Qeybət və şayiələr həyatımızın ayrılmaz hissəsidir. Ola bilər ki, elə indicə sizin, ya da mənim dalımca danışırlar. Kiminsə dalınca danışmaq dünyanın özü qədər qədim məşğuliyyətdir. Ağıllı adamlar bilir ki, eşitdiyinin təkcə yarısına inana bilərsən. Yalnız çox ağıllı olanlar bilir ki, məhz hansı yarısına. O qədər də ağıllı olmayanlar da bilir ki, bir ovuc fakt ən yaxşı düzülmüş qeybəti korlaya bilər. Hərdən adama elə gəlir ki, insan ağzını yuma bilən qüvvə tapılmayacaq. Müharibələr, aclıq, fəlakətlər, elmin inkişafı cəmiyyət üçün təbii sayılacaq bu fəlakətin qarşısını ala bilmir.
Qeybət qəlp pul kimidir. Abırlı adamlar özləri onu düzəltməz, amma başqalarına ötürə bilər. (Kleyr Lyus) Psixoloqlar deyir ki, hazırda biz beynin ibtidai quruluşu və müasir rabitə vasitələri arasında münaqişəni yaşayırıq. Qeybət mövzusunda dünyanın bir çox alimləri çox ciddi tədqiqatlar aparırlar. Onların əksəriyyəti məşhur bioloq və antropoloq Robin Donbar ilə razıdır. O, müəyyən eləyib ki, məməlilərdə beyin yarımkürələri və sürünün sayı arasında birbaşa əlaqə var. Meymun qrafikində bu rəqəm 150 nəfərdir. Yəni bu qrup daxilində onlar sosial münasibətləri taraz vəziyyətdə saxlaya bilirlər. Buna hətta «Donbar rəqəmi» də deyirlər. Qədim kəndlərdə, ovçular arasında, piyada qoşun rotasında, yaxud kompaniyada insanların maksimal sayı (bu rəqəmi keçdikdə artıq yeni iyerarxiya tətbiq edərək müdirlərin sayını artırmaq lazım gəlir) bu qədərdir. Alimin fikrincə, insanlar ona görə qeybət eləyir ki, qeybət onlara insan olmağa kömək eləyib. Onun tədqiqatında kafedranın bufetində söhbətlərin 35 faizinin qeybət olduğu müyyən edilib. Robin Donbar 1996-cı ildə çıxmış «Qeybət və dilin inkişafı» kitabında yazır ki, şayiələrin yayılması ibtidai cəmiyyətlərdə birliyi saxlamaq üçün çox vacib mexanizmdir və bunlar beyin yarımkürələrində həkk olunur. Sara Uert və Piter Selovi adlı psixoloqlar isə müştərək yazdıqları məqalədə deyirlər ki, qeybət ona görə özünə yer tapıb ki, özünü həmcinsləriylə müqayisə etməkdə əvəzedilməz bir alət olub. Qeybətlə özünü yüksəklərə qaldırıb rəqibinin kürəyini yerə vurmaq daha asandır. Bütün tədqiqatçılar bir məsələdə həmfikirdir - qeybətin kökünü sosial münasibətlərdə axtarmaq lazımdır. İti suda boğmaq istəyən adam həmişə çığırar ki, it quduz imiş. (Molyer) Ola bilər ki, insanlar vaxtilə yaşamaq üçün yararlı məlumatları - münbit torpaqların yeri, su vadilərinin ətrafındakı ərazilərin təsviri, boş ov məskənləri - bölüşmək bacarığını çox yaxşı qarşılamalıydı. İnformasiyanı bölüşən insanların etibarını qazanırmış. Amma dünya yerində dayanmayıb, inkişafdadı. İctimai rəyin formalaşması bəşəriyyətin bəlkə də ən böyük nailiyyətidi. Öz hərəkətlərinə nəzarət eləmək (təbii ki, intellekti paralel olaraq artırmaq şərtilə) bacarığı insanı başqa canlılardan fərqləndirib. Amma təkcə nitqin inkişafı kifayət deyildi. Ədəbiyyatın hələ olmadığı vaxtlarda nitq qeybətdən başqa hansı yollarla inkişaf edə bilərdi ki? Bəzi mütəxəssislərin fikrincə, qeybət informasiyanı bölüşmək sənətinin, bacarığının nəticəsidir. İnformasiyanı bölüşmək meymunlarda da yüksək səviyyədədir. Burda onlar bir-birinin qeydinə qalır (dərisini bitlərdən təmişləyir) və nəvaziş göstərirlər. Qeybət mətbuatı, şöhrəti və reklamı əvəz eləyir. (Millyar Qeorqiy) Danılmaz statistikadır: məşhurlar, varlılar, ulduzların həyatından bəhs edən verilişlərin reytinqi çox yüksəkdir. Ən vacibi isə cəmiyyət yaxından tanımadığı insanları daima müzakirə eləməyə hazırdır. Ulduzların həyatını müzakirə eləmək ehtirası bəşəriyyətin yeni oyuncağına, təzə məşğuliyyətlərindən birinə çevrilib. Dərinliyinə varsaq, yəni Ancelina Colinin doğuşunu izləmək, ya da Peris Hiltonun yanında kimi gəzdirməsini bilmək bizimçün bu qədərmi vacibdir? Üç qadın küncə sığınıb danışırsa, bu söhbətdi, onlardan biri çıxıb getsə, qeybət. (Xerq Şteyner) Müasir tədqiqatlar göstərir ki, çənədən «pərgar» olmayanlara geridəqalmış, ağ qarğalar kimi baxırlar. Hətta kollektivə yenicə gəlmişləri bu yolla uyğunluq testindən keçirirlər. İctimai fikrə etinasız olanların kollektivdə yeri möhkəm olmur. Hamı bilir ki, kollektivdə gedən söhbətlərə etinasız qalanları heç kim qəbul etmək istəmir. Bu həqiqətdir! Çox standart bir situasiyanı fikrimizdə canlandıraq. Məsələn, cavan müdir müavin vəzifəsinə yeni kadr axtarmalı olur, çünki əvvəlki təcrübəli olsa da, pensiya yaşına çatıb və nəvələrini tərbiyə eləmək fikrinə düşüb. Bu vəzifə cavan qadına qismət olan kimi heç kim onun iş qabliyyəti və bacarığı barədə düşünmür. Hamıya elə gəlir ki, müdir öz məşuqəsini vəzifəyə gətirib. Onların birlikdə işə gəlməsini, naharda xosunlaşmasını da «gözləriylə» görənlər dilini dinc saxlaya bilmir. Kollektivdə hələ bir yaşlı kadrı gözümçıxdıya salaraq işdən çıxarması barədə danışanlar da tapılır. İnsanların qeybətə öz gözlərindən artıq inanması artıq sübuta ehtiyacı olmayan faktdır. Abırsız qadınlar abırsızcasına qeybət eləyir, utancaqlarsa utana-utana. (Leşok Kumor) Əlbəttə ki, qadınlar çənə döyməyi daha çox sevir. Vaşinqton Universitetinin antropoloqu Nikol Hess: «Evolyusiya nəticəsində qeybət qadın davranışı kimi inkişaf eləyib. Kişilərin açıq rəqabət və fiziki qarşıdurmadan qazandığı nəticələri qadınlar qeybətlə qazanıblar. Qadın çox, qəddarcasına və strateji şəkildə qeybət eləyir». Qadın kefinin xoş vaxtında da, əhvalının durğunluq dövründə də, hətta depressiv zamanınıda da qeybət eləyə bilər. Sizinçün haqqınızda deyilən qeybətdən pis yalnız onun olmaması ola bilər. (Oskar Uayld) Uşaqlar böyüklərdən fərqli qeybət eləyirlər. Onlar sözü üzə deyir. Məsələn, «Bax, o burnunu qurtdalayır», ya da «Gombul olsa da, ponçiki necə yeyir». Bununla da uşaq anlayır ki, o, cəmiyyətdə heç də gözəgörünməz deyil, onu izləyirlər! Kiminsə etibarını, adını aşağılamaq insanı öldürməyə bərabər sayıla bilər. Qeybət eləyənin dili qatilin bıçağıyla doğma qardaşdır. (Edvarde Troyon) Kriminalistika üzrə mütəxəssis Gek Levin: «Qeybət bir növ psixoloji testdir. Buradan fərdin maraq dairəsini öyrənmək olar». Alimlər hamısı bir ağızdan deyir ki, ən qəddar qeybət və böhtanlar özündə əmin olmayan, əsassız narahatlıq keçirən, narahat və qorxular içində yaşayan insanlardan gəlir. Deyəsən, onların halına acımalı olacağıq. Təbiət boşluq sevmir. İnsanlar həqiqəti bilmədikləri yerləri ehtimal və uydurmalarla doldururlar. (Bernard Şou) Qeybət qadağan olunmuş ləzzət olaraq insanları həmişə yoldan çıxaracaq. Onun üstündən qadağa götürülsə, bəlkə ola bilər ki, qeybət öz ləzzətini itirər. Hamı bilir ki, danışmaq olmaz, yaxşı deyil, ayıbdı. Amma hamı da danışır, yuyub sərir, yeri gəlsə lap sürüyür.
«Söz ver ki, heç kimə deməyəcəksən» ifadəsiylə başlayan hər hansı bir fikri qeybət saymaq olar. Xahiş olunmasına baxmayaraq, bu ifadə səslənməyə bəndmiş kimi ildırım sürətiylə ətrafa yayılır. Qərb mədəniyyətində qeybət dedikdə olmuş, amma yayılması məsləhət bilinməyən informasiya nəzərdə tutulur. Gündəlik həyatımızda da biz bunu belə qəbul edirik. Maraqlısı odur ki, müasir tədqiqatların nəticəsi qeybət eləməyin heç də pis məşğələ olmadığını, bəzən hətta xeyirli bir iş olduğunu təsdiqləyir.
Başqasının dünyası əslinə qalanda heç kimi dərindən maraqlandırmır. Eləcə də onun bu söhbətlərə olan münasibəti. İnsan beyni ekrandan, radiodan, İnternetdən, jurnal səhifələrindən səpələnən informasiyanı qəbul edir. İnformasiya selinin qarşısında aciz qalmış insanın bəzən maraqlandığı məşhur adamdan başqa həqiqi dostu, yaxını olmur. Ona görə də meylini ona salır. Onsuz da kumirlərin bu şayiələrdən xəbəri olmur və heç kimə ziyan gətirmir. Nəticədə onlar dağ başından enib sizin kimi adiləşir və bir qədər yaxın olurlar.
Şayiələr yayarkən biz özümüzü başqalarıyla müqayisə edirik. Siz Sofi Loren kimi hər gün təbii ananas şirəsi içə bilmirsiz? Yoldaşınız axşam məclisdə başqasına göz gəzdirirdi? Görəsən, Tom Kruz gözəl arvadı Nikol Kidmanı niyə atdı? Arvadından bir baş alçaq olduğuna görəmi? Aygünün ad günündə tort kəsəndə Namiqin valideynləri də orlaydı, gördüz? Görəsən, mahnıdakı kimi qapını çırpıb gedib, yoxsa sakitcənə? Deyəsən, başınızı az da olsa, qata bildim. Görürsüz, deyəsən, bir az yüngülləşdiz…
Kompaniyalarda qeybətlə mübarizə eləmək lazımdı. Çünki bu, iş qabliyyətini aşağı salır. Alimlər deyir ki, kolleqaların tənbəlliyi barədə söz-söhbət birinci yerdə durur. Nəticədə məlum olur ki, ən çox fərqlənənlər dedi-qodu obyektinə çevrilir. Yəni bir balaca fərqlənmək, gözəgəlimli, ağıllı, bacarıqlı olmaq kifayətdi ki, sənin barəndə söhbətlər gəzişməyə başlasın. Buna bəzən kollektiv hipnoz da deyilir. Sanki hamının gözü bağlanır və görməli olduğunun əvəzinə deyiləni görür.
Frenk Makendryu adlı amerikalı alimin fikrincə, vaxtilə qədim insanları inkişafa aparmış üsul hazırki şəraitdə artıq işləmir. Onun tədqiqatlarına görə, indi kişilər qeybətdə qadınlardan o qədər də geri qalmır. Fərq ondadır ki, qadınlar «ulduz»ları müzakirə etməyə hazır olduğu vaxt kişilər məşhur, ad çıxarmış kişilərin dalınca alıb-verməkdən çəkinmir. Son zamanlar kişilər qeybətdən karyerada irəliləmək üçün bir vasitə kimi istifadə edirlər. Bunu kütləvi «maviləşmə», ya da «Teksun» yağının işlədilməsiylə əlaqələndirmək də düzgün olmazdı. Amma necə izah eləyəsən, indi kişilər qadınlardan da artıq qeybət eləyir. Daha mamontlar qırılıb, ovlamağa yer qalmayıb, yumruğunu kiməsə ilişdirsən, əlli-ayaqlı apararlar. Odur ki, kişilər də qadınların «ərazilərinə» girişir. Amma qeybət kişinin obrazında elə dəyişikliklər yaradır ki, onu heç nəylə silib təmizləmək olmur.
Bəzi alimlərsə düşünür ki, yeniyetmələr qeybət eləmək və məşhurları haqqında danışmaqla inkişaf eləyir və həyatda yerlərini tapırlar. Onda belə alınır ki, qeybətin özünü də məşq etdirmək lazımdı. Miçiqan Universitetinin professoru Gefri Parker ortaya çıxarıb ki, yeniyetmələr bir saat ərzində 18 dəfə nəsə deyir və bunun 50 faizi qeybət xarakterlidi. Onları başqalarının münasibəti öz problemləri qədər maraqlandırır. Qızlar adətən bəyəndiyi oğlanların dalınca danışır. Oğlanlarsa bəyəndiyi qızların hətta adını çəkmək belə istəmir. Yəqin bu, kişilərin emosiyaları gizləmək istəyilə bağlıdır. Tədqiqat üçün Amerikada universitetlərin birində iki nəfərin toyu olacağı barədə xəbər yaydılar. Az keçməmiş sorğulananlardan 12 faizi təkid elədi ki, bu toyda olub. Hətta gəlinin paltarının detallarını, toyun tam təsvirini də vermişdilər.
İsrail alimlərinin tədqiqatı isə bunu aşkarladı ki, ən çox qeybət eləyənlər insanlarla işləyən peşə sahibləri - müəllimlər, jurnalistlər, sosioloqlar və xüsusilə psixiatrların özləridir. Bəlkə ona görə psixoloqların qeybətə münasibəti pis deyil?
İslamda qeybət eləyən də qeybəti dinləyən də eyni dərəcədə günahkar sayılır. Belə bir hədis var ki, bir dəfə Allahın elçisi Məhəmməd peyğəmbər soruşur:
- Qeybətin nə olduğunu bilirsizmi?
Cavabında «Allah və onun elçisi bilər» deyirlər.
- Onda bilin ki, «qardaşın eşitsə, xoşuna gəlməyəcək» sözlərinin deyilməsi qeybətdir.
- Bəlkə deyilənlər düzdür?
- Əgər düzdürsə bu qeybətdir, düz deyilsə böhtan və şərdir.
Yazılmamış qanunlarımız var: Ağlı başı üstündə olan insan evinin söz-söhbətini hər kəsə danışmaz. Özünə hörmət eləyən başqasını bilərəkdən gözdən salmağa çalışmaz. Ağıllı adamlar deyir: «Əgər fərli bir şey deyə bilməyəcəksənsə, yaxşı olar ki, susasan». Böhtana da ən yaxşı cavab susmaqdır…
Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol