«Düz beş ildir maşın yumaqla məşğul oluram. Atam 3 yaşım olanda bizi atıb getdi. Mən və kiçik bacım Aysel uşaqlıqdan anamın himayəsində qaldıq. Anamın sözlərinə görə, atamdan ayrılarkən bizə nə əmlak verilib, nə də bizi saxlamaq üçün köməklik göstərilib. Anamın qazancı ailəmizi dolandırmağa yetmədiyindən məni internat evinə yerləşdirdilər. Hər mənimlə görüşə gələndə anamın çəkdiyi əzabı görüb ailəmizə kömək etmək üçün 12 yaşımda birinci dəfə internatdan qaçdım. Əvvəlcə bir müddət marşrutda konduktor işlədim. Sonra isə bu işdən uzaqlaşdırıldım. Səbəb isə səsim zəif olduğundan sərnişinləri çağıra bilməməyim idi. Yaşıdlarım kimi məktəbə getməyi, institut oxumağı çox istəyirdim. Amma görünür bu mənə qismət deyilmiş...».
Bu sözləri küçələrdə maşın yumağı özünə peşə seçən 16 yaşlı Əli Ağaquliyev deyir. İnsan həyatının ən qayğısız anları uşaqlıq dövrüdür. Problemlərdən uzaq, saf, təmiz uşaqlıq illərini çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq. Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara ağrı verir. Talelərinə internat evində böyümək yazılan bu məsum uşaqların yaşam tərzləri eyni olsa da, onları bu həyatı yaşamağa vadar edən səbəblər müxtəlifdir. Bu uşaqların arasında valideynləri sağ olanlar da, onları dünyaya gətirənlərin üzünü ömrü boyu görməyənlər də var. Ailə qayğısından məhrum olan bu uşaqlar böyüdükcə problemləri də artır. Uşaqlığın əzablı anlarından qurtarmamış, mənzil, iş problemləri ilə üzləşən Əli kimilərinin sayı yüzlərlədir.
İnternatlarda böyüyən «sosial yetimlər»
Dünyanın əksər ölkələrində uşaqların internat evlərinə yerləşdirilməsinə ən son hallarda yol verilir. Uşaq internat evinə yerləşdirildikdən sonra ən qısa müddətdə onun ailəsinə qaytarılması üçün tədbirlər görülür. Azərbaycanın da 1992-ci ildə ratifikasiya etdiyi Uşaq hüquqları Konvensiyasına görə, uşaq evləri, internatlarda uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar. Amma ölkəmizdə ailə himayəsindən məhrum uşaqların internatlara yerləşdirilməsinə son yox, ilk imkan kimi baxılır.
Cəmi 8 milyon əhalisi olan Azərbaycanın internat məktəblərində hazırda təxminən 15 min uşaq böyüyür. Araşdırmalar göstərir ki, əksər hallarda doğma övladını internata verməyə valideynləri imkansızlıq vadar edir. Uşaqlarını dolandırmaq üçün pul tapa bilməyən ana-atalar onları acından öldürməkdənsə, dövlətin himayəsinə verməyi üstün tuturlar. Bunun nəticəsidir ki, hazırda xüsusi tipli məktəblərdəki uşaqların böyük əksəriyyəti «sosial yetimlər»dir. Yəni, həmin uşaqların ata-anası var, sadəcə, onlar övladlarını caxlaya bilməyirlər. Deməli, bu gün də ən azından 28 minə yaxın ana-ata öz övladına yiyə durmaq istəmir. Təhsil Nazirliyindən verilən məlumata görə, uçaq evlərində yaşayan uşaqların cəmi 1000 nəfərə yaxınının valideyni yoxdur.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə küçədə yaşayan uşaqlarla birlikdə valideyn himayəsindən məhrum uşaqların sayının 23 mindən artıq olduğunu bildirir. Bu cür fərqli rəqəmlərin olması isə valideyn himayəsindən məhrum olan uşaqların vahid məlumat bazasının olmamasıdır. Belə ki, 3 yaşına qədər sahibsiz uşaqlar Səhiyyə Nazirliyinin, 3 yaşdan yuxarı isə Təhsil Nazirliyinin balansında olan müəssisələrdə saxlanılır. Yəni yaşından asılı olaraq məlumatlar iki ayrı-ayrı qurumda toplanır. Sonradan isə 3 yaşını bitirib bir nazirlikdən digərinə ötürülmə prosesində xeyli uşaq «itkin» düşür.
Qanunu adi kağız parçasına çevirən nədir?
Hazırda əksər sivil ölkələrdə uşaqların ailə mühitindən məhrum olduğunu, onların bir sıra hüquqlarının pozulduğunu nəzərə alıb, internatları ləğv edirlər. Həmin müəssisələrin saxlanmasına çəkilən xərclər isə yetim və himayəsiz uşaqların yerləşdirildiyi ailələrə yönəldilir. Uşaqların sosial müdafiəsi ilə bağlı respublikamızda bugünədək bir neçə qanun qəbul edilsə də, hələlik real işlər nəzərə çarpmır. Düzdür, «Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı» qəbul edilib. 2006-2015-ci illəri əhatə edən proqramın əsas məqsədi uşaqların şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün, onların ailə mühitində xoşbəxt böyüməsi naminə dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasıdır. 2006-cı ilin martında icrasına başlanılan bu proqram 2015-ci ilədək reallaşmalıdır. Amma Təhsil Nazirliyinin koordinatorluğu ilə həyata keçirilən proqramın mexanizmləri bugünədək işlənilməyib.
1999-cu ildə «Valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi haqqında" Qanun da qəbul olunub. Sonradan bir neçə dəfə dəyişliklərə məruz qalan həmin qanun da bu gün işləmir. Sözügedən qanuna görə, internat müəssisələrini tərk etməkdə olan uşaqların gələcək taleyi ilə bağlı üç ay əvvəlcədən müvafiq dövlət orqanlarına məlumat verilməlidir. Onların gələcək taleyi ilə bağlı aidiyyatı dövlət orqanları və internat məktəbinin rəhbərliyi birgə addımlar atmalıdır. Uşaqların müstəqil həyata keçid dövrü ilə bağlı konkret tədbirlər görülməli, onların yaşayış yeri, işlə təminatı məsələsinə həll edilməlidir. Yaşayış yeri olmayanlara yataqxanadan yer verilməli, əgər internata düşməmişdən öncə yaşayış yerləri olubsa, həmin evlərə qayıtmaları təmin olunmalıdır. Həmçinin onların əmək hüququqları təmin olunmalı, işlə təminatına yardım göstərilməlidir. Əgər sənədlərində hər hansı problem varsa, müvafiq dövlət qurumları onun həllinə köməklik etməlidir.
Bundan başqa, onlara kömək kimi müəyyən qədər maliyyə vəsaiti verilməlidir. Lakin bu gün də valideynləri olmayan və yaxud valideynlərinin onları qəbul etmək istəməyən uşaqların mənzillə təmin olunmaq, iş yeri tapmaq məsələsi çox acınacaqlıdır. Bu məsələnin həlli üçün dəfələrlə müvafiq yerli icra haikimiyyəti orqanlarına edilən müraciətlərin bir cavabı var: «Mənzil fondu olmadığı üçün internat evlərindən çıxan uşaqlara yaşayış yeri vermək mükün deyil». Halbuki qanunda birmənalı olaraq göstərilib ki, həmin şəxslər mənzil və yaxud müvəqqəti yaşayış yeri ilə təmin edilməlidir. Milli Məclisin Sosial Siyasət Daimi Komitəsinin sədr müavini Musa Quliyev də qanunvericilikdə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı maliyyə vəsaitinin ayrılmamasını təsdiqləyir: «Qanunvericilikdə müəyyən problemlərin həlli nəzərdə tutulsa da, sonradan onların həlli üçün vəsait ayrılmır. Bununla bağlı müvafiq icra orqanları tədbirlər görməlidir. Yaxşı olardı ki, internat evlərində böyüyən oğlanları sonradan ordu sıralarına cəlb edilsin. Onlar zabit kimi işlə təmin olunsa, həm iş yeri, həm də yaşayıvş yeri ilə təmin olunarlar. Digər tərəfdən aşağı yaşlı uşaqlar da hərbi məktəblərə cəlb edilə bilər. Hazırda Daşkəsən rayonunda H.Əliyev Fondunun dəstəyi ilə belə gənclər üçün mənzillər tikilir. Araşdırma aparılıb işçi qüvvəsinə ehtiyac olan digər rayonlarda da bu addımı atmaq olar. İnternat evlərində böyüyən uşaqlar üçün iş yerləri açıla, mənzillər tikilə bilər. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Bir tərəfdən taleyin sıxdığı həmin insanlara dövlət və cəmiyyət də qayığı göstərməlidir». Araşdırma isə göstərir ki, qanunvericiliyin tələblərinin yerinə yetirilməməsi bir sıra səbəblərlə bağlıdır. Ekspertlər tərəfindən əsas səbəb kimi qanunda nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmaması göstərilir. Bir çox hallarda isə yerli məmurlar məsələyə laqeyd yanaşır. Yerli icra orqanlarında fəaliyyət göstərən azyaşllılar üzrə komissiyaların fəaliyyəti qənaətbəxş deyil. Halbuki həmin komissiyalar öz rayonlarından internat məktəblərinə göndərilən uşaqların həyatı ilə daim maraqlanmalıdır. Mütəmadi olaraq həmin internat məktəblərinə səfər edib, onlarla görüşməlidir. Əgər uşağın ailəsində hər hannsı problem varsa və bu səbəbdən uşaq internata yerlləşdirilsə, həmin ailə ilə iş aparılmalı, ona müvafiq kömək göstərilməlidir. Maksimum çalışılmalıdır ki, bu problemlər qısa müddətdə həll olunsun və uşaq ailəyə qaytarılsın. Amma təəssüf ki, Azərbacanda uşaqlarla bağlı müvafiq dövlət qurumları bu işi həyata keçirə bilmirlər. Bu isə maliyyə çatışmamazlığı, səlahiyyətlərin bilinməməsi, dövlət düzgun koordinasiyanın qurulmaması ilə bağlıdır.
Müəllif: Teymur MİRZƏYEV
Mənbə:
modern.az