Rahat ola bilmirsənsə, ora ev demə!

Rahat ola bilmirsənsə, ora ev demə!

  
Ev dediyin günün stresindən, yorğunluğundan qurtardığın, hər cür ağrını, acını unutduğun, doğmalarınla, sevdiklərinlə bir araya gəldiyin tək ünvandır. Hər kəsin evində bir sevimli bucağı var: ya bir kreslo, ya bir divan, ya bir taxt, ya bir döşəkçə…
Ev insanın bu dünyada rahat olduğu ən gözəl ünvandır. Ev insan üçündür, insan ev üçün deyil.

Ancaq etiraf edək ki, bu gün Azərbaycan evi deyəndə çoxumuzun ağlına divar boyu tavana qədər boy verən servant və servanta düzülmüş müxtəlif qab-qacaqlar, müxtəlif serviz dəstləri gəlir. Amandır, əl vurmayın! Amandır, toxunmayın! Bircə dənəsi qırılsa, hamısı gözdən düşər. Zarafat deyil, ananın cehizidir. İyirmi ilə yaxındır ki, elə orada da durur. Özü də nə az, nə çox, bəlkə də, bir maşının pulu verilib. Ancaq heç vaxt bir işə yaramayıb, sadəcə olaraq, bir bəzək əşyası kimi servanta düzülüb.
 Evin ortasında böyük bir masa var, yaşı yetmişdən yuxarıdır. Deyirlər ki, baba onu filan bazardan alıb, özü də qoz ağacındandır. Hər dəfə yanından keçəndə ya ilişirsən, ya da bir yerin dəyib ağrıyır. Toxuna bilməzsən, çünki etirazlar yüksələr, səni baba yadigarına qarşı hörmətsizlikdə ittiham edərlər. Ancaq bu masa evdə hər kəsin yerini dar edir. Dörd nataraz ayağı, tünd şabalıdı rəngi, arabir qopmuş lakı ilə adamın ürəyini sıxır.

Divarda kəfkirli saat var. Bu da kiminsə yadigarıdır, heç doğru-düzgün də işləmir, ancaq orada durmalıdır. Saatdan bir qədər sağda saralmış bir şəkil asılıb. Babanın babasıdır. Hansısa yarımçıq sənətkar köhnə bir şəklin üstündə “düzəliş” edəndən sonra kişinin əyninə zolaqlı pencək “geyindirib”. Kişinin başındakı papağı ilə pencəyi arasındakı uyğunsuzluq ilk baxışdan diqqəti cəlb edir. 

Nə qədər lampa işığında oturmaq olar axı? Durub pəncərəni açmaq istəyirsən ki, gün işığı görəsən. Ancaq qırxtaxtalı tuman kimi çin-çin vurulmuş pərdənin arasından qapı-bacasını tapa bilmirsən. Bilmirsən üçqatdır, beşqatdır, nə qədər əlləşirsən, bir şey çıxmır. Pərdədən də əlini üzüb əvvəlki yerində oturursan.

Divardan xalça asılıb. Bu da cehizdir, az qala ağlın kəsəndən onu orada görmüsən. Daha o xalçanın çeşnilərinə baxa bilmirsən, hər dəfə baxanda da xalça yerinə divardan asılmış “təbii tozsoran” görürsən. Hansını sayım, hansını deyim? Ev deyil ki, muzeydir. Heç nəyə toxunmaq olmaz, heç nəyi tərpətmək olmaz.

Cəmisi iki otaqdır, uşaqlara az qala oturub-durmağı da qadağan edirlər: amandır, nəyisə qırarsan, amandır, nəyisə aşırarsan… Ona görə də hər dəfə yazıqlar həyətə düşəndə o qədər ora-bura qaçırlar, o qədər atılıb düşürlər ki, dizləri, dirsəkləri ya qanlı, ya da ən yaxşı halda toz-torpaq içində evə gəlirlər. Halbuki otağın az qala yarısını “işğal edən” o masanın yerində uşaqlar rahatca otura, ya da rahatca oynaya bilərlər.

Öz aramızdır, çox əşyabaz olmuşuq. Hər şeyin qədrini bilirik, bircə insandan başqa. Hər şey qiymətlidir, bircə insandan savayı. Ev gərəkli, gərəksiz şeylərlə doldurulub. Hara baxsan, bir darısqallıq görürsən. Hara baxsan, bir tünlük hiss edirsən. Ancaq bir həqiqət də var ki, evdə rahat ola bilmirsənsə, daha onun harası ev oldu ki?!

Top