Azərbaycanda son iki ildə kulturologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bakıda kulturoloqların beynəlxalq konfransından sonra hər ay müxtəlif seminarlar keçirilir, kulturoloqlar bir araya gəlib müzakirələrə qoşulurlar. Amma bütün bunlar ölkəmizdə kulturologiyanın inkişafına, səviyyəsinə o qədər də təsir etmir. Bu gün Azərbaycan kulturologiyasında problemlər qalmaqdadı. Bu və digər məsələlərlə bağlı Yeni Yazarlar və Sənətçilər Qrumunun sədri, kulturoloq Aydın Xan Əbilov danışdı.
- Kulturologiya bu gün həyatımızda nə kimi rol oynayır?
- Kulturologiya özlüyündə böyük sahəni əks etdirən elmdi. Baxır biz bu ifadəni hansı mənada qəbul etmək istəyirik. Sual versək fəlsəfə, fizika nədi, bunun da dəqiq cavabını vermək olmaz. Kulturologiyanın böyük əhatə dairəsi var. Klassik kulturologiya bir qədər fərqli idi. Burda mədəniyyət hadisələri vasitəsilə həyatın izahı, dərki nəzərdə tutulurdu. XlX əsrin sonu, XX əsrin əvvəllərindəki filoloqların, dilçilərin araşdırma əsərlərində bunu görürük. Amma müasir dövrdə kulturologiya obyektlərini genişləndirib. İndi kutlurologiya deyəndə cəmiyyətin, dövlətin hadisələrinin mədəniyyət hadisələri vasitəsilə izahı nəzərdə tutulur. Klassik kulturologiya özü bir neçə yerə bölünür- kulturologiyanın nəzəriyyəsi, predmeti, tarixi və çağdaş istiqamətləri. Müasir dövrün kulturologiyası da özlüyündə bölünür. Sosioloji, etnoqrafik və s. Hal hazırda hümanitar kulturologiya inkişaf edir.
Dünyanın elmi, dini, poetik dərki var. İndi kulturoloji dərkə ehtiyac var. Adi bir misal göstərməklə kulturoloji baxışın nə olduğunu sıravi oxuculara izah edə bilərik. Azərbaycan millətinin tarixi Azərbaycan dövlətinin tarixindən çox-çox genişdi. Tarix elmi baxımından bunu izah etsək, uzağı Atabəylər dövlətinə qədər gedib çıxa bilərik. Kulturorloji baxımından bu məsələyə izah verəndə isə, Zərdüşt peyğəmbərdən, Urmiya gölü ətrafında başlayan sivilzasiya tarixindən bu yana Azərbaycan millətinin tarixini stematik verə bilərik.
- Deyə bilərikmi ki, gündəlik yaşam üçün kulturologiyanın hümanitar bölməsini öyrənmək lazımdı?
- Elə bir sahəmiz yoxdu ki, kulturologiya ora nüfuz etməsin. Bir çox kulturoloqlar siyasi kulturologiyadan istifadə etdiklərini deyirlər. Dövlət və cəmiyyət, dövlətlərarası münasibətlər, qloballaşma dövründə xalq, harmonik yaşayış üçün mədəniyyətlərin verdiyi tövhələr və s. Şimali Azərbaycanda əhalinin sayı 8 milyon 500 mindən artıqdı. Dünya azərbaycanlıları sayı isə 50 milyondu. Biz kulturoloji baxımdan bu 50 milyonu birləşdirməyə çalışırıq. Azərbaycanlılar haqqında danışanda, fikir bildirəndə artıq 8 milyonu deyil, 50 milyon azərbaycanlıları nəzərdə tutursan. Yəni kulturologiya düşüncəmizdə, intelektimizdə, baxışlarımızda olmalıdı. Başqa xalqlara baxanda bizdə kulturologiya elmi çox az inkişaf edib. Rusiya orta məktəblərində 8-9-10-cu sinif şagirdlərində kulturologiyanın nəzəriyyəsi, tarixi, müasir istiqamətlərinə aid dərslər keçirilir. 10 ilə yaxındı çalışırıq ki, bizim ali məktəblərimizdə kulturologiya bir elm kimi tədris olunsun. Təkcə Mədəniyyət və İncəsənət Universitetində bu sahəyə yer verilib. Lütvizadə XX əsr Azərbaycan elminin intelektinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridi. Onun qeyri-səlis məntiq nəzəriyyəsinə sadəcə fizik, filosof kimi baxanda o qədər də aydın olmur. Kulturoloji düşüncəyə malik insan olmalısan ki, bu nəzəriyyəni tam olaraq izahını biləsən. Lütvizadə özü də demişdi ki, mən Şərq fəlsəfəsini bilməsəydim, Nizamini, Füzulini oxumasaydım bəlkə də qeyri-səlis məntiq nəzəriyyəsini kəşf edə bilməzdim. Kulturoloji baxış bütün sahələri əks etdirdiyinə görə, onun tədris olunmasına ehtiyac var. Bizim gənc nəsil dünyada gedən hadisələri dərk etməlidi. Gənclərə, tələbələrə kulturoloji düşüncəni öyrətməliyik. Görürsünüz ki, idmana böyük böyük vəsait ayrılır və bu sahədə uğurlarımız var. Dünyanın bir çox ölkələri həm də mədəni hadisələrlə ölkələrini tanıtmaq istəyirlər. Kulturologiyanın bir hissəsi də turizmlə bağlıdı. Azərbaycanda bu yaxınlarda Novruz bayramı böyük təmtəraqla keçirildi. Beynəlxalq muğam festivalı keçirildi. Bunun həm iqtisadi, həm də kulturoji baxışı var.
- Gəlin bir az qloballıqdan kənarlaşaq. Azərbaycanda istər məmur, istərsə də sadə insanlarda ünsiyyət mədəniyyəti yoxdu. Yəni etiket qaydalarına əməl olunmur. Kulturoloqlar bəlkə bu mədəniyyətin inkişafı haqda da düşünməlidilər?
- Bu insanın daxili və xarici mədəniyyəti haqqındadı və kulturologiyanın bir sahəsidi. Hər bir şəxsin etik normalara riayət edib etməməsi və ya insanlarla münasibətdə kobud olması onun daxili işidi. Bunu sırf mədəniyyətə bağlamaq olmaz. Sözsüz ki, biz dünyada olan bir çox dəyərləri Azərbaycana gətirməyə çalışırıq. Həmin dəyərlər ki, bizdən gələrək dünyaya gedib. Qərbdən, qonşu ölkələrdən bizə qayıtmalıdı. Bu dəyərləri araşdıranda görürük ki, bizim dəyərlərimizin özü heç də zəif dəyərlər deyildi. Əgər biz keçmiş dəyərlərimizi müasir dövrümüzlə ayaqlaşdıra bilsək, o dəyərlər əslində ən böyük insani anlayışlardı. Bu baxımdan fikirləşirəm ki, həm bizdə, həm də xaricdə olanlardan sintez yaradıb, insanlara nəyisə aşılamaldıyıq.
- Telekanallara diqqət yetirəndə nə görürsünüz, bu gün televiziya mədəniyyəti inkişaf edir?
- Mədəniyyət və mənəviyyat bir-birinə bağlı olsa da ayrı-ayrı anlayışlardı. Mədəniyyət daha geniş anlayışdı. Mədəniyyətdə heç də həmişə mənəviyyat qurulmur. Azərbaycan milli rəqslərində kişi ilə qadının yanaşı rəqs etməsi tarixən gələn ənənələrimizə yaddı. Amma bunu mədəni hadisəyə çevirəndə, artıq mənəviyyat tərəfi kənarda qalır. Bu gün bir çoxları müğənnilərin özlərini aparmasına, geyimlərinə etirazını bildirirlər. Biz insanlara həmişə deyirik ki, Azərbaycanda yeddi kanal var. Birini bəyənmirsənsə, başqasına baxın. Vaxt gələcək ki, bizdə kanallar da ixtisaslaşacaq. Ailə, mədəniyyət kanalı olacaq. Hər bir insan dünyagörüşünə uyğun olaraq kanala baxacaq. Bizim insanlar şit-şit hərəkətlər edən, soyunan Madonnaya baxa bilərlər. Amma Aygün Kazımovaya baxmamalıdılar. Mən başa düşə bilmirəm. Axı həmin soyunan müğənniləri uşaqlarının toyuna çağıran da həmin insanlardı, xalqımızdı. Kütlənin səviyyəsini qaldırmaq lazımdı ki, kütlə bir çox dəyərləri ayırd etməyi bacarsın. Mən müğənnilərin səviyyəsindən, savadından çox şikayətçiyəm. Adi suala cavab verə bilmirlər. Mən telekanalların rəhbərlərindən də bir az şikayətçiyəm. Onlar səviyyəli, intelektual insanları axtarmalıdılar. Qoy həftənin 6 günü şit müğənnilərin olsun. Heç olmasa bir günü də səviyyəli insanları, ziyalıları çıxarmaq lazımdı. Sevindirici haldı ki, artıq tənqid etdiyimiz bir çox kanallar belə ziyalılara, ciddi insanların həyat və yaradıcılıqlarına, ekspert rəylərinə xüsusi önəm verirlər.