Oturaq iş: rahat qazanc, yoxsa cana qəsd?

Oturaq iş: rahat qazanc, yoxsa cana qəsd?

Bir sıra insanların işləmək üçün can atdıqları və rahat iş sandıqları «oturaq», başqa sözlə «ofis işləri»nin çox mənfi fəsadları var.

Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və tibbi profilaktika fakültəsinin dekanı, tibb elmləri namizədi Aydın Məmmədov  bildirib ki, oturaq şəraitdə işləyənlər kompüterlə təmasda olduqda bu zərərlər daha da artır.

Onun sözlərinə görə, oturaq şəraitdə işləyənlərdə, xüsusilə qadınlarda çanaq boşluğu orqanlarında qan durğunluğu yaradır, mədə-bağırsaq sisteminin fəaliyyəti məhdudlaşır. Bunun da nəticəsində qəbizlik yaranır. Buna görə də bağırsaq möhtəviyyatında parçalanmış məhsullar qana sorulmağa və orqanizmi zəhərləməyə başlayır.

Oturaq şəraitdə görülən iş nəticəsində həm qadınlarda, həm də kişilərdə düz bağırsaqda, yoğun bağırsağın çıxacağında baş verən durğunluq babasil xəstəliyinin inkişafına şərait yaradır. Digər tərəfdən, qadınlarda yumurtalığın və uşaqlığın fəaliyyətində durğunluq yarandıqda onların menstural fəaliyyətinə və hamiləlik zamanı dölün inkişafına zərərli təsir edir.

Oturaq şəraitdə işləyənlərin aşağı ətraflarında daimi durğunluq olduğundan həmin nahiyyələrdə venalarda qanın hərəkəti çətinləşir. Nəticədə varikoz genişlənmələr və digər patoloji damar xəstəlikləri yaranır.

Məmmədov deyir ki, oturaq pozasından və yaşdan asılı olaraq, belə işdə işləyənlərdə qozbellik, onurğa sütununda əyrilik, «toyuq döşlüyü» (sinənin önə verilməsi) meydana gələ bilər.

«Oturan şəxsin oturduğu stul anatomik quruluşa uyğun gəlmirsə, belə deformasiyalar yarana bilər. İnsan uzundursa, əyilməlidir, qısa boyludursa, dartınmalıdır. Bunlar özü də əzələlərin, sinirlərin işinə mane olur. Bunun da nəticəsində insanda tez yorulma baş verir, diqqətsizlik yaranır», — mütəxəssis deyib.

O bildirib ki, oturaq şəraitdə işləyənlər kompüterlə işlədikdə bu, iş şəraitinin zərərini daha da artırır. Bu təsirləri azaltmaq üçün daxili müdafiə sistemi daha güclü olan kompüterlərdən istifadə etmək lazımdır. Kompüterin növündən asılı olaraq, ondan hətta yumşaq rentgen şüaları da xaric ola bilər. Köhnə, ucuz kompüterlərin elerktromaqnit dalğaları ürək-damar sistemi, sinir sistemi xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

Məmmədov deyib ki, insan kompüter otağında uzun müddət işləyirsə və otaqda ventilyasiya sistemi yoxdursa, ürək-damar sisteminin fəaliyyətinin pozulması nəticəsində bayılma da baş verə bilər. Kompüter həm də barmağın ucunun dərisinin yeyilməsi təhlükəsini də yaradır.
Kompüterə yaxın əyləşdikdə gözün iş qabiliyyəti tez pozulur. Buna görə də zərərli amillərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.

I sinif şagirdi kompüter qarşısında fasiləsiz 10 dəqiqə, XI sinif şagirdi 20-30 dəqiqə oturmalıdır. Ancaq daimi işi kompüter qarşısında olan, yaşı 18-dən yuxarı şəxslər 2 saatdan bir, ən azı, 10 dəqiqəlik fasilə etməlidirlər. Bu fasilədə müəyyən gimnastik hərəkətlər edilməli, oturaq pozadan dinamik pozaya keçilməlidir. 

Eyni zamanda, bağırsaqların hərəkətini normallaşdırmaq üçün bir az gəzmək lazımdır. Fasilə vaxtı gözün yorğunluğunu almaq üçün də hərəkətlər edilməlidir. Bununla gözdə görmə qabiliyyətinin pozulmasının qarşısı alınar. Belə adamlar xüsusi qaydada qidalanmalı, maye, göyərti, zəngin qidalara, meyvə-təzəvəzə üstünlük verməlidirlər. Tərkibində selloza olan məhsullara daha çox üstünlük verilməsi bağırsağın işinə müsbət təsir edir.

«Almanın, pomidorun qabığı həzm olunmasa da, bağırsaq mikroblarının fəaliyyətinə müsbət təsir edir. Onlar bağırsaqdakı ağır metalları, radiaktiv maddələri, artıq xolestreni, zərərli maddələri özü ilə birgə çölə çıxarır. Zoğal, albalı mürəbbəsinin məti 5 atomlu karbohidratlar — qida lifləri ilə zəngindir. Qəbizlik olan insanlar mütləq tərkibində selloza olan maddələri qəbul etməlidirlər. Bəzi zərərlli peşələrdə işçilərə kisel verirlər, çünki onun tərkibində jele var», — mütəxəssis deyib.

Onun sözlərinə görə, oturaq işdə işləyənlərin iş saatı da çox olmamalıdır. Bundan başqa, zehni işlə məşğul olanlar üçün məzuniyyət elə müəyyən edilməlidir ki, işçi həmin müddətdə itirilmiş enerjisini bərpa edə bilsin.
Top