Bu əlamətləri əvvəlcədən qeydə almaqla işdən azad olunmağa mənəvi şəkildə hazırlaşmaq və rezümenizi daha tez yeniləmək şansınız olacaq.
Rəhbər şəxs tapşırıqlar üzrə hesabatları onları icra edə bildiyiniz müddətdən əvvəl tələb edirsə
Belə bir vəziyyətlə qarşılaşmısınızsa, deməli, rəhbər şəxs sizə sınaq müddəti təyin edib və işinizi daha diqqətlə və yaxından izləyəcək. Elə isə problemli məsələlərin həllinə başlayın. Böyük ehtimalla o, gün ərzində irəliləyişlərinizi görmək istəyəcək. Müdirin təyin etdiyi müddət ərzində vəziyyəti yaxşılığa doğru dəyişə bilməyəcəyinizi hiss edirsinizsə, narahatlıq doğuran bir məsələ də budur.
Öhdəlik və tapşırıqlarınızı başqa bir əməkdaşa təhkim edirlər
Adəti üzrə sizin olan öhdəlik və tapşırıqlarınız yavaş-yavaş başqa bir əməkdaşa verilirsə, böyük ehtimalla rəhbər şəxs vəzifəyə uyğun gəlmədiyinizi və tapşırıqların icrasına yaramadığınızı düşünür.
Sizi iclasa dəvət etmirlər
Əgər komanda üzvləriniz sizi dəvət etmədən iclas keçirirlərsə, çətin ki, sizə sürpriz hazırlamaq üçün toplaşıblar. Bu o deməkdir ki, müdir artıq sizin “istifadə müddətinizi” təyin edib və kolleqalarınıza sizi dəvət etməməyi tapşırıb. Bu, artıq komandanın ayrılmaz bir parçası olmadığınızın və sizi işdən azad edə biləcəklərinin aydın əlamətidir.
Sizinlə eyni vəzifəyə daha təcrübəli əməkdaş gətirildikdə
Bazar ertəsi işə gəlirsiniz və müdir hər kəsi yeni əməkdaş ilə tanış edir. Düşünürsünüz ki, nəhayət kimsə yığılıb qalmış işlərin öhdəsindən gələcək. Lakin tezliklə məlum olur ki, yeni əməkdaşın çox cəlbedici rezümesi var, vəzifəsi isə sizinki ilə eynidir.
Bu zaman, müdirin sizə kömək üçün yeni işçi cəlb etdiyini düşünə bilərsiniz. Lakin bu çox zəif ehtimaldır. Axı, şirkətlərə köhnələri ixtisar etmədən yeni iş yerləri yaratmaq adətən sərfəli deyil. Buna görə də, yeni əməkdaşın sizi əvəz etmək ehtimalı daha ağılabatandır.
banker.az