Xəyanət dəbə çevrilir

Xəyanət dəbə çevrilir

Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün "daşdan keçən" bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı. Çünki qadınını Türkiyəyə qazanc arxasınca göndərən "kişi" onun təkrar ailəsinə dönməyinə etiraz eləmədi və eləməyəcəkdi də. Ailə yükünü çəkməkdən özünü azad edən "kişi" qadınını bilərəkdən xəyanətə yönəltməklə oradan qazanılmış pulları daha üstün tutdu. Bu hekayətdə qəribə heç nə olmadığını düşünəcəksiniz. Çünki artıq ətrafımızda belə nümunələr gündən-günə artmaqdadır və biz bu nümunələrə az qala laqeydləşirik. Bu gün xəyanəti bağışlayan kişilər də var, ailəsini dolandırmaq adı ilə rahatlıqla xəyanətə əl atan qadınlar da. Biz bunlara da haqq qazandırmağa başlamışıq. Bəs, ailələrdə nə baş verir? Niyə xəyanət bu qədər bizə yaxın olub?

Kimlərin xəyanətinə göz yummaq olmaz?

Psixoloq Azad İsazadə deyir ki, cəmiyyətdə xəyanətə həmişə rast gəlinib. Xəyanəti yaradan səbəblər də çoxdur. Amma o, psixolojidən daha çox, sosial problemlər üzündən baş verir: "Xəyanət bir az dəb xarakteri də alıb. İnsanın bir balaca imkanı çoxdursa, harasa gəzməyə gedirsə, hesab edir ki, mütləq qıraq qadınla yaxınlıq etməlidir. Ümumiyyətlə, 90-cı illərdən keçmiş SSRİ məkanında istər kişilərdə, istərsə də qadınlarda real seksual inqilaba oxşar vəziyyəti görürük. Bu inqilab Azərbaycana da təsir edib. Qadınların özlərini daha sərbəst hiss etməsinə, xəyanət yollarına əl atmasına daha tez-tez rast gəlməyə başlamışıq. Bu gün cəmiyyətdə xəyanət edənlərin sayı artıb. Bu mənim şəxsi fikrimdir. Axır illərdə daha çox xəyanət edənlər isə kişilərdir".
Psixoloq hər kəsin xəyanətə eyni cür yanaşmadığını deyir: "Elə insanlar var xəyanəti bağışlayır, elə insanlar da var ki, bağışlamır. İnsan var ki, bir dəfəni bağışlayır, amma deyir ki, bir də təkrarlanmasın. Elə insan da var ki, deyir ki, əşşi, eybi yoxdur, harada gəzsə də, onsuz da evə qayıdır da. Burada bağışlayın ya da bağışlamayın resepti vermək düzgün deyil. Düzgün qərarı insan özü qəbul eləməlidir". Xəyanət açılananda isə daha kəskin reaksiyanı kişilər göstərir: "Qadınlar çox vaxt buna göz yumur. Kişilər arasında da xəyanəti bağışlayanlar olur. Bunu hər kəs özü maliyyə, sosial, uşaqlara, işə görə və s. səbəbdən qəbul edir. Kimin üçünsə cəmiyyətin rəyi daha vacibdir. Kimin üçünsə cəmiyyətin fikri ümumiyyətlə vacib deyil. Amma sözsüz ki, xəyanəti qəbul edib-etməməkdə təkcə bir amil - cəmiyyətin fikri rol oynamır. Bəzən kiminlə xəyanət edilibsə, o da əsasdır. Yaxın dostdursa, yaxın rəfiqədirsə, yaxın qohumdursa, belə xəyanətə reaksiya daha kəskin olur. Hansısa şəhərdə olan təsadüfi tanışdırsa, ona bəlkə də bağışlayıb göz yummaq olar".

... belə ailə dağılsa yaxşıdır

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova deyir ki, xəyanət mənəvi və fiziki formada olur. Mənəvi xəyanət-özgələşmədir. Məsələn, ailə quran iki insan bir damın altında yaşaya-yaşaya birbirinə yad münasibət bəsləyirlər: "21-ci əsrdə xəyanəti yalnız bir səbəblə bağlamaq olmaz. Burada bir neçə səbəb ola bilər. Xəyanət hətta psixofizioloji də ola bilər. Yəni psixofizioloji fərqli, bir-birinə uyğun olmayan iki cavan ailə qurursa, o da gec-tez fiziki xəyanətə gətirir". Ailələr məqsədli şəkildə, yüksək hisslərdən uzaq maraqlar əsasında qurulanda da xəyanət baş verir: "Elə də olur ki, isti münasibətləri olan iki imkanlı ailə qərara gəlir ki, uşaqları ailə qursunlar. Belə ailələr mənəviyyat, təhsil səviyyəi, dünyagörüşü nəzərə alınmadan qurulur. Bu ailələr bir il, ilyarımdan sonra dağılır. Bunu da tərəflər xəyanətkarlıq kimi qiymətləndirirlər. Qız, yada oğlan evi deyir ki, bizi aldadıblar".
R.Əzimova açıq-açığına xəyanət edənlərin olduğunu da deyir: "Ailəni dağıtmadan başqası ilə kəbinsiz yaşamağı adi sayanlar da var. Belələri hesab edir ki, "mənim imkanım var, iki ailə saxlayıram".
Ailədə məhəbbətin olmaması da xəyanətə gətirir: "Romantik hisslərlə yaşayan oğlan ya qız öz tayını tapdığını düşünüb sonra yanılırsa, bu da xəyanətə gətirir. Amma təmənnalı, qərəzli məqsəd daşıyan evlənmədə xəyanət ailənin kökündən əmələ gəlir və sonradan boşanmaya gətirir. Kökündə səviyyə, mədəniyyət, dünyagörüşü olmayan ailələr əvvəl-axır dağılır. Bu gün ailələrdə boşanmalar çoxalıb. Amma bir damın altında iki mənəviyyatsız adam yaşayırsa, o ailə dağılsa yaxşıdır. Çünki bu münasibətlər sonradan daha da böyük faciələr yarada bilər".

Zina əxlaqsızlığı yayan ictimai cinayətdir

Xəyanət dinimizdə də pislənilir və böyük günahlardan sayılır. BDU-nun tarix fakültəsinin müəllimi, ilahiyyatçı Saleh Kazımov deyir ki, zina islamda və ondan əvvəlki bütün səmavi dinlərdə qadağan edilib: "Namusla bağlı olduğuna görə zina edən şəxslər üçün də son dərəcə şiddətli bir cəza nəzərdə tutulub. İslamdan əvvəl ailəyə xəyanət edənlərə ölüm cəzası tətbiq olunurdu. Zina etmək türklərin xarakterinə zidd bir davranış olub. Xəyanətə yol verən şəxslər ya yandırılıb, ya da vücudu iki yerə praçalanaraq cəzalandırılıb. Sonradan İslam dinində də zina qadağan edilib. Qurani-Kərimdə buyurulur: "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!".
İlahiyyatçı deyir ki, insanlar cinsi və şəhvani duyğularla yaradılıb. Amma insan həyatında məqsəd yalnız cinsi arzuları təmin etmək deyil, həm də insan nəslini davam etdirməkdir: "Evlilikdən kənar cinsi münasibət mənasına gələn zina təkcə zinakar tərəflər və onların yaxın qohumları ilə bağlı suç deyil. Zina ailəni sarsıdan, insanlardakı namus hisslərinə toxunan, əxlaqsızlığın yayılmasına səbəb olan ictimai cinayətdir. Allah istər kişi, istər qadına cinsi istək və arzular versə də, bu arzu və istəklərin müəyyən qaydalar daxilində təmin edilməsini istəyib. Ona görə də zina haram, evlənmə isə halal buyrulub".
S.Kazımov deyir ki, Quranda zina etmiş bir şəxsin həm bu dünyada, həm də axirət dünyasında cəzasız qalmayacağı qeyd olunub. Zina edən subay kişi və ya ərsiz qadının cəzası yüz çubuq vurulmasıdır. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir: "Hər kəs bu işləri etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat çox olar və o, əzab içində zəlil olub əbədi qalar".

Müəllif: Həqiqət
Mənbə: http://www.milli.az/news/society/3478.html

Top