Dinin aciz qaldığı dönəm olubmu?

Dinin aciz qaldığı dönəm olubmu?

Rəbbinə bəndə olmaq istəyənlər üçün dünya hər dəfə müxtəlif imtahanlarla dolu olub. Elə bir dönəm olmayıb ki, əsil ixlas əhli o dönəmdə ciddi bir imtahan verməmiş olsun. Həzrət Adəmdən (ə) ta bu günə kimi bu cür olub, axirəz-zəmana kimi də bu cür olacaq. Çünki, dünyanın formulası, düzəni bu cür nizamlanıb...
Allaha sığınmaq, dinin qaydalarına tam riayət etmək – insanı bu cür aciz qaldığı durumdan xilas olmağa yardımçı olub. Tarixdə insanların dəstə-dəstə dinə gəldiyi dönəmləri araşdırsaq, görərik ki, insanlar əsasən ən sıxıntılı günlərində çarəni Allaha sığınmaqda görüblər. Çünki, zatən insanın fitrəti bunu tələb edir.
Dinin aciz qaldığı dönəm olubmu?
İmam Cəfər Sadiqin (ə) bir dinsiz insanın Allah haqqında verdiyi suala verdiyi mübarək cavab da dediklərimizə bir sübutdur. İmam (ə) buyurur ki, “Sən bir gəmi ilə səyahətə getmişdin. O gəmi dəryanın ortasında bir fırtınaya düşür və parçalanır. Sən bir taxta parçasına sarılıb, öz içində səni o durumdan nicat verəcək birini çağırırdın”.
Qarşı tərəf bunu təsdiq etdikdən sonra, İmam (ə) buyurdu: “Bax, o ən çətin durumda sığındığın varlıqdır Allah”.
Din heç bir mövzunun qarşısında heç zaman aciz qalmayıb. Hər zaman kəsiyinin özünəməxsus müsibətləri olub və dinin də o müsibətlərə etdiyi çarələr olub. Həzrət Musanın (ə) əlindəki əsası, zamanın zülm mərkəzi olan Firon sarayını aciz buraxdı. Həzrət Yusifin (ə) göstərdiyi himmət, qardaşlarının etdiyi məkri aciz buraxdı. Həzrət İsanın (ə) əlacsız xəstəlikləri müalicə etməsi və ölüləri diriltməsi – o zamanda təbabəti ilə sinəsinə döyənləri aciz buraxdı. Din bütün qarışıq zamanlarda bir üslub, yanaşma ortaya qoyub. Kim ki, dindən dünyasının abad edilməsi üçün istifadə edib, onlar üçün din müəyyən vaxtlarda maneəyə çevrilib.
Həzrət Rəsuli-Əkrəmin (s) rehlətindən sonra xəlifələrə yarınmaq üçün dinin bir çox sahələrində yanlış fətvalar verərək, yalandan hədislər uydurdular. Xəlifələr saraylarda təşkil etdikləri eyş-işrət məclisləri üçün müxtəlif saxta hədislərin yayılması üçün külli miqdarda vəsait payladılar.
Təbii ki, bu saxta hədislər də o insanlar vasitəsi ilə yayılmalı idi ki, həmin insanlar cəmiyyətdə müəyyən qədər söz sahibi və inanılmış insanlar olsunlar. Din həmişə bu cür insanlar tərəfindən edilmiş xəyanətlərə şahidlik edib. Görünür bu mövzu hələ də davam edəcək.
Bu müsibətlərin ən böyüyü isə – təbii ki, İmam Hüseyn (ə) haqqında “dindən çıxmış” fətvasını vermiş Şüreyh qazı tərəfindən edilib.
Allahım, bizim müsibətimizi dinimizdə qərar vermə!
Allahım, dinini, öz dünyası üçün sipər etmiş insanların şərini toplumun üzərindən uzaq et!
 
 
Müəllif: Mətləb Həmzəli İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Mənbə: deyerler.org
Top