Festivallar mədəniyyətin inkişafında son dərəcə mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, yeni mədəniyyəti qiymətləndirməyin ən yaxşı üsulu həmin mədəniyyəti təmsil edən festivalların birində iştirak etməkdir. Dünyada bir çox festival növü var. Onların sırasında dini yaxud mövsümi festivallara da rast gəlinir.
Harbin Ice & Snow Festival, Çin
Festival hər il 5 yanvar-5 fevral tarixlərində keçirilir. Xarbin şəhəri Çinin şimal-şərqində yerləşir və Xeylunszyan əyalətinin paytaxt şəhəridir. Hər il bu şəhərdə qar və buz festivalı keçirilir. Festival ilk dəfə 1985-ci ildə keçirilib. İllər keçdikcə bu sadə festival çoxsaylı tədbirlərlə müşayiət olunan beynəlxalq səviyyəli festivala çevrildi. Festivalın əsas obyektləri isə buzdan hazırlanmış heykəllərdir. Axşam saatlarında heykəllər rəngbərəng işıqlarla işıqlandırılır.
Rio-de-Janeyroda karnaval, Braziliya
Braziliya haqqında düşünən zaman sözsüz ki, ağla gələn ilk fikir möhtəşəm Rio-de-Janeyro karnavalıdır. Braziliyanın ən böyük bayramı hesab olunan karnavalda hər il on minlərlə turist iştirak edir. Festival zamanı sanki bütün şəhər canlanır: Diqqət cəlb edən geyimlər, Samba (məşhur Braziliya rəqsi) və musiqi al-əlvan rənglərdən və dərin emosiyalardan ibarət sehirli bir mühit yaradır. Karnaval şənliklərinə Braziliyanın hər bir guşəsində təsadüf olunur.
Mardi Qra, Yeni Orlean, ABŞ
Yeni Orlean şəhərində hər zövqə uyğun çoxsaylı tədbirlər, o cümlədən, dünyaca məşhur “Mardi Gras” paradı keçirilir. Parad dünyanın ən böyük şousudur. Parad zamanı onlarla insan məşhurlar kimi geyinərək Yeni Orleanın və onun ətraf ərazilərinin küçələrində gəzişirlər. İlk dəfə karnaval 1856-cı ildə keçirilib. Onun mənşəyi isə qədim Roma imperiyası dövrünə gedib çıxır.
Venesiyada karnaval, İtaliya
Karnaval böyük ehtimalla Venesiyanın ən məşhur bayramı hesab olunur. Karnaval zamanı şəhəri Yer kürəsinin bütün guşələrindən turistlər gəlir. Karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və digər maraqlı tədbirlər keçirilir. İlk dəfə Venesiya karnavalını 1162-ci ildə keçirməyə başlamışlar. Karnaval qısa müddət ərzində yerli sakinlər və xarici qonaqlar arasında məşhurluq qazandı. Karnavalın əsas tədbirləri Müqəddəs Mark meydanında keçirilir. Karnaval zamanı şəhərin küçələrində maraqlı geyim və maskalarda olan insanlara, eləcə də aktyor, akrobat və müğənnilərə rast gəlmək mümkündür.
Çində fənərlər festivalı
Fənərlər festivalı – qədim Çin ənənəsidir. Xan sülaləsinin (e.ə III əsrdə) hakimiyyəti illərindən başlayaraq Yeni il şənliklərini Fənərlər festivalı ilə yekunlaşdırırdılar. Fənərlər festivalı şən və rəngarəng bayramdır. Bu bayramda minlərlə insan bədr gecəsində yanan fənərlərlə küçəyə çıxırlar.