Dərd olmayan "DƏRDİMİZ"

Dərd olmayan "DƏRDİMİZ"

Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa  səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli  yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə. 

Bəli, hər yaşın öz dərdi və o dərdi meydana gətirən fərqli ünsürlər var. Yaş üzərinə yaş gəldikcə dərdlərimiz olduğu kimi qalır ancaq dərdin predmetləri dəyişir. Uşaq ikən dərsə getməyi və velosipedimizin olmamasını dərd etdiyimiz halda, yetkinlik yaşlarında sevdiyimiz qıza sevgimizi açmağı və öz şəxsi maşınımızın olmamasını dərd edirik. Ailə qurduqdan sonra dərdlərmizin üzərinə bir neçəsi də əlavə olunur ki, ailə-uşaq qayğısı da bunlardandır. Qocalıb əldən düşən ağsaqqallara gəldikdə isə, onların da kifayət qədər öz dərdləri vardır hər halda. Dünya həyatının sona yaxınlaşması, ömür yolunun qısalması, qocalıb əldən düşməsi hər bir qocaya aid dərdlərdəndir, belə demək mümkündürsə. Qeyd etdiklərimizi nə qədər qəbul edib-etməmələri onların öz işləridir.

Bəs görəsən yuxarıda qeyd etdiyimiz istəkləri dərd kimi qəbul etmək olarmı? Mənim subyektiv fikrim ondan ibarətdir ki, “dərd etdiyimiz şey, daha mürəkkəb  hadisələri əhatə etməli, gözlənilməz nəticələr ortaya qoymalı və insan həyatında köklü dəyişikliklərə səbəb olmalıdır ki, bu da hər birimizin həyatında kifayət qədər mövcuddur” . Belə ki, bu dünya üzərində gözlə görülüb, zamanla, pulla və ya başqa vasitələrlə əldə edilməsi mümkün olan canlı və ya cansız obyektlər , bizim dərd predmetimizə çevrilə bilməz. Dərdin əsas predmeti Yaradana şükrün az olması, can sağlığının olmaması, axirəti düşünməmək və o dünyaya layiqincə hazırlaşmamaq , ata-ana haqlarına riayət etməmək və bu kimi ülvi duyğulara sahib olmamaqdır. Absurd obyektlərin tərəfimizdən dərd edilməsi və onların həllində mənfi yollardan istifadə edilməsi, cəmiyyətimizin mənəvi süqutuna gətirib çıxarmışdır. Gənclər arasında intihar hallarının çoxalması, respublikamızda aylıq 40 milyon manatın siqaretə xərclənməsi və spirtli içki aludəçilərinin sayının sürətlə artması bunun bariz nümunələrindəndir.

Sadə şeylərin mürəkkəbləşdirilərək dərd edilməsi əsas dərdimizi arxa plana salmamalıdır. Dünyada maddi olaraq sahib ola bilmədiklərmizi özümüzə dərd etməyimiz doğrulardan uzaqlaşaraq yanlışlara yön almamıza gətirib çıxara bilər. Bu gün soyuq havada küçələrdə əl açıb dilənən anaların, ataların və körpə balaların dərdlərinə biganə yanaşmamalıyıq. Onların dərdi ailələrinə bir tikə çörək aparmaqdırsa, bəs bizim dərdimiz nədir? Keçən ildən qalan dəbli geyimlərimizin bu ilin dəbinə uyğun düşməməyimi, yoxsa qış tətlimizi xarici ölkələrdə keçirə bilməməyimizmi? Yox! Bunlar dərd deyil. Bunlar olanla kifayətlənməyib, daha çoxunu bəlkə də lap çoxunu istəməkdir. Hökmran misalı kimi. Psixoloqların gəldikləri ortaq bir qərar var ki, insan oğlu elə bir nəfsə sahibdir ki, əgər bir hökmdar bu dünyaya sahib olsa, ikinci bir dünyaya da sahib olmaq istər və bunu özünə dərd edər. Allah o gündən qorusun bizi.

Son olaraq onu qeyd edim ki, yaşadığımız  dünyada kər kəsin az və ya çox dərdi vardır. İnsan həyatında dərdlərin olması, heç də adı kimi dərd gətirən amil deyildir. Bəlkə də insan öz dərdləri ilə paklaşır və çətinliklərə sinə gərə bilir. Dərdsiz insan dərdləri dərk edə bilmədiyi üçün dərdsizdir. Əgər o insan ki, dərdləri dərk edə bilmir, onun insan olmasında da şübhə var. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:

“Əgər olmasaydı, dəryaca dərdim,

Dərdin yoxluğunu

Mən dərd edərdim.”

Təki nəyi dərd etdiyimizin fərqində ola bilək.

 

Müəllif: Eldar Kərimov

Top