Övladınızı internetdə gözləyən təhlükələr

Övladınızı internetdə gözləyən təhlükələr


Texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız:

Şəxsi məlumatları (ev ünvanı, telefon nömrəsi, təhsil aldığı məktəbin nömrəsi və s.) bəyan etmək, xüsusilə tanımadığı şəxslərlə paylaşmaq olmaz;

Digər tanışlarının şəxsi məlumatlarına öz şəxsi məlumatlarına yanaşdığın məsuliyyətlə yanaşmalı və gərəksiz yerə paylaşmamalıdır;

Telefon, planşet və kompüterlərdən istifadə digər mühüm fəaliyyət növlərinə (idman, dərslərin hazırlanması, ailə daxilində məsul olduğu işlərin yerinə yetirilməsinə) mane olmamalıdır;

Sosial şəbəkələrdə davranış real həyatda davranış kimi məsuliyyət tələb edir. Bu səbəbdən, digər istifadəçilərə qarşı kobud ifadələr işlətmək, onları təhqir edəcək davranış nümayiş etdirmək yolverilməzdir.

Siz isə öz növbənizdə övladınıza texnoloji təhlükəsizliyi təmin etmək üçün müvafiq qurğularda və internet portallarında ayarları uyğunlaşdırmağa kömək etməlisiniz. Davamlı olaraq onun texnoloji vasitələrdən istifadəyə ayrılmış vaxtını nəyə sərf etdiyini və kimlərlə ünsiyyətdə olduğunu nəzərdən keçirin. Eyni zamanda öz davranışınızla ona nümunə olun: avtomobil idarə edərkən telefon istifadə etməyin, boş vaxtınızı real ünsiyyətə sərf edin, övladınızın yanında gərəksiz yerə texnolji vasitələrdən istifadə etməyin. Unutmayın ki, sizin davranışınız övladınız üçün əsas göstəricidir.

Valideyn olaraq övladınızın həyatında texnolji yeniliklərin nə qədər yer alacağına siz məsuliyyət daşıyır və siz qərar verirsiniz. Bu qərarı verərkən onun yaşının ətrafda baş verən hadisələri doğru qavramasına və mümkün təhlükələrin öhdəsindən gələ bilməsinə uyğun olub olmadığını düzgün qiymətləndirməyiniz vacibdir.

valideyn.az 
Top