Kibritçi qız

Kibritçi qız

İlin son günü idi. Hava çox soyuq idi. Sıyıq sıyıq qar yağırdı. Axşam olmaq üzrə idi.
Çöldə başı açıq, ayaqyalın kiçik bir qız gedirdi. Səhər evdən çıxarkən ayağında anasının köhnə bir ayaqqabısı vardı. Amma ayaqqabılar böyük gəlirdi.
Qarda gedərkən salıb itirmişdi. İndi kiçik qızın ayaqları soyuqdan göyərmişdi. Əlindəki kibritləri satmağa çalışırdı. Lakin səhərdən bəri bir qutu belə sata bilməmişdi.
kibrit satan yoxsul qızSoyuqdan donmaq üzrə idi. Qarnı çox acmışdı. Evlərdən xoş ətirli yemək qoxuları gəlirdi. Kiçik qız, kibrit sata bilmədiyi üçün evə gedə bilmirdi. Çünki atası çox qızacaqdı. Onsuz da evləri də küçələrdən daha isti deyildi. Qızcığaz bir evin küncünə büzüşərək oturdu.
O qədər üşümüşdü ki, bir kibrit yandırıb isinməyi düşündü.
Qutudan bir kibrit çıxardı və yandırdı. Kibriti əllərinin ətrafında gəzdirdi. Sanki gurul gurul yanan bir sobanın alovu ilə sınayırdı. Kibrit birdən söndü.
Bir kibrit daha yandırdı. Kibritin işığı divarı işıqlandırdı. Divar birdən itdi sanki. İndi evin içərisi görünürdü. İçəridə bir süfrə açılmışdı. Süfrədə nar kimi qızarmış bir toyuq dayanırdı.
Tam əlini uzadıb qızarmış toyuğu götürəcəyi anda kibriti söndü. Kiçik qız o an qarşısında təkrar qaranlıq divarı gördü.
Qız bir kibrit daha çaxdı. Bu dəfə bəzəkli bir şam ağacının altında tapdı özünü. Ətrafda növ növ oyuncaqlar vardı. Ağacın gözəlliyi qarşısında aclığını və üşüməsini unutdu.
Oyuncaqları götürmək üçün uzandığında, əlində yanan kibrit yenə söndü. Ağac birdən ortadan itdi. Ağacın itdiyi yerdə parıl- parıl yanan ulduzlar dayanırdı. Dərhal bir kibrit daha yandırdı kiçik qız. Bu dəfə kibritin alovu daha çox işıqlandırmışdı ətrafı. Bu aydınlığın içində nənəsi meydana çıxdı.
Nənəsi sevgiylə, gülər üzlə dayanırdı qarşısında.
- Nənə! Deyə qışqırdı. Məni də apar nənə! Bilirəm, o isti soba, nar kimi qızarmış toyuq, o gözəl ağac kimi sən də gedəcəksən.
Kibritin alovu kiçilməyə başlayınca tələsik kibritləri arxa arxaya yandırmağa başladı. Çox sevdiyi nənəsinin getməməsi üçün yalvarırdı. Alovların içində nənəsi daha da yaxınlaşmışdı. Qollarını kiçik qıza uzatdı.
Bir kibrit daha yandırdı kiçik qız. Ortalıq gün kimi işıqlanmışdı. Nənəsini heç belə gözəl görünməmişdi gözünə. Onun sevgi dolu üzü bütün ağrılarını unutdururdu. Əlində qalan son kibriti də yandırdı.
Bu zaman nənəsi qollarını uzadaraq onu qucağına götürdü. Kiçik qız birdən rahatladığını hiss etdi. Artıq nə soyuq vardı, nə də aclıq.
Ertəsi səhər oradan keçənlər kibritçi qızı ölü tapmışdılar.
Oturduğu küncdə incə şalına sarılmışdı. Üzündə şirin bir gülümsəmə vardı. Görənlər onun soyuqdan donaraq öldüyünü başa dümüşdülər.
Kibritçi qızın qarşısında yanmış kibritlər dururdu.
- Yazıq qızcığaz! Kibritləri yandıraraq isinmək istəmiş, deyirdilər.
Ancaq heç kim, onun gördüyü gözəl xəyalları bilmirdi. Kiçik qız, çox sevdiyi nənəsinə qovuşmuşdu.

Top