1 övlad gözləyirlər və bu zaman onlar inanılmaz bir hallarla qarşılaşırlar. Ancaq lazımi müalicədən sonra həmin ailədə 3, ya 4 uşaq dünyaya gəlir. Belə hallara da az təsadüf olunmur. Deməli, sonsuzluq böyük bir bədbəxtlik, çarəsiz bir bəla hesab olunmamalıdır. Təbabət insanlara baş verən bu çətinliyin əlacını tapmışdır.
Müəllif: Səbinə İsmayılqızı