Televizorun uşaqlara təsiri
Körpəlik dövrü 0-2 yaş arasıdır. Bu müddətdə televizora baxan körpələrin inkişafında gerilik müşahidə edilir. Uşaqlar yaşıdları və böyüklər ilə ünsiyyət qurmağa həddindən artıq ehtiyac duyurlar. Televiziyada uşaqlara uyğun olmayan proqramlar, onların qorxmasına və zorakılığa meylli olmasına səbəb olur. Valideynlər uşaqların kompüter və televizor arxasında keçirdikləri vaxta nəzarət etməlidirlər. Bunun üçün sərhədlər, limitlər qoymalı və nəzarət etməlidirlər.
Əvvəlcə uşağın televizor vaxtı müəyyənləşdirilməli və bu vaxtdan kənara çıxmağa icazə verilməməlidir. Özlərini tək hiss edən uşaqlar kompüter və televizordan gün ərzində 1-2 saatdan çox istifadə edirlər. Ümumiyyətlə, evdə yaşayanların hamısı üçün televizora baxmaq vaxtını müəyyənləşdirmək məqsədəuyğun olardı.
Ailəvi yemək yeyəndə qəti olaraq, televizordan imtina etmək lazımdır. Bu texnologiya cihazlarından mükafat və ya cəzalandırma vasitəsi olaraq istifadə edilməməlidir. Valideynlər çox zaman məşğul olanda televizorla uşaqlarının başını qatmağa çalışırlar. Əsasən, buna müvəffəq olurlar. Ancaq bu, uşaq tərbiyəsi və inkişafı üçün səhv addımdır. Uşaqlar valideynlərini özlərinə nümunə götürdüyü üçün bu situasiyada ehtiyatlı olmalıdırlar.
Övladınızın qaydalara riayət etməyini istəyirsinizsə, əvvəlcə siz bu qaydalara riayət etməlisiniz. Televizor və kompüter arxasında vaxt itirmək əvəzinə uşaqların digər uşaqlarla ünsiyyətdə olması, onlarla yeni oyunlar qurması, qoyduqları qaydalar əsasında oyun oynamaları, həm maraqlı vaxt keçirmələrinə, həm də stressdən azad olmalarına çox kömək edir. Uşaqların küçədə oynadığı oyunların onların sosiallaşmasına, yoldaş mühiti tapmalarına və emosional inkişaflarına olduqca müsbət təsiri var. Odur ki, uşaqlarınızı ev həbsxanasından azad edin ki, onlar da kompüter və televizor kimi cihazların əsiri olmasınlar.
Mənbə: 1937.az