Dünya həyatının müvəqqəti və sınaq məqsədli olduğunu əksər insanlar qəbul edirlər. Hər kəs bu keşməkeşli dünya həyatında mütləq sıxıntı və müsibətlərlə qarşılaşmışdır.
Bu çətinliklər bəzən maddi, bəzən də mənəvi olur. Cahil insanlar bu müsibətlərə üsyan edər, Allaha inananlar isə -hər şeyin Allah tərəfindən gəldiyini bilərək- səbir edər. Çünki uca Allah müqqəddəs kitabında belə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə, 155)
Əlbəttə, müsibətlər qarşısında necə hərəkət edəcəyimizi rəhbərimiz Rəsulullah (s.ə.s) tətbiqi olaraq bizə göstərmişdir. Həmçinin Həzrət Nuhun, Həzrət Musanın, Həzrət İsanın, Həzrət Yəhyanın da qarşılaşdıqları müsibətlər və göstərdikləri səbir bizə məlumdur.
Bu yazımızda hər kəsin sıxıntı ilə qarşılaşdığı ilk anda ağlına gələn, fəqət tətbiqində çətinlik çəkdiyi səbri hədis dəryasından bəzi örnəklərlə gündəmə daşımaq istəyirəm. Bəlkə bu yazını mənə yazmağa vadar edən qarşılaşdığımız kiçik bir sıxıntıdır. Ziyan kimi görünsə də sonunun xeyir olacağına ümid edirik. Uca yaradan Quranda “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” (əl-Bəqərə, 216) Deməli, yaradan bizim üçün xeyirli ve faydalı olanı təqdir etsə də bəzən bu, bizim gözümüzdə müsibət kimi görünür. Müsəlmana yaraşan, hər halda səbir və şükür etməkdir. Hədisi-şərifdə belə buyurulur: “Möminin işi qibtə və heyranlığa dəyər. Çünki hər işi özü üçün bir xeyir səbəbidir. Belə bir xüsusiyyət ancaq mömində vardır. Əgər sevinərsə şükür edər, bu onun üçün xeyir olar. Əgər başına bir müsibət gələrsə səbir edər, bu da onun üçün xeyir olar.” (Müslim, Zöhd 64) Bəla ve müsibətlər iman etməmək üçün bəhanə deyil. Şükür və səbir bütün həyatı xeyrə çevirmək üçün Allahın bəndələrinə verdiyi imkandır. Nemətə şükür etmək neməti artırdığı kimi, bəlaya səbir etmək də onun xeyirə çevrilməsinə səbəb olur.
Şanlı Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Allah yolunda heç kimin düçar olmadığı əziyyətlərə səbir etdim. Mənim düşdüyüm dəhşətli hallara heç kim düşməyib. Elə vaxtlar olurdu ki, otuz gün və otuz gece mən və Bilal sadəcə onun qoltuğunda gizlətdiyi az miqdarda qidadan başqa, canlıların yeyə biləcəyi heç bir şey tapa bilmirdik. (ət-Tərğib V/159)
Həzrət Məhəmməd (s.ə.s) daha doğulmadan atasının vəfat etməsi kimi bir fəlakətə düçar oldu. Sonra uşaq ikən anası vəfat etdi, iki il sonra isə babası. Peyğəmbərlik illərində də onu himayə edən əmisi Əbu Talibin və ömür-gün yoldaşı, təsəlli mənbəyi Həzrət Xədicənin vəfatının ağrı-acısını çəkmişdir.
İnsan ata-anasından sonra ən çox övladını sevər. Həzrət Peyğəmbərin Fatimədən başqa digər bütün övladları ya kiçik yaşlarda, yaxud da gənc yaşda vəfat etmişlər. Bütün bu fəlakətlər ancaq onun gözlərini yaşartmış, qətiyyən üsyana sövq etməmişdir. Əsla şikayət etməmişdir.
Müşriklər Peyğəmbər (s.ə.s)-in yoluna tikan tökər, üstünə murdar şeylər atar, əleyhində dedi-qodular edərdilər. Bunların müqabilində o, ancaq səbir edər, Allahın lütf və nemətinə düçar olduqda isə şükür edərdi.
Əlbəttə, bu kimi sıxıntılar Peyğəmbərimizin və digər Peyğəmbərlərin qarşılaşdıqları müsibətlərin yalnız bie qismidir. Bir gün səhabələrdən biri Rəsuli-Əkrəmdən dünyada ən böyük müsibətlərə kimin düçar olduğunu soruşdu. Rəsulullah (s.ə.s) də ən ağır müsibətlərə Peyğəmbərlərin məruz qaldığını, sonra da hər insanın imanındakı səviyyəsi nisbətində imtahana məruz qaldığını buyurdu. (İbn Macə)
Onlar səbir edərək bizə yol göstərdilər. Bizim borcumuz əlimizdən gəldiyi qədər səbir etmək və Allaha üsyandan uzaq olmaqdır. Dərdə dərman olacaq iki hədislə sizi baş-başa qoyuram:
“Heç kim başına gələn müsibətə görə ölümü arzulamasın. Əgər mütləq belə bir məcburiyyətlə qarşılaşarsa, bu cür desin: “Ey Allahım! Mənim üçün yaşamaq xeyirli olduğu müddətə qədər mənə həyat ver. Ölüm xeyirli olduğu zaman da məni öldür!” (Buxari, Mərda 19; Dəavat 30; Müslim, Zikr 10)
“Allah sevdiyi bəndəsinə dərd verər.” (Buxari, Mərda 1)
Mənbə: irfandergisi.com