Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Paradoksaldır ki, iqtisadi böhran zamanı ənənəvi olaraq intiharlar artmaq əvəzinə azalır. ABŞ-da dərc edilmiş "Təqlid effekti" kitabının müəllifi Loren Koulman qeyd edir ki, iqtisadi çətinliklər və müharibələr zamanı insanlar şəxsi təşəbbüsləri ilə dünyadan getməyə meyilli olmurlar.
İntihar, bir qayda olaraq, ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Əsas «risk amili» kimi yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir.
Əgər ailədə belə hal baş veribsə, onda adamlar intihara daha çox meyillidirlər. Burada uşaqlıqda alınmış mənəvi və fiziki travmalar önəmli rol oynayır. Həmçinin insanın sosial izolyasiyası və psixi problemləri, o cümlədən depressiya da mənfi təsir göstərir.
Ancaq çox hallarda intiharların səbəbi qaranlıq qalır. Hələ də aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.
Dünyanın müxtəlif ölkələrində aparılmış sorğular göstərir ki, yeniyetmələrin 80 faizi periodik olaraq özünü öldürmək barədə düşünür. Ancaq intiharların ən çoxunu pensiyayaşlı insanlar edirlər və bir qayda olaraq, onlar bu cür istəklərini əvvəlcədən etiraf etmirlər. Araşdırmalara görə, qeyri-ənənəvi seksual orientasiyalı insanlar ənənəvi orientasiyalı insanlara nisbətən intihara daha çox meyilli olurlar. Həyatından bezmiş qızlara məsləhətləri oxu.
Amerika İntiharı Xəbərdarlıq Fondunun məlumatına görə, intihar cəhdləri daha çox aprel, iyun və iyul aylarında edilir. ABŞ-da və dünyanın bir çox ölkələrində 1970-80-ci illərdə intiharlar, əsasən, bayram günlərində daha çox baş verirdi. Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq, bu qaydadan istisnalar mövcuddur.
Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox "yoxsul" ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın “zəngin” dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu zaman iqtisadi baxımdan tam rifahlı sayılan Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə və s.-də intiharların səviyysi inanılmaz dərəcədə yüksəkdir.
Din və intihar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür.
Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.
«Gallup» xidmətinin məlumatları ehtimal etməyə imkan verir ki, ölkə nə qədər dindardırsa, intihar bir elə də az baş verir. Uzun illər boyunca «Gallup» dünyanın bir çox ölkələrində dindarlıq səviyyəsini müəyyən edib. İnsanın nə qədər dindar olmasını müəyyənləşdirmək üçün ona üç sual verilib: «Dini öz həyatının önəmli hissəsi sayırmı?». «Sual verilən həftə kollektiv ibadət yerinə, yəni məbədə gedibmi?». «Öz ölkəsində fəaliyyət göstərən dini qurumlara etibar edirmi?».
Bu göstəricilər Dünya Səhiyyə Təşkilatının intiharlar haqqında statistikası ilə tutuşdurulub. Bəlli olub ki, bu iki göstərici arasında əlaqə var: dindarlıq artdıqca intihara meyil göstəricisi azalır. Dünyanın 67 ölkəsinin qiymətləndirildiyi siyahıda ən dindar Küveyt sakinləri sayılıb, onların dindarlıq reytinqi 83 balla qiymətləndirilib. Küveytdə hər il 100 min nəfərə 1,95 intihar hadisəsi qeydə alınır. Ancaq bu asılılıq da mütləq deyil. Dindarlıq reytinqində Mavritaniya ikinci yeri tutub və 81 bal alıb. Ancaq onda intiharların sayı daha yüksəkdir və hər 100 min adama ildə 8,15 intihar düşür. Dindarlıq göstəricisinə görə üçüncü olan və 79 bal alan Filippində isə intihar göstəricisi Mavritaniyaya baxanda xeyli aşağıdır və burada hər 100 min adama ildə 2,1 intihar halı baş verir. ABŞ-da dindarlıq reytinqi 61 balla ölçülür və siyahıda 25-ci yerdədir. Meksikada da dindarlıq reytinqi eynidir. Amma Meksikada hər 100 min sakinə ilə 4 intihar düşür, ABŞ-da isə 11,5.
Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&nid=3781