Tənha klounun arzusu

Tənha klounun arzusu

İllərdir görmədiyim bir tanışımı şəhərdə gördüm. Bir müddət işsiz qaldığını eşitmişdim, odur ki, işini xəbər aldım.
-Hə, hə işləyirəm
-Buna çox sevindim, demək iş tapdın?, — üzümü sevinc aldı, — Nə işdir? Xoşuna gəlir?
-Əvvəl asan gəlirdi, sonra isə çətin olduğunu başa düşdüm.
-Lap əla, — düzü bu haqda sorğu sual etməyi sevməsəm də, onun yeni işi mənə maraqlı gəldi və:
— Sirr deyilsə, nə işdir qadası?, — deyə irişdim
-O bir saniyəlik fikrə getdi və qəribə görkəm aldı, sonra:
-Zəhrimarı təmizləyirəm, — dedi
Mən təəcübləndim:
-Necə yəni zəhrimarı təmizləyirəm?
-Hə də… Təmizləyirəm. Hər gün səhər-səhər hamı işə gedəndə, mən də şəhərə çıxıram və təmizləyirəm
Elə bildim məni dolayır, əsəbləşdim, səsimin tonu dəyişdi və sərt şəkildə:
-Axı nəyi təmizləyirsən? Nə adamlar? Nə şəhər, nə zəhrimar???
-O saçları tökülmüş başını qaşıdı. Dazının üstündə köhnə qəbiristan daşlarını xatırladan bir, iki tükü barmaqlarını arasından sürüşüb çıxdı, sanki saçlarının yağı barmaqlarında ilişdi. Diqqətlə bir nöqtəyə baxdı və bayaqki qəribəliklə dilləndi:
-Səhər-səhər işə gedən vətəndaşlarımızın üzündən yağan zəhrimar var ha, bax o zəhrimarı təmizləyirəm.
Başımı aşağı salıb, yerimdə mıxlandım, illərdir düşündüyüm halın bir dahaki təsdiqi məni yaman məyus etmişdi. Başımı qaldırdıqdan sonra tanışım artıq uzaqlaşmışdı.

İki həftə sonra eşitdim ki, sevgilisi onu qoyub gedəndən sonra başına hava gəlib. Anası danışırmış ki, uşaq vaxtı kloun olmaq istəyirmiş, amma atası “köhnə kişilərdən olduğuna” görə onu qoymayıb. Məktəbi bitirəndə İncəsənət və Mədəniyyət universitetinin aktoyrluq fakultəsiylə bağlı arzularına baxmayaraq bu dəfə  qabağını babası kəsib ki, mənim nəvəm təlxək deyil ki, kiməsə şit-şit ağız burun əyərək özünü aləmə güldürsün. Sonra bunu evləndirdilər ki, nəvə görsünlər, vaxt gedir nə bilim daha nə. Həyat yoldaşı ilə yola getmədiyindən evləndikdən 1 il keçməmiş boşandılar. Zavallının bir az rəssamlığı da var imiş və hər axşam eyvanında kloun şəkilləri çəkib küçəyə vızıldadardı. İki il bundan qabaq bir qızla tanış olduqdan sonra ona klounluq arusunu deyib, qız da üç gündən sonra onu qoyub gedib ki, bəs kloundan mənə ər olmaz, adamlar mənə və ailəmə nə deyər? Bu ayrılıqdan da sonra onu həmişə balkonda yenə də rəsm çəkərkən görürdülər. Şopenin musiqiləri altında eyvanından uçuşan kloun rəsmləri az qala həyətin bütün yerini örtürdü. Qısa zamanda ona axmaq kimi baxmağa başlamışdılar. Atasının ölümündən sonra da anası xəstələndi və öldü. Tamamilə tək qaldıqdan sonra  tanışım Ayxan tez-tez bulvarda görünürmüş. Onun haqda bu qədər xəbəri eşitdikdən sonra marağımdan dinc dayana bilmədim, yollandım onların həyətinə və qarşıma çıxan ilk adamdan onu xəbər aldım.
-Salam, qardaş, Ayxanı tanıyırsan?
-Salam, bəli. Nədir ki?
-Nə olub ona? Uşaqlar dedi nəsə psixi gərginliyi var?
-Ayxan özünü dənizə atıb öldürdü
Başımdan sanki isti buxar qalxdı, iki üç dəfə udqundum, — Necə? Nə vaxt?
-Üç, dörd gün olar, yeni basdırıblar, dee sevgilisi orada gəzir
klounTanımadığım oğlana çox sağ ol deməmiş onun göstərdiyi qıza tərəf qaçdım. Mavigözlü sarışın bir xanım bir nöqtəyə zillənərək nəsə barədə susmuşdu. Hiss olunurdu ki, ağlayıb və sonra tədricən sakitləşib.
-Salam xanım, bilirəm çox ağırdır, amma olar bir...
-O getdi, həmişəlik getdi.
-Allah rəhmət eləsin
-Allah mənə lənət eləsin, mən onu anlamadım
-Özünüzü günahlandırmayın! Bununla heç nə dəyişməyəcək! Ölənlə ölməzlər
-İndi məgər sağam? Ondan sonra mən canlı meyidəm.
Hiss elədim ki, sözlərinin kədərindən damarımdaki damarlarım sıxılır, sanki qanım donur.
-Əvvəl atası və babası, sonra nə bilim anası, sonra arvadı və sonda da mən onu öldürdük.
-Sakitləşin xanım! Son dəfə onu görəndə qəribə olduğunu hiss etdim, işini soruşanda isə...
-Hə, Sizə də dedi? Elədir, hər şey elədir, dediyi kimi.
-Yadıma Ayxanın son görüşdə dediyi kəlmələr düşdü “Səhər-səhər işə gedən vətəndaşlarımızın üzündən yağan zəhrimar var ha, bax o zəhrimarı təmizləyirəm”
-Mən heç nə başa düşmürəm, nə elədir?
-Mən onu atıb gedəndən sonra bütün günü eyvanda oturub kloun şəkilləri çəkərmiş, çəkdiyi şəkilləri yuxarıdan aşağı atarmış ki, həyətdəki uşaqlar sevinsin, gülsün. Həmişə deyərdi ki, mənim Allahım gülüşdür, sevincdir, — onu ağlamaq tutdu sonra özünü ələ alıb gözlərini göyə zillədi, sanki Ayxan oradaymış kimi yenidən danışmağa başladı:
-Deyirdi ki, bu dünyada heç olmazsa bir nəfəri də ürəkdən güldürə bilsək, sevinc bəxş etsək, hər gün dünyada kədər və qüssə azalar. Elə bunu deyə-deyə, bir gün üzgözünü kloun kimi boyayıb şəhərə çıxdı. Cibinə çoxlu konfet qoymuş, müxtəlif rəngdə şarlar şişirmişdi. Adamlara yaxınlaşıb gülürdü və klounlara xas olan hərəkətlərlə onları da güldürürdü. Deyirdi bizim millət çox kədərlidir, səhər-səhər isə adamların üzündən lap zəhrimar yağır, deyirdi o zəhrimarı təmizləmək lazımdır,deyirdi ki, o zəhrimar onların üzünə, baxışlarına hətta əməllərinə də qonub və mən onları heç olmazsa bir az təmizləməliyəm… deyirdi və hər gün metroda, avtobusda adamları güldürmək istəyirdi, elə bilirdi ki, bu zəhrimar təmizlənəcək, onları bu zəhrimardan azad etmək istəyirdi.
-Mən bayaqdan çıxmayan səsimi xırıltıyla işə saldım, səsim güclə açıldı:
-Bəs sonra?
-Sonra gücsüz olduğunu, tənha olduğunu, atılmış olduğunu anldı və gedib özünü dənizə atdı.
-Heç kimə heç nə...
-Yox heç kimə heç nə demədi, sadəcə bir kağız yazdı qoydu, onu indi hər gecə qucaqlayıb yatıram.
-Nə yazılmışdı o kağızda?
Qız ironiya ilə gülümsündü, yanağından bir damcı göz yaşı yaş asfaltda sürüşən maşın kimi üzü aşağı sürüşdü və:
-Bacardıqca gülün və güldürün… sevin! Heç nəyə baxmayaraq gülün, güldürün və sevin!

Ayxanın yaşadığı blokun qabağında dayandım, çəkdiyi kloun şəkillərindən bəziləri hələ də yerdə idi. Bir uşaq yerdə olan rəsmlərdən birini götürüb digərinin üstünə qaçdı, hər ikisi ürəkdən gülməyə başladılar. Onlar faciədən xəbərsiz idilər. Səhər-səhər işə gedəndə Ayxana bir daha acıdım, dərdi böyükdən də böyük imiş… Adamların çoxusunun üzündəki zəhrimar təpənməz, sarsızlmaz və məğlubedilməz olaraq qalmaqda idi.

MÜəllif: Rüzgar Mövsüm
Bakı, 2014
Top