Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kq-dan çox çəkiyə sahib olur.
Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tamam imtina edə bilmirik. Ancaq onu haqda yetərli bilgiyə sahib olmasaq, çox şey itirərik.
Bu mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Belə bir qorxunc iddia ilə çıxış edən alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir: “Buraxsanız belə, tərpənmirlər… Sağlam qidalanmaq üçün əksər insanlar ancaq toyuq əti yeyir. Sonra da görürük, hər gün bir gənc qadın süd vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bunun səbəbi genetik modifikasiya olunmuş məhsullarla qısa müddətə böyüyən broyler toyuqlardır”.
Dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da broyler toyuqları gen-bol satılır. Aidiyyətı qurumlar tərəfindən bu günədək broyler təsərrüfatında dövlət nəzarət tədbirləri zamanı ciddi problem aşkarlanmasa da, ekspertlər həyəcan təbili çalır.
Broyler, yoxsa kənd toyuğu?
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov broyler toyuqlarından mümkün qədər az istifadənin tərəfdarıdır. Onun sözlərinə görə, bu toyuqlar az müddətdə böyüdüyü üçün təbii prosesdən kənarda qalmış sayılırlar: “Quşların öz böyümə müddəti var və onlar təbii məhsulla qidalanmalıdırlar. Ancaq bizim fabriklərdə bu şərtlərə nə qədər əməl olunduğunu yoxlamaq lazımdır. Elə fabriklər ola bilər ki, cücələrə təbiətdə qidalanacağı yemlər verilsin. Yəni, arpa, buğda, darı, ot, soxulcan və sair. Elə fabrik də ola bilər, cücələr geni dəyişdirilmiş yemlə qidalandırılsın. Yaxud o yemə hormonal preparatlar qatılsın. Tövsiyə edərdim, alıcılar kənd toyuqları alsınlar. Otla, təbii qidalarla bəslənən toyuqlar dadlı-tamlı olur. Hətta broyler müəssisəsindən alınıb həyətdə otla böyüyən toyuğun da dadı fərqlənir”.
Ölkənin baş kulinarı deyir ki, kənd toyuğunun sümüyü də dadlı olur: “Məlumdur ki, onun dadını almaq üçün sümüyü də sorulur. Amma o biri toyuqların ən zərərli yeri aşağı ətrafları, budları və sümükləridir”.
Şoklanan toyuqlar Xatırlayırsınızsa, bir neçə il əvvəl toyuq budlarının satışı üstünlük təşkil edirdi, hazırda isə toyuğun döş hissəsi — file ən çox istehlak olunan məhsullar sırasındadır. Tahir Əmiraslanov bunun da əleyhinə olduğunu bildirdi: “Toyuq filesini müxtəlif kimyəvi qatqılar hesabına o həcmə çatdırırlar. Çəki ağır gəlsin deyə şişirdilir. Diqqət etmisinizsə, toyuq filesinin dadı ət dadı vermir”.
Məlumat üçün deyək ki, təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar. Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir. Toyuqlar kəsilən kimi — 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.
Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.
Azərbaycanda 40, Türkiyədə 28
Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev qonşu dövlətlərdən və bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda süni yemləmə sisteminin mövcud olmadığını deyir. Onun sözlərinə görə, yerli müəssisələrdə yem təbiidir. Onun tərkibi taxıl, qarğıdalı və günəbaxan tumunun yağından ibarətdır: “Bizdə yemin tərkibinə hormonal dərmanlar qatılmır. Yalnız onların xəstəliklərə qarşı immunitetini artırmaq üçün yemlərinə müvafiq dərmanlar əlavə edilir. Azərbaycan broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, bizdə toyuq 40 gündən tez kəsilmir. Türkiyədə isə 28 gündür”.
Toyuqların qısa müddətdə 1-1,3 kiloqrama çatmasına gəldikdə, cəmiyyət sədri buna intensiv yemlənmə nəticəsində nail olunduğunu deyir: “Yerli broyler toyuqlarının maksimum çəkisi 1,3-dür. Türkiyədə və İranda isə bu, 2-3 kiloqrama çatır. Ümumiyyətlə, yerli bazarda iri çəkili toyuqlara ehtiyac duyulmur”.
Gəlirli biznes
Haqqında deyilənlərə, yayılan məlumatlara rəğmən son illər ölkədə inkişaf edən sahələrdən biri məhz quşçuluq biznesidir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin böyük hissəsi məhz bu sahəyə yönəlib. Hazırda yerli bazarda “Siyəzən Broyler”, «Dəvəçi Broyler», “Hövsan Quşçuluq” MMC, “Zirə Broyler” fabriklərinin məhsullarının satışı üstünlük təşkil etsə də, ölkədə 40-dan artıq broyler fabriki fəaliyyət göstərir. 2014-cü il ərzində isə daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir.
iqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq yumurta və 164,5 milyon əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 milyon manatdan çox güzəştli kredit verilib. Artıq 28 quşçuluq təsərrüfatı istifadəyə verilib, 2014-cü il ərzində daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir. Son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97.3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb.
Əgər 9-10 il bundan əvvəl Azərbaycan bazarlarında Türkiyə, Rusiya və başqa ölkələrdən gətirilən toyuq əti çoxluq təşkil edirdisə, indi yerli məhsul onları üstələyib. Bazardakı hər 5 toyuqdan 3-ü yerli istehsaldır. Məhsulların satış qiymətinə gəlincə, broylerlərin 1 kiloqramının qiyməti 2 manat 80 qəpik — 4 manat arasında dəyişir. Amma bu qiymətə broyler alan istehlakçının nə dərəcədə keyfiyyətli quş əti ilə qidalana bildiyi sual altındadır.
Hazırlayan: Naibə QURBANOVA
Tibb.az