Son dövrlər ha istədim bu intihar xəbərlərinə qulaq tıxayım, internetdə gedən bu pessimizm, depressiya gətirən xəbərlərə gözümü yumum, mümkün olmadı. Bəd xəbərlərin qolları məndən güclü çıxdı. Əslində, intihar haqqında yazmağı çoxdan düşünürdüm. Belə ki, hardasa 2-3 il bundan qabaq ölkədə, sanki, intihar bumu yaşanırdı. İntihar edənlərin də çoxu az yaşlı uşaqlar və cavan gəlinlər idi.
Məni dəhşətə salan xəbərlər 7-9 yaşlı uşaqların intihar etməsi idi. Belə sadə və eyni zamanda da faciəli sual məni girinc-giriftar eləmişdi: “7 yaşında uşağın kəndiri bağlamağa gücü, hündür yerə əli və intihar etməyə cəsarəti necə çatırdı?”
Bu tip xəbərlərin sonu insanı daha da qıcıqlandırırdı: “Cinayət işi başlanıb, fakt üzrə araşdırma aparılır”. Amma sonradan intihar üzrə heç bir araşdırma faktının nəticəsi xəbər saytlarında yayımlanmırdı. Xəbər saytları, sanki, intihar xəbərlərinə daha maraqlı idilər, nəinki, onun araşdırma nəticəsinə.
İndi yenidən bu intihar dalğasının ölkəmizi bürüməsindən sonra məni fikir götürdü. Nədir axı səbəb? Hərçənd ki, bu məsələ ilə sosial institutlar, psixoloqlar, dövlət orqanları məşğul olmalıdır. Bəlkə, məktəblərdə bununla bağlı yeni dərs salınmalı, “İntihar etməmək üçün 100 səbəb” adlı dərslik üzrə də tədris olunmalıdır.
Dostum yazıçı Ziyad Quluzadənin bir fikrinə rast gəldim: ”İntihar dalğasının səbəbi, heç şübhəsiz, sadəcə, maddi vəziyyətin ağır olmasından qaynaqlanmır. Həm də milli və kütləvi inamsızlıq, ruhsuzluq halıdır”. Yerində işlənmiş ifadədir. Bu fikirlə tam razıyam. İntihar etmək üçün yalnız maddi imkansızlıq səbəb ola bilməz. Belə olsaydı, bəlkə, gündə özünə qəsd edənlər bomjlar və dilənçilər olardı. Hərçənd ki, onların sabaha inamı belə çıxır ki hər gün intihar edən gənclərinkindən daha çoxdur. Razıyam, indi elə dövrdə yaşayırıq ki, sanki, dünya, həyat özü bizim qəsdimizə dayanıb. Hər gün hansısa tərs situasiya, hadisə, hətta bəzən yaxınlarımız, sevdiklərimiz bizi dərin depressiyaya sürükləyə bilərlər. Amma adam gərək təslim olmasın axı.
Yaşamaq eşqini, işığını, öz içində tapsın və bu işığı həyatı boyu öz içində daşısın. Nəzəriyyədə bunlar çox gözəl səslənsə də, həyatda özünü doğrultmur. Hər halda intihar çıxış yolu deyil. Həyat eşqinin zəif olmasıdır, bəlkə. Həyat eşqi dedikdə həmişə bir situasiyanı xatırlayıram. Axşam vaxtı evə avtobusla qayıdırdım. Saat hardasa 8-9 iradələri olardı, bəlkə də, daha gec. İnqilab küçəsində avtobusa iki yaşlı qadın mindi. Birinin əlində böyük gül dəstəsi vardı. İkisinin də milliyyəti rus idi. Qalxıb onlardan birinə yer verdim.
Əlində gül dəstəsi olan qadın mənim yerimdə, o biri qadın isə arxa oturacaqdan duran oğlanın yerinə oturdu. Artıq ayaqüstə olduğumdan avtobusun gözümə daha rahat görünən tərəfinə çəkilmək istəyirdim ki, gül dəstəsinin sahibəsindən gələn parfümün qoxusu məni uzağa getməyə qoymadı. Yaşlı xanımın belə cəsarətli parfümdən istifadə etməsi məni bir az təəccübləndirdi. Hərçənd ki, başqa bir nüans da artıq diqqətimi cəlb etmişdi. Qadınların hər ikisi də yaşlarına uyğun olmayan al-qırmızı dodaq boyasından istifadə etmişdilər.
Düzü, bu onları bir az da daha maraqlı edirdi. İkisinin də təbəssümü üzlərinə elə yapışmışdı ki, həftə içi işdən qayıdan adamlarla dolu avtobusda bu təbəssümlər bir az yamaq kimi görünürdülər. Amma onlara baxa-baxa, deyəsən, mən də gülümsəyirdim.
Əlində gül dəstəsi olan xanım məni bir azca aşağı, özünə sarı əyib, ona yer verdiyim üçün rus dilində yenidən təşəkkür etdi. Mən də, təxmini, “bir şey deyil, narahat olmayın” kimi cavab verdim. O, bir daha əlindəki dəstəyə işarə edərək: “bu gün mənim ad günümdür, rəfiqəmlə qeyd etməkdən qayıdırıq” – dedi. Gözlərim artıq böyüməyə başlamışdı. Və bu son zərbə oldu. “85 illiyimdi”- yenidən qırmızı boyalı dodaqları ilə gülümsədi. Bax buna deyərəm həyat eşqi və s. və ilaxır.
Hərdən 25 və ya 30 illiyimizi keçirtməmək üçün min bəhanə axtarırıq, bəzən də yaşamamağa səbəb axtarıb, özümüzü asırıq, yandırırıq, hündür mərtəbəli binalardan atırıq. Bəlkə, iki dünya müharibəsi görmüş bu qoca qadınların pozitivliyi, optimistliyi adama elə sirayət edirdi ki, adam lap epidemiyaya tutulan kimi yoluxmaq istəyirdi. Yoluxub bütün Bakının canına həyat eşqini salmaq istəyirdi...
Günel Eminli
Mənbə: 1937.az