Lənət və qarğış etməyin ziyanı

Lənət və qarğış etməyin ziyanı

«Səni görüm yerə girəsən», "Əllərin qırılaydı, o qaba əl vuran yerdə", «O otağa girən yerdə qılçların sınaydı»...  Bu sözləri övladının hansısa hərəkətindən əsəbiləşən valideynlər tez-tez işlədirlər. Elə özümüz də hansısa səhv hərəkətimizdən əsəbiləşəndə öz ünvanımıza da işlədirik. Kimsə sevmədiyi kəsə ərə getdiyinə görə özünü söyür, kimisi yanlış qərar verdiyinə görə. Amma sonda bunlar əsl lənət və qarğışa çevrilir.

Çox az adama bəllidir ki, əsəbi vəziyyətdə deyilən bu cür sözlər elə-belə yox olub getmir. Təbiətin (fizikanın) əsas qanununu bilməyən olmaz — materiya, enerji yox olmur, sadəcə  bir növdən başqa növə çevrilir. İşlətdiyimiz sözləri də bu aqibət gözləyir. Ani olaraq əsəbiləşib dediyimiz nifrinlər sonradan əsl cadu kimi öz əleyhimizə işləyir. Özü də bu zaman təkcə lənətlənən adam deyil, onun nəsli də bu qarğışlara tuş gəlir. Ola bilər ki, kiminsə ətrafındakı biosahə güclü olsun və lənət ona təsir göstərməsin. Amma biz zərbəni qaytarsaq da, o, nisbətən zəif aurası olan övladlarımıza daha güclü ziyan vura bilər.

Lənəti təmizləmək çətindir
Lənətləmə — cadunun ən pis növlərindən biri sayılır. Onu ən yaxşı mütəxəssislər belə çox çətinliklə və uzun müddətə təmizləyirlər. Özü də qarğış nəsillər boyunca «fəaliyyət göstərir» və getdikcə daha dərindən kök salır. Lənətlənmiş adam heç vaxt özünü xoşbəxt hiss edə bilmir. Bəzilərinin səhhətində ciddi problemlər yaranır, digərlərinin həyatı alınmır. İnsan yaşlaşdıqca, lənət daha da dərinə işləyir və onun bütün enerjisini əlindən alır. Çox hallarda belələrinin ətrafdakılarla, qohumları ilə münasibətləri korlanır. İş məsələsində də ciddi problemlər yaranır. Lakin nəsil qarğışdan təmizlənəndən sonra insanın həyatı 180 dərəcə fərqli olur. Onun həm taleyi, həm də öz xasiyyəti dəyişir.

Filippin qərarı onun nəslinə baha başa gəlib
Lənətlənmək halları hələ qədim əsatirlərdə, İncildə, digər dini kitablarda təsvir olunub. Çox vaxt da əcdadlarından kiminsə törətdiyi cinayətə, pis əmələ görə bütün nəsil güclü qarğışla üzləşir. Elə tarixdə də bu cür faktlar çoxdur. Burada hökmdarların lənətlənməsi ilə bağlı ayrıca səhifə var. Bu baxımdan təkcə Fransanın lənətlənmiş krallarını xatırlamaq kifayətdir. Fransada düz on dörd nəslin kralları gənc yaşlarında, özü də müəmmalı şəraitdə ölürdülər. Bunun səbəbi isə 1314-cü ildə hakimiyyətdə olan Gözəl Filippin verdiyi sərt qərarla əlaqədar idi. Kral Tampliyerlər Ordeninin baş magistri Jak de Molenin tonqalda diri-diri yandırılması haqda əmr vermişdi. O da tonqala çıxarkən Filippi və onun on dördüncü nəslinə kimi bütün nəcabətini  lənətləmişdi. Doğrudan da, Valuaların hökmranlıq dövrü həmin soyadı daşıyan sonuncu hökmdar — 3-cü Henrixdə başa çatdı. O isə Filippin 14-cü nəsildən olan nəvəsi hesab olunurdu. Bu faciəli hadisələrlə əlaqədar fransız yazıçısı Moris Dryup «Lənətlənmiş krallar» silsilə əsərlərini yazıb.

Lənətlənmişlər kimlərdir?
Alman tarixçisi Heyns Xoltser də qarğışla üzləşən hökmdarların həyatını dərindən araşdırıb. O, tarixi faktları və mistikanı bir-birindən ayırmağa, bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışıb. Nəticədə «Lənətlənmişlər» («The dammed») tədqiqatı ortaya çıxıb. Arxivləri diqqətlə araşdıran Xoltser müəyyənləşdirib ki, sən demə, indiyədək bir çox sülalələr, hakim klanlar yeddiqat qarğışın qurbanı olublar. Buna ən maraqlı nümunə kimi Qabsburqlar, həmçinin Romanovlar sülaləsini misal çəkib.

Vaxtilə dünyanın yarısına hakimlik edən Qabsburqlar sülaləsinin başlanğıcı XI əsrdə qoyulub. Həmin vaxt onlar İsveçrənin Arqau vilayətindəki qəsrlərdən birində yaşayıblar. Qəsrin ilk sahiblərindən biri — qraf Verner fon Qabsburq qonşu şəhərdəki qızlardan birini yoldan çıxarır və onunla evlənəcəyini vəd edir. Halbuki, həmin vaxt qraf artıq alman baronunun qızı ilə rəsmən nişanlı idi. Aldadılan qız hamilə qalanda, qraflıqda böyük qalmaqal yaranır. Verner də dəhşətli çıxış yolu tapır — bu qadını yaşadığı qəsrin zirzəmisində divara qandallayıb həftələrlə ac saxlayır. Uşağı və özü acından ölən bu qadın qatilini və onun bütün nəslini lənətləyir. Qarğışdan cəmi bir neçə həftə sonra gənc arvadı ilə ova çıxan Verner vəhşi heyvan tərəfindən parçalanır. Bu, Qabsburqları gözləyən faciələrin birincisi idi.  900 il ərzində bu ailədə onlarla qətllər, cinayətlər, dəhşətli olaylar baş verir. Nəhayət, 1864-cü ildə Qabsburq sülaləsinin  sonuncu nümayəndələrindən biri — ershersoq Maksimilian Mexikoya gəlib imperatorluq etməyə başlayır. Lakin onun hakimiyyəti cəmi 3 il sürür. Meksikalıların qiyamından sonra Maksimilian hərbi tribunal qarşısında cavab verməli olur və güllələnir.

Qabsburqlar soyadını daşıyan  digər təmsilçi isə 1914-cü ildə həyat yoldaşı ilə birlikdə Sarayevoda güllələnmişdi. Bu da son nəticədə Birinci Dünya müharibəsinin başlanmasına səbəb olmuşdu. 10 milyon insanın ölümü ilə nəticələnən bu savaş Qabsburqlar sülaləsi ilə yanaşı, həm də rus, alman və Ottoman imperiyalarına son qoymuşdu.

Nifrinlər Romanovlar sülaləsinə son qoyub
Alman tarixçisi iddia edir ki, rusların Romanovlar sülaləsi də vaxtilə yerə gömülən qadının qarğışına tuş gəlib. Çar Aleksey Mixayloviç Romanovun hakimiyyəti dövründə (1645-1676) xalq üsyanı zamanı əsgərlər qiyamçılardan birinin arvadı və uşağını boğazacan torpağa basdırıb onların gözləri baxa-baxa ölməsinə şərait yaradırlar. Bu zaman övladı gözü qarşısında can verən bu qadın bütün Romanovlar nəslinə lənət yağdırır. Çarın ilk nikahından olan üç oğlundan ikisi dərhal ölür. Üçüncüsü Fyodor Alekseyeviç isə ağıldan kəm, zəif və sonsuz olur. Çarın digər arvaddan olan oğlu da Fyodor kimi xəstə olur və 30 yaşında vəfat edir. Çar I Pyotrun başına gələnləri hər kəs bilir. Onun 11 uşağından səkkizi gənc yaşlarında vəfat edir. O, yeganə varisi Alekseyi atasının apardığı islahatlara əməl etmədiyinə görə dar ağacından asdırır.

Alekseyin oğlu III Pyotr 15 yaşında ikən toy günündə çiçək xəstəliyindən ölür. Maraqlıdır ki, Romanovların əksəriyyəti düşmənləri deyil, məhz öz qohumları — oğulları, həyat yoldaşları tərəfindən qətlə yetirilib. Onlar arasında ən faciəli ölüm IV İvana aiddir. Tarixdən də bəlli olduğu kimi, İvan bir yaşında ikən taxta otuzdurulub. Cəmi bir il sonra Yelizaveta Petrovna saray üsyanı təşkil edib və iki yaşlı körpəni türməyə saldırtdırıb. Düz 20 il zindanda qalan İvan 22 yaşında oradan qaçmaq istəyəndə öldürtdürülüb. II Aleksandr xalq üsyançıları tərəfindən qətlə yetirilib. Romanovlar sülaləsinin son nümayəndəsi II Nikolay isə ailə üzvləri ilə birlikdə 1918-ci ildə çekistlər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Ginnesləri naməlum qadın qarğışlayıb
Dünyanın ən populyar kitablarından biri olan «Ginnesin rekordlar kitabı» barədə eşitməyən tapılmaz. Amma Ginnes ailəsinin də lənətləndiyini çoxları bilmir. Ailə üzvlərinin özləri də illər öncə bir qadının qarğışına hədəf olduqlarını deyirlər. Lakin bu qadının ailəni nəyə görə lənətlədiyi gizli saxlanılır. Klan başçısı, irlandiyalı Artur Ginnes XVIII əsrdə iki pivə bişirmə zavodunun direktoru idi. O, işlərini yaxşı qurur və nəticədə oğlanlarının bank açması üçün kifayət qədər vəsait toplaya bilir. Onların klanı varlanır, kral ailəsi tərəfindən də qəbul edilməyə başlayır. XIX əsrin ortalarında Ginnes ailəsinin başçısına cəngavər adı verilir, daha sonra isə onlar baronet, baron və qraf titullarına layiq görülürlər.

Lənətin ilk qurbanı isə Ayven Ginnes olur. 0, 29 yaşında ikən diş həkiminin vurduğu novokain iynəsindən vəfat edir. Doqquz il sonra 34 yaşlı bankir Patrik Ginnes İsveçrədə avtomobil qəzasında həlak olur. Bundan sonra da 1,5 milyonluq var-dövlət sahibi 21 yaşlı Tara Ginnes eyni qaydada dünyasını dəyişir. Ginneslərdən birinin həyat yoldaşı, knyaz Fridrix Prusski müəmmalı şəkildə Reyndə batır. O, bir az gəzmək üçün qaldığı mehmanxanadan çıxır və bir daha geri qayıtmır. 12 gündən sonra isə knyazın meyitini çaydan tapırlar. 1978-ci ildə İtaliya dəlixanalarından birində saxlanılan Henrietta Ginnes 25-ci mərtəbədən özünü atır. Bir ay sonra Ginneslər ailəsinin varislərindən biri alkoqoldan zəhərlənərək dünyasını dəyişir. Yenə həmin il Kral hərbi hava qüvvələrinin mayoru Dennis Ginnes özünün Londondakı mənzilində ölü tapılır. Bir müddət sonra isə Ginneslərin 4 yaşlı nümayəndəsi avtomobil qəzasında həlak olur. 1986-cı ildə Artur Ginnesin birbaşa varislərindən olan 22 yaşlı Oliviya Ginnesi öldürürlər. Yenə həmin il 50 yaşlı Bricit Ginnes pul qoparmaq məqsədilə oğurlanır. Nəticədə qanqsterlər tutulsa da, Cenifer dərin psixi şok keçirir. Buna görə həkim ona dağlara səyahət etməyi məsləhət görür. Ailəvi gəzinti zamanı onun həyat yoldaşı Con Ginnesin birdən-birə ayağı büdrəyir və o, 1 km-lik hündürlükdən yerə yıxılır. Bu  zaman həyat yoldaşı və oğulları onun bədəninin necə dağa-daşa çırpıldığını dəhşətlə izləməli olurlar…  

Kennedilərin lənəti davam edir
Eyni tale digər məşhur irland klanı — Kennediləri də gözləyib. Lakin Ginneslərdən fərqli olaraq, onları kimin qarğışladığı tarixə məlumdur. Hadisə 1846-cı ildə  İrlandiyada baş verib. Həmin il ölkədə görünməmiş quraqlıq və aclıq hökm sürürdü. Lakin bir il əvvəl yaxşı məhsul toplayan Kennedilər ailəsinin anbarları taxılla dolu olduğundan, bu problem onlara toxunmamışdı. Bir dəfə onların malikanəsinin darvazasına kasıb, aclıq keçirən ailə — kişi, qadın və uşaq yaxınlaşır. Onlar heç olmasa acından ölən uşağa bir az çörək verməyi yalvarırlar. Lakin həddən artıq simic olan Kennedi onların üstünə itləri buraxdırır. Bu zaman da qadın Kennedinin və onun bütün nəslini lənətləyir.
Qarğışın nəticəsi qısa zamanda özünü göstərir. Elə bir il sonra məhkəmə Kennedilərin fermasını əlindən alır. Onun oğlu Patrik Amerikada öz övladı ilə birlikdə yatalaq xəstəliyindən vəfat edir. Patrikin nəticəsi, leytenant Cozef Kennedi 1944-cü ildə anlaşılmaz şəraitdə ölür. O, alman hərbi bazalarından birini məhv edib paraşütlə tullanmaq əvəzinə hələ tapşırığı yerinə yetirməzdən əvvəl təyyarəni özüylə birlikdə partladır. Onun bacısı Ketlin avtomobil qəzasında dünyasını dəyişir. Ketlinin əri isə naməlum şəxslər tərəfindən qətlə yetirilir. 1963-cü ildə Cozefin kiçik qardaşı — ABŞ-ın ən məşhur prezidentlərindən biri olan Con Fetcerald Kennedi Dallasda güllələnir. Beş il sonra onun qardaşı Robert də eyni aqibətlə üzləşir. Robertin arvadının qohumu 2000-ci ildə həbs olunur. Özü də 15 il əvvəl — yeniyetmə çağında törətdiyi cinayətə görə. Kennedilərin övladları da onların faciəli həyatını davam etdirirlər. Belə ki, Robertin oğlu Devid 1984-cü ildə həddən artıq narkotik maddə qəbul etdiyinə görə ölür. Onun digər oğlu Maykl 1998-ci il yeni il gecəsi qış kurort şəhərində gözlənilmədən vəfat edir. 1999-cu ildə lənət öz işini yenə də görür. Mərhum prezidentin oğlu  Con Kennedinin uçduğu təyyarə Atlantika üzərində ikən yoxa çıxır. Sonradan təyyarənin qəzaya uğradığı, sərnişinlərin hamısının vəfat etdiyi bəlli olur.

Amerikanın lənətlənmiş prezidentləri
Lakin ABŞ-ın lənətlənmiş prezidentləri sırasına tək Con Kennedinin adını daxil etmək düzgün olmazdı. Çünki ondan başqa da prezidentliyi dövründə, səlahiyyət müddəti başa çatmamış vəfat edən dövlət başçıları var. Bunun kökü isə 19-cu əsrdən gəlir. 1811-ci ildə Tipekanoda şayenlər qəbiləsinin hinduları ilə koloniyaçılar arasındakı döyüşdə ağbənizlilər qələbə çalır. Amma qələbə ilə yanaşı, onlar həm də dəhşətli bir lənəti qazanmış olurlar. Çünki hindu qəbiləsinin başçısı şaman Tekumse ölərkən Amerikanın yeni hökmdarlarını lənətləyir. O, deyir ki, hər 20 ildən bir Amerikada hakimiyyətə gələn adam öz hakimiyyətinin sonuna kimi yaşaya bilməyəcək. Hər dəfə də hökmdarın ölümü amerikanlara on minlərlə boş yerə öldürülmüş hinduları xatırladacaq.  

Faktlar göstərir ki, hindu başçısının lənəti çox dəqiq işləyir. Belə ki, 1840-cı ildə Uilyam Harrison ABŞ-ın prezidenti seçilir. Amma bir müddət sonra o, pnevmoniyadan vəfat edir. 1860-cı ildə dövlət başçısı postunu Avraam Linkoln tutur. Amma o da sui-qəsd nəticəsində prezidentlik müddətini başa vura bilmir. 1880-cı ildə prezident seçilən Ceyms Harfildi də bir il sonra öldürürlər. 1900-cü ildə ABŞ prezidenti olan Uilyam Mak Kinli də sui-qəsd nəticəsində dünyasını dəyişir. 1920-ci ildə taxta çıxan Uorren Hardinq isə seçkilərdən üç il sonra çox müəmmalı şəkildə həlak olur. 1940-cı ildə dördüncü dəfə prezident seçilən Franklin Ruzvelt ürək tutmasından vəfat edir. Amma onun ölümü hələ indiyə kimi çoxlu suallar doğurmaqdadır. Çünki onun hansı xəstəlikdən ölməsi ilə bağlı heç bir tibbi arayış-filan saxlanılmayıb. 1960-cı ildə hakimiyyətə gələn Con Kennedinin faciəli şəkildə ölməsi barədə artıq söz açmışıq. Təkcə 1980-cı ildə prezident seçilən Ronald Reyqan bu siyahıda istisna təşkil edir. Düzdür, bir il sonra Reyqana qarşı da sui-qəsd törədilib. Amma prezident bu qəsddən sağ çıxa bilir. Qayda-qanuna görə, hindu başçısının lənətinin növbəti obyekti Corc Buş olmalı idi. Amma deyəsən, bu lənət Reyqana çatanda boşa çıxdığından, artıq qüvvəsini itirib.   Bizə gəlib çıxan məlumatlara görə, Monakonun hakim klanı olan Qrimaldilər də yaxşıca lənətləniblər. Bu səbəddən onların ailəsində daim mübahisələr, boşanma və ölüm halları  baş verir. Yenə insanların bir-birini lənətləməsini hardasa anlamaq olar. Amma mumiyaların da eyni «işi görməsinə» heç cür haqq qazandırmaq mümkün deyil. Tuttanxamonun mumiyası ilə əlaqəli əhvalatı hər kəs bilir. Amma camaatı qarğışlayıb o dünyaya göndərən başqa "ölülər" də varmış. Onlardan biri 1991-ci il İtaliya dağlarında aşkarlanan Etsi mumiyasıdır. Bu, bir neçə əsr əvvəl dağlarda döyüş zamanı həlak olan əsgərin meyitidir. Onun cəsədi uzun illər buzda qaldığına görə parçalanmayıb. Amma buzlu mumiyanı tapıb tədqiq edən, ona toxunan yeddi nəfərin hamısı sonradan müəmmalı şəkildə həlak olub. Onlar arasında arxeoloqlar, jurnalist və  alpinistlər var. Maraqlıdır ki, bu yeddi nəfərin ikisi elə dağlarda həlak olub. Etsinin şəklini çəkən jurnalistin beyninə qan sızıb. Onu tədqiq edən alimlər isə qəribə xəstəliklərdən keçiniblər. Qədim döyüşünün ən son qurbanı 2004-cü ildə olub. Alim Şpindler bu mumiya ilə əlaqədar konfransa hazırlaşarkən ürəyi dayanıb...    

Günel Əzizili-modern.az
Top