Əvvəlcə, hər şey öz axarında, qaydasında gedirdi. Sonra isə… Elə bil vəziyyət bir andaca dəyişdi, mehribanlığın, o səmimiyyətin ömrü çox çəkmədi, beləcə, xoşbəxtlik də, romantiklik də nifrətlə əvəz olundu, aralarında problemlər yaşanmağa başladı. Görünür, tələsmişdilər bir-birinə razılıq verib evlənməkdə. Odur ki, sevsələr də ayrıldılar...
Mövzu olaraq, ər-arvad münasibətlərinə həmişə geniş yer verilib, bu münasibətlərə aydınlıq gətirilib. Çünki bu gün əksər boşanmaların kökündə ərlə arvadın tamamilə fərqli xarakterə, fərqli dünyagörüşünə malik olmaları dayanır.
Bəli, ailənin möhkəm təməllər üzərində qurulması vacib şərtlərdəndir. Təməl, bünövrə möhkəm olmadıqda, əlbəttə ki, o ailədə nə qayınanaya, nə qayınataya, nə də ər-arvadın bir-birinə hörməti olacaq.
Boşanmaların, ayrılıqların da əsas zərbəsi övlada dəyir. Çünki o, məhkəmədən sonra ya atasız böyüməlidir, ya da anasız.
Heç olmasa, arada olan övladın xətrinə, onun gələcəyi, nikbin ruhda böyüməsi, qəlbinə nisgil toxumu səpilməməsi üçün sevənlər evliliyin elə ilk pilləsindəcə ürəklərində ali duyğuları, insani dəyərləri, mərhəməti cücərtməyi bacarmalıdırlar.
Bəli, evlilik, ailə qurmaq bir imtahandır. Bu imtahanın qarşımıza qoyduğu suallara yaşantılarımızla, görüb-götürdüklərimizlə doğru-dürüst cavab tapmağı üzərimizə düşən əsas vəzifə hesab etməliyik.