Nevrozlar boşalanda

Nevrozlar boşalanda

İnternet XX əsrin ən nəhəng kəşflərindən biri kimi tarixə düşdü. Burası birmənalı şəkildə belədir. XX əsrin ortalarında yaşayan filosoflar XX əsri “müharibələr və dəhşət əsri” kimi təsvir edirdilər. Remarkın qəhrəmanı Ravik deyirdi: “Biz iki müharibə arasında yaşamağa məhkum olunmuş insanlarıq”. Müharibə, doğrudan da, dəhşət idi.
Milyonlarla şəxs bu və ya digər şəkildə bu dəhşəti öz üzərlərində hiss edib. Aclıq, yoxsulluq, səfalət. Almaniya, İtaliya və İspaniyada polis zorakılığı və s. İnsan faktoru unudulurdu, dünya nəhənglərin güləş meydanına çevrilmişdi. İnsan isə bu nəhənglərin ayaqları arasında əzilir, məhv olurdu. Alman filosofu Karl Yaspers insanların ünsiyyəti ilə bu dəhşətlərin aradan qalxmasını təklif edirdi. Ona görə ünsiyyət insanları bir-birinə daha yaxın edəcək və bəşəriyyət dəhşətli bəlalardan xilas olacaq.
Bu dəhşətlər indi çoxdan keçmişdə - tarix kitablarında, filmlərdə, romanlarda qalıb. Bəşəriyyət indi başqa bir xaosla qarşı-qarşıyadır. İnternetin ortaya çıxmasını bir çox filosof və sosioloqlar belə xarakterizə edir. Əslində internetin ortaya çıxması xoş niyyət idi. Lakin zamanla bu mahiyyət təhrif olundu. İndi artıq insan ünsiyyəti məhv olur, real ünsiyyət kodları itir. İnsanlar özgələşməyə başlayırlar, hamı bir nik altında, bir user adıyla mövcud olur. Bu artıq insanın özgələşməsinin başqa mərhələsidir. Bəs bunun sonu necə olacaq? Müharibəni qlobal səylər nəticəsində qurtarmaq mümkün oldu. Bəs internet qarşısından gəncləri kim durğuza biləcək? Günümüzün qorxu yağan sualı budur.
Bütün bunlar şişirtmə, ya da bir yazarın siçan görən qadın kimi yaratdığı  panika  deyil. Məsələ bundadır ki, internetin, müxtəlif çatların, forumların, messencerlərin mövcudluğu şəraitində insanlar üçün real həyat mənasını itirir. Həyatda formalaşmaq, həyatda yetişmək, mübarizədə bərkiyib-bişmək artıq arxivə verilir. Bütün bunları çat dostluqları, çatda formalaşmış gənclik əvəz edir. İnsanın keçmişinin internetdə heç bir qiyməti yoxdur. Tarix internetdə tanışlıqdan başlayır. Real ünsiyyətin yerini çat dostluqları alır. İnternet yoluyla tapışıb evlənənlərin sayı hər il artır.
İnternetin Azərbaycan cəmiyyəti üçün açdığı yeni imkanlar var. Bu isə ilk növbədə qızla oğlanın tanışlığının rahatlaşmasıdır. Azərbaycan son illərdə öz görkəmini xeyli dəyişib. İnsanlar arasında erotik münasibətlər xüsusilə gərginləşib. Ölkənin hər yerində ermənilər, ruslar köçüb gedib. Müxtəlif millətlərin birgə yaşayışı hər zaman tolerantlıq diktə edir. Bir xalq özündə olan naqis keyfiyyəti çox rahat görə bilir. Üstəlik, onu düzəldə də bilir. Azərbaycanda indi qızla oğlan dostluğu, demək olar ki, mövcud deyil. Bizdə sevgi ailə qurmağa hesablanmış fəaliyyətdir. Azərbaycan gəncinin seksual özünürealizə imkanları kifayət qədər dardır. Xüsusilə də qızlar  üçün. Bütün bunlar insanlarda dəhşətli nevroz yaradır. Və internet nəhəng bir təsəlli yeridir, nevrozların boşaldığı yerdir. Artıq Avropada internet xəstəlikləri də öyrənilməyə başlanır. Bu xəstəliklər kompüterin qarşısında çox oturmaqdan yaranan göz və əzələ xəstəliklərindən tutmuş internet yolu ilə anormal psixoloji inkişafla bağlı olur.
Nə etməli? Onu Allah bilir. Fakt budur ki, bütün bunlar heç kimin vecinə deyil. Hamı başını klaviaturasına salıb öz işi ilə məşğuldur. Düz deyirlər, indi “nə etməməli?” sualı daha populyardır. Axmaq bir şey etməkdənsə heç bir şey etməmək daha yaxşıdır.

Mənbə: Bizim Yol
Top