Qayınana “sevgisi”: müharibəni kim bitirsin?

Qayınana “sevgisi”: müharibəni kim bitirsin?

Dahilərdən birinin sözüdür, “xoşbəxt olmaq istəyirsənsə, hər şeyə göz yummağı bacarmalısan”. Bu, həqiqət olsa da, insan övladı müəyyən qədər göz yummağı bacarır və bir gün səbir kasası dolur və…
Bakı sakini Elnarə Quliyevanın 27 yaşı var. 4 ildir ailə həyatı quran bu xanımın sözlərinə görə, ailəsində baş verən problemlərdən yorulub. “Bütün problemlərin başında da qayınanam durur”, – deyir müsahibim.
Dediyinə görə, sevdiyi insanla ailə həyatı qurub, həyat yoldaşı ailənin tək oğludur.
 “Qayınanam, demək olar ki, bizim bütün işlərimizə qarışır. Hara getdik, evə niyə gec gəldik, nə yedik, nə geyindik… Hətta yataq otağımıza qədər girir. Evdən heç yerə çıxa bilmirəm, bütün gün ev işləri ilə məşğul oluram. Bunu yoldaşıma deyəndə də, “tək oğulam, anam sevgisini mənə bağlayıb”, deyir. Öz övladıma belə analıq edə bilmirəm”, – deyən E.Quliyeva çarəsiz vəziyyətdə qaldığından, çıxış yolunu boşanmaqda görür.

Sosioloq Nəzakət Əhmədovanın sözlərinə görə, gəlin-qayınana münasibətləri həmişə günün əsas probemlərindən biri olub. Belə ki, gəlinlər qayınanalarının onların ailələrinə müdaxilə etməsindən, qayınanalar isə gəlinlərin oğullarına “sahib” çıxmasından şikayətlənirlər. Onun dediyinə görə, belə problemlər uzun müddət davam etdiyindən, bu, boşanma ilə nəticələnir. Həmsöhbətimiz hesab edir ki, gəlin-qayınana probleminin qarşısını almaq oğulun öhdəsinə düşür.

“Yəni oğul ailə qurduğu ilk gündən hər iki tərəfə yerini bildirməli, həyat yoldaşı ilə anasını üz-üzə, qarşı-qarşıya buraxmamalıdır”, – deyən N.Əhmədovanın bildirdiyinə görə, əksər vaxt oğullar: “Özünüz necə bilirsiniz, dolanın”, – deyərək, onları qarşı-qarşıya qoyurlar ki, bu da imkansızdır. “Çünki gəlin yad mühitdən bu ailəyə düşüb, qayınana isə oğlunu qısqandığı, paylaşmaqda çətinlik çəkdiyi üçün evinə gələn bu qızı qəbul etməkdə çətinlik çəkir. Evdə mübahislər baş qaldırır və bu, uzun müddət davam etdikdən sonra, qayınana gəlini bu evdə istəmədiyini, gəlin isə belə qayınana ilə birlikdə yaşamaqdan imtina etdiyini bildirir və ailə dağılır”.

Müsahibimə görə, bu problemin birdəfəlik həlli yoxdur. “Gəlin birinci gündən özünü ailənin qızı, qayınana isə ana kimi aparsa, evdə heç bir problem yaşanmaz. Gəlin çalışmalıdır ki, ailəsinin, sevdiyi insanın, həyat yoldaşının xatirinə evdə olan bütün söz-söhbətə göz yumsun, qayınana da öz növbəsində gəlinin bütün səhvlərini bağışlamalı, ona bilmədiklərini öyrətməlidir”.

Gənclərlə yaşlıların zamana, cəmiyyətə müxtəlif cür yanaşdıqlarını, yaranan problemlərə də elə bu fikir ayrılığının səbəb olduğunu deyən N.Əhmədova bir çox qayınanaların hələ də “gəlin mənim süpürgəmdir, harda qoydumsa, orda qalmalıdır” prinsipi ilə yaşadıqlarını bildirir.

Psixoloqlar da gəlin-qayınana münasibətlərinin Azərbaycan cəmiyyətinin başlıca problemlərindən biri kimi dəyərləndirirlər. Psixoloq Ülviyyə Hüseynovanın dediyinə görə, son zamanlar gənc ailələr ona müraciət edir. “5-6 ay əvvəl ailə qurmuş gənclər müraciət edərək bir-birini sevdiklərini, lakin ailədə bir-birini başa düşmədiklərini deyirlər. Söhbətlər zamanı məlum olur ki, problem gənclərdə yox, 3-cü şəxsdə, yəni qayınanalardadır”.

Ü.Hüseynovanın sözlərinə görə, bəzi qayınanalar “yad qızı”nın evində “ağalıq” etməməsi üçün idarəedən qüvvənin özü olmasını istəyir. “Belə qayınanalarla yola getmək o qədər çətin olmur. Onlar sadəcə olaraq, onlara hörmət edilməsini, onlarla məsləhətləşməni sevirlər. Bəzi analar isə yaşlandıqları üçün gəlinə “paxıllıq” etdikləri üçün ara qarışdırmağa çalışırlar. Özlərini tez-tez gəlinlə müqayisə edir, gəlini gözdən salmağa çalışırlar. Belə qayınana ilə yola getmək isə həddən artıq çətindir. Gəlin ilk gündən qayınanasının hansı tipə aid olduğunu fərqləndirə bilsə, bu ailədə yaşamaq onun üçün rahat olacaq”, – deyən müsahibimin sözlərinə görə, gənclər ailələrinin dağılmasını istəmirlərsə, hər şeyə göz yummağı bacarmalıdırlar.

Mənbə; ”Ekspress” qəzeti
Top