Qış aqressiyası

Qış aqressiyası

“Yenə soyuq havalar başladı” — deyib, şikayətlənirsiniz? Əhvalınız bu aralar heç yaxşı deyil? Bu soyuqlar sizi lap boğaza yığıb? Onunla da münasibətlərinizdə problemləriniz var? Əgər bütün suallarımıza həvəssiz şəkildə başınızın işarəsiylə “hə” deyə cavab verirsinizsə, elə isə bu yazı sizin üçündür! Oxuyun və verəcəyimiz məsləhətlərə diqqət edin.   

   Diqqət!
   
   Fəsillərin də insan həyatının gedişatına böyük təsiri var. Yaz və yay mövsümündə dinamik, pozitiv enerjili olduğumuz halda, payız və qış aylarında sanki ağır mənfi yüklü enerji ilə yüklənmiş oluruq. Təbii ki, bunun da birbaşa olaraq mövsüm dəyişiklikləri ilə əlaqəsi var. Təbii ki, təbiətə qarşı çıxmaq mümkünsüzdür. Lakin “hər şey insanın öz əlindədir” misalına sadiq qalıb hər şeyi öz xeyrinizə dəyişdirə də bilərsiniz.
   
   Günəş şüalarının xeyri
   
   Qış aylarında həm qadınlar, həm də kişilər heç nədən söz-söhbət yaratmağa daha çox meyilli olurlar. Soyuqdan bütün günü evə qapanıb qalmış cütlüklər daha tez-tez sözləşirlər. “Duyğularınızı sağlamlaşdırın” kitabının müəllifi Barton Goldsmith belə söz-söhbətlərin yaranmasında ən önəmli səbəbi Günəş şüası qəbulunun əskikliyində görür. Belə ki, Günəş şüasının az qəbul edilməsi orqanizmdə maddələr mübadiləsi zamanı serotonin maddəsinin aşağı düşməsinə və nəticədə ruhi tarazlığın bərpa olunmamasına səbəb olur. Bu da gün ərzində 15 saata qədər Günəş şüasından faydalana bildiyimiz yaz ayları ilə müqayisədə daha çox aqressiv olmağımıza yol aça bilir.
   Əgər sevdiyiniz insanla aranızda yaşanan belə mənfi halların keçməsini istəyirsinizsə, hər fürsətdə bir yerdə xoş vaxt keçirməyə çalışın. Günəş şüaları altında gəzmək həm serotonin, həm də D vitamininin səviyyəsini artırır.
   
   Soyuğun menyusu
   
   Soyuq aylarda bəzən yemək rejimi də dəyişir. Buz kimi soyuq havada “Kaş evdə dadlı isti yemək olardı” arzusunu qurub evə tələsirik. Yaxud səhərləri yuxudan oyanmaq kimi problemləri də bu aylarda yaşayırıq. “Ruhunuza çarə” adlı kitabında müəllif Julia Ross soyuq fəsillərdə insanların daha çox karbohidrat tərkibli qidalara, spirtli içkilərə meyilli olduğunu qeyd edərək bunun orqanizm üçün zərərli olan tərəflərinə də toxunur. Belə ki, bu hallar normadan artıq qidalanmağımıza, yemək yeməyimizə və özümüzü pis hiss etməyimizə səbəb ola bilər. Bu vəziyyətdən xilas olmaq istəyirsinizsə, zülal tərkibli qidalara üstünlük verməlisiniz. Yaxşı bişmiş ət, balıq, pendir və yumurta kimi qidalar bədəndə serotonin hormonunun səviyyəsini artırır, bu da sizin yaxşı əhval-ruhiyyədə olmağınıza kömək edər. Səhərləri mədənizi karbohidratlı qidalarla doydurmağın yaxşı bəslənmə olduğu əfsanəsini unudun. Əlbəttə ki, bunu etmək sizə bir az çətin olacaq, amma nəticədə özünüzü daha gümrah və enerjili hiss edəcəksiniz. Belə hallarda isə nə ayrılıq olacaq, nə də aqressiya...
   
   Hazırladı: Yeganə Cansail

Top