Elm, texnika elə bir həddə çatıb ki, dünənki bu gün üçün köhnədir, günün tələbləri ilə ayaqlaşmaq böyük problemə çevrilib, hər nəsil özündən əvvəlkini təkzib edir, hər mövsümdə dünyanın başı üstündən bir bəla, bir xəstəlik əsib keçir.
Bəli, çox şeyləri anlayıb qavramaqda həmişəki kimi yenə valideynlərinin məsləhətinə ehtiyacın var. Amma bir şey var: çalış, məsələni qəlizləşdirmə, ata-ananın sənə sadə, adi dillə anlatdığı hər kəlməyə məna verib, onu problemə çevirmə. Bil ki, böyüklərin hər kəlməsi sənin ziyanına yox, xeyrinədir. Böyük sözünə əməl et, onların sözündən çıxma!
İndi sən yeniyetməsən, təkcə bir ailənin yox, xalqın gərəkli övladı olmağa, zamanın tələblərini doğru-düzgün anlamağa çalış. Tərbiyənlə, davranışınla yaşıdlarına nümunə ol, tərbiyənin ən səmərəli yolu nümunə olmaqdır.
Uşaq yetişdirmək Allah qarşısında bir borcu yerinə yetirmək deməkdir. Ona görə də əsəbiləşmədən, səsinizi qaldırmadan övladınıza məsləhət verin və mümkündürsə, ona bir az da haqq qazandırın, əziz valideynlər.