Dünya həyatının müvəqqəti və sınaq məqsədli olduğunu əksər insanlar qəbul edirlər. Hər kəs bu keşməkeşli dünya həyatında mütləq sıxıntı və müsibətlərlə qarşılaşmışdır.
Bu çətinliklər bəzən maddi, bəzən də mənəvi olur. Cahil insanlar bu müsibətlərə üsyan edər, Allaha inananlar isə -hər şeyin Allah tərəfindən gəldiyini bilərək- səbir edər. Çünki uca Allah müqqəddəs kitabında belə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə, 155)
Əlbəttə, müsibətlər qarşısında necə hərəkət edəcəyimizi rəhbərimiz Rəsulullah (s.ə.s) tətbiqi olaraq bizə göstərmişdir. Həmçinin Həzrət Nuhun, Həzrət Musanın, Həzrət İsanın, Həzrət Yəhyanın da qarşılaşdıqları müsibətlər və göstərdikləri səbir bizə məlumdur.