Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti təxminən eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.
Sonsuzluğa gətirib çıxara biləcək amilləri aradan qaldırmağa imkan verən profilaktik tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, hamiləlik prosesinin süni pozulması bu günə qədər doğumun tənzimlənməsinin əsas vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə yanaşmaq lazımdır.
Bəzən müraciət edilən gün hamiləlik pozulur. Bu zaman tətbiq edilən cərrahi müdaxilə üçün göstərişləri təsdiq etməyə imkan verən müayinələr aparılmadan və bu müdaxiləyə əks göstərişləri (kiçik çanaq orqanlarının iltihabı və digər xəstəlikləri, infeksiya) nəzərə alınmadan, əksər hallarda əsaslandırılmamış müdaxilə aparılarsa, bu, müxtəlif fəsadlara və təkrar cərrahi müdaxilələrə gətirib çıxara bilər. Buna görə də hamiləliyin erkən dövrdə dayandırılmasının medikamentoz, yaxud cərrahi müdaxilə metodundan asılı olmayaraq, əsaslandırılması və abortdan sonrakı dövrdə orqanizmdə ginekoloji statusun bərpa müalicəsinin düzgün və tam aparılması çox vacibdir.
O zaman kı, hamiləlikdən qorunmaq zəruriliyi yaranır bu hallarda orqanizm üçün təhlükəsiz, müasir hormonal kontrasepsiya vasitələrinin tətbiq edilməsi məqsədəuygundur. Bu vasitələrin tərkibindəki hormonların miqdarı minimal dozada, onların əlavə təsirləri isə minimal səviyyədə olur. Onlar xəstələr tərəfindən yaxşı qəbul edilir, hətta uzun müddət istifadə edildikdə də fəsadlara səbəb olmur. Bəzi ginekoloji xəstəliklər zamanı isə (yumurtalıqların disfunksiyası, endometrioz və s.) həmin dərmanların müalicəvi təsiri olur.
Uşaqlıqdaxili kontrasepsiya vasitələrinə gəldikdə isə, ana olmamış cavan qadınların onlardan istifadə etməsi məsləhət deyil. Uşaqlığa yad cisim daxil olması əksər müşahidələrdə xroniki iltihab prosesinə səbəb olur və bu, borudaxili bitişmə prosesində əlavə amilə çevrilə bilər.
Boru-peritoneal sonsuzluğun yaranmasının digər mühüm amili kiçik çanaq orqanlarında aparılan əsassız, xüsusən dölün kəsilməsi metodu ilə cərrahi müdaxilələrdir. Adətən, bu metoddan təxirəsalınmaz ginekoloji xəstəlik hallarında (uşaqlıqdan kənar hamiləlik, yumurtalıq kistasının partlaması və s.) istifadə edilir.
Müayinə və müalicənin mərhələlərində ən yeni texnologiyalardan və əsasən, endoskopik texnologiyadan istifadə edilməsi bir sıra səbəblərə görə məqsədə-uyğundur. Bu, ilk növbədə, qadın orqanlarını qoruyan əməliyyatlar aparmağa və onun reproduktiv funksiyasını qoruyub saxlamağa imkan verir.
Sonsuzluğun səbəbləri
- Yaş: Qadınların uşaq sahibi ola bilmə şansının ən yüksək olduğu dövr 20-26 yaşlar arası hesab olunur, bu şans 30 yaşından sonra sürətlə azalır.
Tam sağlam bir qadının 18-20 yaş arası hamilə qalma nisbəti 94%, 20-24 yaş arası 91%, 25-29 yaş arası 86%, 30-34 yaş arası 77%, 35-39 yaş arası 60%, 40-45 yaş arası 30%-dir. - Evlilik müddəti: Qeyd etdiyimiz kimi evliliyin ilk birinci ilində hamilə qalma şansı 75% olarkən, bir il artıq gözlədikdə, yəni ikinci ilin sonunda bu nisbət ancaq 10% artaraq 85%-ə qalxır.
- Cütlərin uşaq sahibi olma istəyi: Ailədə əgər yoldaşlardan biri istəməzsə o cütün uşaq sahibi olma şansı azalmaqdadır.
- Evlənmə yaşı: 16-20 yaşlar arasında evlənmiş qadınlarda ancaq 4.5% nisbətində sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında evlənmiş olanlarda isə bu nisbət 31.3% -ə yüksəlir. 40 yaşından sonra evlənmiş olan qadınlarda isə bu nisbət 70% ətrafındadır.
- Cinsi əlaqə sıxlığı: Uşaq sahibi ola bilmək üçün ən uyğun cinsi təmas həftədə 2-4 dəfədir. Həftədə 2-4 dəfədən çox və ya az cinsi əlaqə uşaq sahibi ola bilmə şansını azaldır. Bununla yanaşı cinsi əlaqə günlərinin, qadının ovulyasiya günlərinə uyğun günlərdə edilməsi də hamiləlik şansını artırır.
- Cinsi əlaqə texnikası: Hamilə qala bilmək üçün ən uyğun vəziyyət, klassik olaraq bilinən qadının altda, kişinin üstdə olduğu "üz-üzə" olan vəziyyətdir. Bundan əlavə cinsi əlaqədən sonra bir müddət qadının kürəyi üsdə yatması da hamiləlik şansını artırmaqdadır.
- Cinsi əlaqənin ağrılı olması: Ağrılı cinsi əlaqə bəzi xəstəliklərdən qaynaqlana bilər və bu da istəksizlik və qorxuya gətirib çıxararaq cinsi əlaqəyə maneə törədir, hamiləlik şansını azaldar.
- Həddindən artıq köklük: Bu vəziyyət ümumiyyətlə həm bir hormonal pozğunluğun nəticəsi ola biləcəyi kimi, həm də normal cinsi əlaqəyə mane olaraq hamilə qalma şansını azalda bilər.
- Qidalanma pozğunluqları: Qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan vitamin çatışmazlıqları da qəti olmasa da sonsuzluq səbəbləri arasında qəbul edilməkdədir.
- Zəhərlənmələr: Xüsusilə uyuşdurucu maddələrin səbəb olduğu xroniki zəhərlənmələr də hamilə qalmağa maneə törətməkdədir. Bu maddələrə həddindən artıq siqaret və spirt vərdişləri daxildir.
- Gərginlik (Psixi pozğunluqlar, stress): Gərginlik, başda ovulyasiya olmaqla bütün qadın cinsiyyət orqanlarına mənfi təsir edərək, hamiləlik şansını azaldır.
- Məlumatsızlıq: Ölkəmizdə cinsi təhsil əksikliyi sonsuzluq səbəbləri arasında əhəmiyyətli bir yer tutur. Məlumatsız edilən cinsi əlaqələr, uşaq olması üçün istifadə edilən dərmanlar, uşaq salma təşəbbüsləri, sonunda ciddi bir şəkildə sonsuzluq səbəbi ola bilməkdədir.
UPD. Amerikanın Boston universitetinin alimləri, kişilərdə sonsuzluq yaradacaq daha bir amil barədə məlumat yayıb. Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, kişilər tərəfindən velosipedlərin həddən artıq və müxtəlif formalarda sürülməsi, onlarda sonsuzluq xəstəliyi yaradır. Təxminən 2 min nəfər üzərində aparılan təcrübədən sonra, velosiped sürən kişilərdə sonsuzluq probleminin sürətləndiyi aşkar olub.