Hər yaşın öz gözəlliyi var, əlbəttə ki, həyatı düzgün qura bilsən. Gənclik nə qədər cazibəli, nə qədər şirindirsə, qocalıq ondan da təravətli, nurludur. Amma yetər ki, hər kəs öz yaşının, həyat mərhələsinin şərtlərini anlasın, yaşasın. Bir vaxtlar ailə dağıtmaq, kiçiyin böyüyün üzünə, necə deyərlər, ağ olması fəlakət, faciə hesab olunardı, amma indi bütün bunlar adi hal alıb, elə özümüz də barışmışıq belə mənzərələrlə...
Bəli, mənəvi aşınmamızın ən həssas nöqtələrindən biri də ağsaqqal, ağbirçəklərlə, valideynlərlə rəftarın, davranışın zəif olmasıdır, daha doğrusu, onlara qarşı laqeydliyimiz, biganəliyimizdir. Bəlkə elə bunun nəticəsidir ki, bu gün qocalar evi dolub-daşır, hələ bəlkə neçə-neçə bu cür evlər tikilsə yenə tələbatı ödəməyəcək, yəni ora müraciət edənlərin sayı qat-qat çox olacaq. Bax bu fakt mənəvi aşınmamızın ən aydın göstəricilərindəndir. Əgər bir övlad öz valideynini küçəyə atırsa, onun haqqında yaxşı nəsə söyləmək çətindir. Valideyni evdən qovmağa, istədiyimiz kimi rəftar etməyə heç birimizin haqqımız yoxdur.
Metroda, avtobusda bir yaşlıya rast gəlirik, durub ona yer verməyə də ərinirik. Yolu keçməkdə çətinlik çəkən bir qocanın əlindən tutub kömək etmək əvəzinə, yanından əl-qolumuzu yelləyə-yelləyə, ildırım sürətilə ötüb keçirik.
Bax bu fakt şüurumuzdakı aşınmanın göstəricisi deyilmi? Elə bu aşınmadır ki, içimizi sökə-sökə irəliləyir və böyüklərini küçəyə atmaqla nəticələnir.
Sənə sözüm budur: evinin, ocağının başında oturan ağsaqqalının, ağbirçəyinin qədrini bil, hər gün övladının əlindən tutub onu gəzməyə çıxaran, gecələr körpənin beşiyinə əyilib ona layla çalan, nağıl pıçıldayan ananın, atanın əlindən öp, qayğısını çəkməkdən çəkinmə, usanma, bezmə. Bir gün sən də qocalacaqsan, sən də nənə, baba olacaqsan. Beləcə gələcəyini göz önünə gətirib könlünü gül kimi kövrək, su kimi təmiz hisslərə təslim et. Təslim et ki, qarşındakı qocanın qəlbini əzən, ürəyini qıran rəftara yol verməyəsən, sərt davranışınla bu dünyanı onun başına dar etməyəsən. Hərdən xoş sözlər pıçılda qulağına, “ailəmin aynasısan” de, nə olar, bu bir-iki kəlməni deməklə dünya dağılmayacaq ki. Ona görə fikirləş, yaxşı-yaxşı fikirləş...
Mənbə: Zaman Azərbaycan