Mübariz ol!

Mübariz ol!


Bəzən hər şeydən bezirsən, ruhunda bir ölgünlük, əzginlik hiss edirsən. Həyat da gözündə adiləşir, insanlar da. Bir tərəfə çəkilib gözlərini bir nöqtəyə zilləyərək saatlarla beləcə lal-dinməz, sükut içində oturursan. Səni dindirib-danışdıran olmasa, bəlkə heç günlərlə yerindən də tərpənməyə  tənbəllik edərsən. Amma yox, səhv  edirsən, yadında saxla: həyat mübarizə aparmağı bacaranları sevər. Sən də mübariz ol, ruhdan düşmə, hələ hər şey qabaqdadır. Özünü ələ almağı bacar.

Çox mənzərə ilə üz-üzə qalacaqsan, çox hadisənin şahidi olacaqsan, qarşına xəbis də çıxacaq, xeyirxah da, səni sevən də olacaq, sevməyən də. Hər şeydən, hər sözdən küsüb incimə...

Fikir vermisənmi, yazın gəlişi ilə “yuxulu” təbiətin oyanışına?
Görmüsənmi iri bir daşın altından güclə də olsa, birtəhər baş qaldırıb səmaya “salam” verən kiçicik, zərif çiçəyin duruşunu? Sən də içində yaz təravəti, nəfəsində yaz qoxusu hiss et. Ruhunu təzələ, qəlbini xoş ovqata bağla, çünki hər şey qabaqdadır, nə özündən, nə də ətrafından küs, inci. Həmişə Allaha şükr et, dilindən duanı əsirgəmə, onda çox maneəni asanlıqla dəf etməyi bacaracaqsan. Yetər ki, sən ruhdan düşmə!

Top