Evdə, işdə, küçədə mübahisə edən adamlara rast gəlirik. Mübahisə edən adam içini, xarakterini gizləyə bilmir, necə varsa, elə də görünür. Baxırsan ki, birisi boğazının damarları şişə-şişə danışır, bir az səsinin tonu, bir az əl-qol hərəkətləri, bir az da ordan-burdan gətirdiyi misallarla dediyini qarşı tərəfə məcburi də olsa, qəbul etdirmək istəyir.
Kənardan obyektiv münasibətlə o mənzərəni müşahidə edəndə yüksək səs tonu ilə mübahisə edənlərin söylədiklərinin yalandan başqa bir şey olmadığını açıq-aydın görə bilirsən. Əmin olursan ki, onunku həqiqəti ortaya çıxarmaq yox, sadəcə olaraq, inadını qəbul etdirməkdir...
İndi təsəvvür edin ki, o yüksək səslə danışan adamın yerində sizsiniz və onu da təsəvvür edin ki, kənardan baxana necə görünürsünüz. Necə görünəcəksiniz? — Əlbəttə ki, pis! Hər işdə olduğu kimi, mübahisə etməkdə də bir ədəb, bir üslub var. Allah-Təala Qurani-Kərimdə bu haqda belə buyurur: “Əhli-kitabla mübahisə edərkən ən gözəl şəkildə və üslubda mübahisə edin”. Ayədəki “əhli-kitab” ifadəsi yəhudi və xristian dini mənsublarını nəzərdə tutur. Allah-Təalanın örnək verdiyi bu misal haqqında bir qədər düşünək: bir müsəlman ən çox hansı məsələ ilə bağlı başqa din mənsubu ilə mübahisə edər?
— Əlbəttə, din, həqiqət anlayışı ətrafında. İslamın Haqq din olması heç kimdə şübhə doğurmur. Yəni siz bu məsələdə haqlı olduğunuza öz varlığınıza əmin olduğunuzdan da artıq inanırsınız. Amma bu qədər əmin olduğunuz məsələdə belə, üslubu aşmayın, müsəlmana yaraşan tərzdən, üslubdan uzaqlaşmayın. Əgər din, iman məsələsi ətrafında əmr bu qədər ciddidirsə, dünya məsələlərində gərək heç səsinizin tonunu zərrə qədər də qaldırmayasınız. Ailə içində tərbiyə məsələsində davranış sözdən (yəni nəsihətdən) daha təsirli olur. Yəni sən uşağa hər gün eyni nəsihəti verərsən, amma uşaq sənin dediklərini qəbul etməz, amma səndə bircə dəfə gördüyü bir davranışı o anda götürər. İndi onu da təsəvvür edin ki, ailədə ya valideynlər arasında, ya da qonşularla mübahisə gedir. U
şaq kənardan durub sakitcə baxır, ata da nə qədər səsi çıxır danışır. Vəssalam, bu mənzərə atanın bütün söylədiklərinin o övladın nəzərində heçə dönməsi üçün kifayətdir. Çünki o mənzərə atanın o zamana qədər formalaşmış nüfuzunun iflasıdır. Tərbiyə, həqiqətən də, çox çətin məsələ, hər kəsin bacarmadığı işdir. Başqalarını tərbiyə özünü tərbiyədən başlayır. Haqlı olsan belə, səsini qaldırdınmı, demək zərər etdin. Çünki qarşı tərəf səni hövsələdən çıxara, haqlı olduğun halda, haqsız vəziyyətə sala bildi. Belə bir söz var: “Üslubi-bəyan hər kəsin özüdür”. Yəni hər kəsin ifadə tərzi, danışıq üslubu elə onun əsl xarakteridir.
Bəli, hörmətli oxucu! Bəzən haqlı olursan və qarşı tərəfin yersiz inadı səni hövsələdən çıxarır. Amandır, hirslənmə, səsini də qaldırma, doğru bildiyini söylə və söhbəti tamamla. Onsuz da kimin haqlı olduğu bir qədər sonra ortaya çıxacaq. Və bir də unutma ki, kənardan sənə göz qoyan var, vəssalam!
Mənbə:
xezerxeber.com/XeberOxu.aspx?id=32803a