Batil inanclara inamınız yoxdur, lakin bütün tərsliklərin sizin başınıza gəldiyini düşünürsünüz, eləmi? O zaman özünüzü bu yazıda axtarın...
Deyirlər, ilanın zəhləsi yarpızdan gedər, o da onun yuvasının ağzında bitər. Sizdə də belədir? Sanki qaçdığınız problemlər dönüb-dolaşıb sizi tapır. Eyni sevgi hekayəsi və eyni ayrılıq nəticələri yaşayırsınız. “Niyə hər dəfə mən aldadılıram?”, yaxud “Niyə istədiyim kimi iş tapa bilmirəm?” və s. bu tip suallarla qarşı-qarşıya qalırsınız. Xalq arasında “dəvəsi ölmüş ərəb” kimi adlanan bu durumları gündəlik həyatımızda da yaşayırıq. Bəzən bütün günü işlərimiz yaxşı getmir, sanki qara buludlar başımızın üstünü alıb.
Belə hallar adətən psixoloqlar tərəfindən müxtəlif formada qiymətləndirilir. Hadisəyə necə yanaşırıqsa, elə də yaşayırıq. Psixoloqların məsləhətlərinə görə, belə halları yaşamamaq üçün hər səhər yerinizdən qalxanda “
Bu gün necə də gözəl gündü” — deyib, ətrafınızda pozitiv enerjini formalaşdırmalısınız. Məhz gününüzün yaxşı keçəcəyi qərarını da elə o andan etibarən özünüz verməlisiniz. Hətta gün ərzində mənfi hallarla da rastlaşsanız belə, bu, sizə o qədər də pis təsir etməyəcək. Çünki siz artıq hadisələrə müsbət tərəfdən yanaşmağa qərarlısınız.
Bir qrup psixoloqların fikrincə isə belə sualları yaşamamaq üçün uşağın tərbiyəsində kiçik yaşlarından insanlara güvənmə hissini formalaşdırmaq lazımdır. Əgər ailədə valideyn övladına “
Dostlarına çox güvənmə. Sirrini heç kəslə bölüşmə, bir gün sənə qarşı istifadə edərlər”, yaxud ana öz qızına “
Oğlanlara inanmaq olmaz, qızım” deyirsə, artıq o uşaqda insanlara qarşı etibarsızlıq hissinin toxumları cücərir.
Psixoloq məsləhətlərinə görə, bütün bunların doğru yolu belədir. Valideyn övladına “
dostlarına inan, amma bununla yanaşı özünə aid şəxsi sirlərini çalış elə özündə saxla”, yaxud ana qızına “
Əminəm ki, sən həyatında ən doğru oğlanı seçəcəksən. Bəzi oğlanlar etibarsız olsa belə bəziləri aldatmaz” və s. bu kimi güvən stimullarını verməlidirlər.
Bacarıqsızlığınızın səbəblərini həmişə özünüzdə axtardığınız halda “Niyə məhz mən?” deyirsiniz. Bu da psixoloji durumunuzun pozulmasına səbəb ola bilər. Adətən belə hallarda isə psixoloqların məsləhəti bundan ibarətdir: “Uğursuzluğuma nələr səbəb oldu? Ola bilsin ki, yaşadıqlarım bütün insanların başına gələ biləcək hadisələrdi” və s. bu tipli sözlərlə özünüzü uğursuzluq bataqlığından xilas edə bilərsiniz.
Belə hallarda oxları özünüzə çevirməyin, yoxsa bu durum sizin üçün növbəti dəfə yenidən qaçılmaz ola bilər. Adətən həyatda bir şüarı həmişə üstün tutmağı bacarmalısınız: “Özümə dəyər verməsəm, başqaları da mənim dəyərimi bilməz”. Ən əsası isə özünüzə tez-tez “Xoşbəxtəm, daha da çox xoşbəxt olmağım üçün nələri etməliyəm”- deyib, uğurlara gedən yolları axtarmalısınız.
Hazırladı: Yeganə Cansail