Yayda aqressivləşmə

Yayda aqressivləşmə

Sürücü qəfil avtobusu saxlayır, hirslə yerə düşür, dayanacağa çatana qədər yolda “qaraladığı” digər marşrut sürücüsünün üstünə şığıyır, əlbəyaxa döyüş başlayır, ətrafdakılar onları zorla sakitləşdirir...
Mağazada satıcı qızın 1 kilo konfet çəkməsini gözləyən kişi bir az ləngimə görən kimi səsini qaldırır, mağaza rəhbərliyini çağırır, başqa bir dava başlayır...
Yolda siqnalların səsi qulaq batırır, aqressiv sürücülər bu tıxacda bir-birinin ətini belə yeməyə hazırdılar...

Bu sayaq aqressiv insan mənzərələri kifayət qədərdir. Çünki yay gəlib - dözülməz istilər insanların orqanizminə, xüsusən də əsəb sisteminə mənfi təsir göstərir. Hər səhər evdən çıxıb işə gələnə qədər ən azı dörd-beş insidentin ya şahidi, bəzən isə iştirakçısı olursan. Adi bir anlaşılmazlıq və ya neqativ hal bircə anın içində böyük bir qalmaqala çevrilir. İnsanlar od ələyən günəşin heyfini bir-birinin canından çıxarmağa kökləniblər. Və bu hal təkcə Azərbaycan insanına məxsus deyil. Statistikalar, dünya təcrübəsi və yaydan xətasız-bəlasız çıxmağın yolları ilə tanış olmaq istəyirsinizsə, buyurun.

Yayda mənzil, zinət oğurluğu artır

Qış gələndə yayın, yay gələndə qışın özləmi ilə yaşayan insan övladı istilər düşəndən bambaşqa birinə çevrilir. Ofis, metro və avtomobillərdəki boğanaq insanları daha da aqressivləşdirir. Ekspertlər müəyyənləşdiriblər ki, istilər düşəndən şəhərlərdəki cinayət hadisələrinin, xüsusən də xuliqanlıq, zorlama və qarət hallarının sayı artır. Bundan başqa, yayda ictimai nəqliyyatdakı oğurluq halları da pik həddə çatır. Mənzil oğurluğu yay aylarının ən “favorit” cinayətlərindədir. Çünki insanlar evlərini sərin saxlamaq üçün bir çox hallarda pəncərələrini açıq saxlayır, istidən təntiyib, qapılarını bağlamağı unudur və nəticə...
Adının çəkilməsini istəməyən hüquq-mühafizə orqanının əməkdaşı deyir ki, yay aylarında polis idarələrinin qapısına daha çox boyunbağı və qolbağısı qarət olunan qadınlar gəlir: “Yay ayları toy mövsümünün ən pik vaxtıdır. Qadınlar bəzi hallarda toylardan tək çıxır, qaranlıq bir küçədən keçəndə isə onların zinət əşyaları qarət edilir”.

İstidə bəzi hormonlar yoxa çıxır, nəticədə aqressiya artır

Həkimlər isə deyir ki, dözülməz istilər insan orqanizmində hormonal dəyişikliklər və arterial təzyiqin artmasına start verir. İnsanlar daha aqressiv və dözülməz vəziyyətə çatır. “Belə havalarda insanlar daha az ünsiyyət qurmağa, sərin yer tapmağa və mümkün olduqca evdən az çıxmağa çalışır. Evdən çıxanların arasında isə qeyri-kriminal xarakterli cinayətlər intensivləşməyə başlayır.
İstilər nəticəsində insan orqanizmində bəzi hormonlar yoxa çıxır və bu, yorğunluğa, apatiyaya, depressiyaya səbəb olur. Nəticədə isə həssaslıq və aqressiya artır. Xüsusi istilər daha öncə psixoloji sarsıntı və endokrin xəstəliklərdən əziyyət çəkənlərə təsir edir.
Biologiya elmləri doktoru Reqina Maçin isə deyib ki, insanların daxili orqanları temperatur artımına xüsusilə həssasdır və isti hava şəraitində beyinə siqnallar ötürürlər. Baş beyində “qipotalamus” adlı xüsusi struktur var ki, xarici ətrafla mərkəzi sinir sistemi arasında münasibətləri tənzimləyir. Amma hər orqanizmin xarici ətrafa uyğunlaşması fərqlidir. Biri 40 dərəcə temperatura belə adaptasiya olunur, bir başqası üçünsə 30 dərəcə istilik də fəlakət sayılır. İsti orqanizm üçün isə böyük stresdir.
A psixotipinə malik insan güclüdür, xolerik xarakterə malikdir. Hər şeydən əvvəl aqressiv reaksiya verir. B psixotipinə malik olanlar isə fleqmatik tiplərdir. Onlar yorğun olur, haldan düşür və daim təlaşlı görünürlər.
Bundan başqa, istilərdə xuliqanlıq xarakterli hərəkətlər də artır. Yüksək temperatur insanların aktivlik dərəcəsini hərəkətləndirdiyi üçün ictimai asayişi pozmaq istəyənlər çoxalır. Çoxları bunu məhz nümayişkaranə şəkildə etməyə çalışırlar - yay vaxtı küçələrdə insanların çox olması faktını nəzərə alanda onların bu istəyinin altındakı məqsədi anlamaq olur.

Amerikada temperatur 2 dəfə artanda cinayətlər 50 min dəfə çoxalır

Amerikanın altı şəhərində bu halla bağlı araşdırma aparan psixologiya elmləri doktoru, Miçiqan kollecinin professoru Devid Meyers bildirib ki, istilər başlayandan qanun pozuntularının da sayı artır. Onun sözlərinə görə, bu, təkcə isti günlər üçün yox, bütövlükdə isti mövsümlər üçün xarakterikdir. Amerikada hava temperaturunun 2 dərəcə artması kifayətdir ki, həmin il ölkədə cinayət xarakterli hadisələr 50 min dəfə çoxalsın.
Doktor Meyers bildirib ki, isti insanın əsəb sistemini ən çox qıcıqlandıran xarici faktordur. Onun həmkarı Vilyam Qriffit isə bununla bağlı universitet yataqxanasının iki otağında təcrübə keçirib. Otaqlardan birində kondisioner işləyib, komfortlu şərait hökm sürüb. Digərində isə isti, susuzluq və standartlara uyğun olmayan atmosfer olub. Sonuncuda qalan tələbələr həm bir-birinə, həm də yad adamlara münasibətdə hədsiz aqressiv olub. Demək olar ki, həftə ərzində həmin otağın sakinləri arasında, qeyri-ciddi səbəblər üzündən 57 dəfə insident baş verib. Birincidə isə həmin müddətdə belə davaların sayı cəmi 3 olub - onların da əksəriyyətinin köklü səbəbləri olub.

“Öyrəşdiyin doza”da içki yayda kritik sayıla bilər

İsti yayda aqressiyadan danışıb, alkoqollu içkini unutmaq olmaz. Belə ki, daim “öyrəşdiyin doza” yayda kritik sayılır. Pivəylə “sərinlənən” insan heç səbəbsiz yerə davaya qurşana və ya hansısa macəranın iştirakçısına çevrilə bilər.
Daha bir aldadıcı məqam. İnsanlar reklam roliklərinə aludə olub, antiprespirantlardan istifadə edir. Antiprespirantlar xüsusi olaraq, tər vəzilərinə təsir edir, tərin xaricə çıxmasına imkan vermir. Bu isə ekzokrin sisteminə qarşı zorakılıqdır. İstidən əziyyət çəkən orqanizm əlavə əziyyətlərə də tab gətirmək zorunda qalır.

Müəllif: Sevinc TELMANQIZI
Mənbə: Yeni Müsavat qəzeti

Top