Dinimizdə ən mühüm və bir o qədər də savab sayılan əməllərdən biri də xəstə olan bir möminə baş çəkməkdir. Allah-Təala özünə aid olan haqlarla bərabər, insan haqlarına qarşı diqqətli davranmağımızı, onların qeydinə qalmağı, ehtiyaclarını qarşılamağı və bu qəbildən əməlləri də əbədi səadətimiz üçün şərt qoşmuşdur. Bu kimi haqlar insanın Rəbbinə qarşı fərz olan ibadətlərindən sonra ikinci dərəcəli haqlardandır.
Belə ki, insan maddi imkanı və zamanı olduğu halda bu haqlara riayət etməzsə, qiyamət günündə Allahın hüzurunda cavab verməli olacaq. Əbu Hüreyrədən (r.a.) Rəsuli-Əkrəmin (s.ə.s.) belə buyurduğu rəvayət olunur: “Üç xislət var ki, bunların hamısı bir müsəlmanın yerinə yetirməli olduğu vacib haqlardandır: Xəstəyə baş çəkmək, dəfndə iştirak etmək və asqırıb Allaha həmd edən adama “yərhamukəllah” demək.
Allah-Təala zəif, xəstə və miskin görünən kimsəsiz bəndələrinə qarşı möminləri qayğıkeş və mərhəmətli olmağa çağırır və belə insanlara yardım etməyi əsirgəyənləri isə axirətdə qınayacağını da Peyğəmbərinə (s.ə.s.) bir qüdsi hədisdə bildirir. Belə ki, Əbu Hüreyrədən (r.a.) gələn rəvayətə görə Rəsulullah (s.ə.s.) belə demişdir: “Qiyamət günü Allah öz bəndəsinə belə buyuracaq: “Ey bəndəm! Səndən yemək istədim, Mənə yemək vermədin. O deyəcək: “Ey Rəbbim! Sən Aləmlərin Rəbbi olduğun halda necə ola bilər ki, məndən yemək istəyərsən?” Allah buyuracaq: “Filan qulum səndən yemək istəmişdi, sən də ona yemək vermədin.Məgər bilmirdin ki, onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəmoğlu, səndən su istədim, Mənə su vermədin”. İnsan: “Ey Rəbbim! Mən sənə necə su verə bilərdim ki, Sən Aləmlərin Rəbbisən?”
Allah buyuracaq: “Filan bəndəm səndən su istəmişdi, sən isə ona su vermədin. Məgər bilmirdin ki, ona su versəydin, mükafatını Mənim yanımda tapacaqdın?” Sonra Allah buyuracaq: “Ey Adəmoğlu! Mən xəstələndim, sən isə mənə baş çəkmədin”. Bəndə deyəcək: “Ey Rəbbim! Sən Aləmlərin Rəbbi olduğun halda, mən sənə necə baş çəkə bilərdim?” Allah buyuracaq: “Filan qulum xəstələnmişdi sən ona baş çəkmədin. Məgər bilmirsən ki, ona baş çəksəydin bunun mükafatını Mənim yanımda tapardın?”(əl-Buxari, əl-Ədəbul Mufrad, 2569)
Rəsulullah (s.ə.s.) daima xəstə olan möminlərə baş çəkər və bunu səhabələrinə də əmr edərdi. Hədislərin birində Allah Rəsulu (s.ə.s.) demişdir: “Müsəlman qardaşına baş çəkən kimsə onun yanında oturanadək Cənnət xürfəsində gəzişmiş sayılar. Qardaşının yanında oturduğu zaman onu rəhmət bürüyər. Xəstə qardaşını gündüz ziyarət edərsə, yetmiş min mələk axşamadək ona xeyir-dua diləyər, gecə vaxtı ziyarət edərsə yetmiş min mələk səhərədək ona xeyir-dua diləyər. Səhabə: “Ey Allahın Rəsulu, Cənnət xürfəsi nə deməkdir? Rəsulullah (s.ə.s.): “Cənnətin bir yerə yığılmış meyvələridir”- buyurdu. ( Əbu Davud, Sünən, 3099)
Rəsulullah (s.ə.s) böyük-kiçik demədən, cavan-yaşlı olduğuna baxmadan xəstə və halsız olan möminləri ziyarət edər, onların şəfa tapması üçün dua edərdi. Peyğmbərimizə (s.ə.s.) xidmət edən yəhudi bir uşaq var idi. Bir gün bu uşaq xəstələndi. Bunu eşidən Allahın Rəsulu (s.ə.s.) ona baş çəkməyə getdi. O, uşağın baş tərəfində oturdu və ona “Müsəlman ol!”- dedi. Uşaq atasının üzünə baxdı. Atası ona: “Əbul Qasimə itaət et!”- dedi. Uşaq İslam dinini qəbul etdi. Sonra Peyğəmbərimiz (s.ə.s.) onun yanından çıxdı və: “Onu oddan xilas edən Allaha həmd olsun!” — dedi (əl-Buxari, 1356).
Bu hədis bizlərə bir neçə əhəmiyyətli məsələni izah edir. Xəstəyə baş çəkməyin bir müsəlmanın digər müsəlman üzərində olan haqlarından olduğunu qeyd etmişdik. Eyni zamanda xəstəyə baş çəkməyin əhəmiyyətli olan xüsuslarından biri də onda iman zəifliyi varsa onun üçün dua etmək, xəstə yatağında ikən Allaha qarşı asi olan davranış ortaya qoymasının ona axirəti üçün zərərli olacagını xatırlatmaqdır. Çünki xəstəliklərə və müsibətlərə səbir etmək bəndənin günahlarının kəffarəsinə səbəb olur. Bundan başqa Allaha imanı tam olamayan, gah iman edib, gah da üsyan edən kimsələrə Allahın varlığını, axirətin də haqq olduğunu başa salmaq, onun ölmədən öncə hidayətinə vəsilə olmaq və axirətə mömin olaraq köçməsinə səbəb olmaq da son dərəcə əhəmiyyətli və savab sayılan saleh əməllərdən biridir. Əsasən da xəstə olan bu insan qohumdursa, ona qarşı göstərilən diqqət və qayğı insana iki dəfə çox savab qazandırar.
Xəstə insana baş çəkərkən ediləcək müstəhab əməl xəstənin ehtiyacı ola biləcəyi şeyi ona təmin etmək, onun yanında çox oturaraq onu yormamaq və gözəl, ürəkaçan hadisələrdən söhbət salaraq onu sağalması üçün ruhlandırmaq və Rəsuli-Əkrəmin dua etdiyi kimi dua etməkdir. İbn Abbas (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s.) xəstəyə baş çəkdikdə onun baş tərəfində oturub yeddi dəfə belə deyərdi: “Əs-əlullahəl-Azim, Rabbəl — arşil- azim ən yəşfiyəkə!” Bu dua əgər xəstənin təyin olunan əcəli çatmayıbsa, şəfa tapmasına səbəb olardı.
Biz də sevimli Peyğəmbərimizin bu duası ilə bütün xəstələrimizə Böyük Ərşin Sahibi olan Allah-Təaladan şəfa diləyir, hər bir kəsə xeyirli ömür və can sağlığı arzulayırıq.
Samirə Mahmudova
«Bizim ailə» jurnalı