İslam dini qurduğu cəmiyyəti yaxşılıq etmək, xeyirli işlər görmək, mərhəmətli davranmaq və bir-birini sevmək əsası üzərinə bina etmişdir. Dinimiz zəngin olsun, kasıb olsun, qohum olsun, güclü olsun zəif olsun, bütün müsəlmanların bir-birlərinə qarşı mərhəmətli olmasını, özü üçün sevdiyini qardaşı üçün də sevməsini, daim qardaşının yaxşılığı üçün çalışmasını, hətta gücü yetdiyi qədər qardaşını özündən üstün tutmasını əmr edir.
Yaxşılıq etmək Quranda ümumi olaraq “ehsan” termini ilə ifadə edilmişdir. (əl-Bəqərə, 83; ən-Nisa, 62; əl-Ənam, 151; əl-İsra, 23; əl-Əhqaf, 15) Ehsan “gözəl olmaq” mənasına gələn
h-s-n kökündən törəmiş bir məsdər olub “başqasına yaxşılıq etmək” və “gördüyü işi yaxşı etmək” kimi iki fərqli mənada işlədilmişdir. Ehsan sahibinə də
muhsin deyilir.
Rağib əl-İsfəhaniyə görə ehsan ədalətin üstündə bir dərəcədir; ədalət “borcunu vermək, alacağını almaq”, ehsan isə “üzərinə düşəndən daha çoxunu vermək, alması lazım olandan daha azını almaqdır.” (Rağib əl-İsfəhani
, Müfrədat, səh-126) Ancaq bu terminin deyilən mənalarla yanaşı “ibadəti sadəcə Allaha aid edib Ondan başqa ibadətə layiq heç bir varlığın olmadığına inanmaq və Allaha Onu görürmüş kimi ibadət etmək” mənası da vardır.
Quranda ehsan qavramı həm Allaha, həm də insanlara nisbət edilmişdir. Allaha nisbət edildiyində Onun yaratmadakı qüsursuzluğunu (əs-Səcdə, 7; ət-Təğabun, 3) və qullarına qarşı lütfkarlığını, səxavətini (əl-Qəsəs, 77; ət-Talaq, 11) ifadə edir. İnsanlara nisbət edildiyində isə qulun Allaha qarşı hiss etdiyi dərin hörmət, bağlılıq və itaət ruhunu və bu ruhi vəziyyətin nəticəsində ortaya çıxan, hilmə əsaslanan bir anlayışla insanın başda anası və atası olmaqla digər insanlara qarşı münasibətlərini ifadə edir.
Bir çox alim Quranda yaxşılıq və pislik mövzusunda ən böyük ayənin Nəhl surəsindəki “
Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur..” (ən-Nəhl, 16/90) ayəsi olduğunu söyləmişlər. Təbəriyə görə bu ayədəki yaxşılıqdan məqsəd, Allahın əmr etdiklərini etmək, yasaqlarından uzaq durmaqda səbirli olmaq, çətin və çətin olmayan vəziyyətlərdə də, sevilən və sevilməyən xüsuslarda Allaha itaət etmək və buna cəhd göstərməkdir. (Təbəri,
Camiul-Bəyan, VIII/214) Süfyan b. Üyeynəyə görə isə buradakı “yaxşılıq etməkdən” məqsəd insanın iç aləminin xarici görünüşündən daha gözəl olmasıdır. Peyğəmbərmiz (s.ə.s)-ə Cibril hədisində:
-Ehsan nədir? deyə soruşulduqda
-Sənin Allahı görürmüş kimi ona ibadət etməndir. Sən Onu görməsən də O, səni görür” deyə cavab vermişdir .(Buxari,
İman 37, Müslim,
İman 5)
Hər gözəl iş ehsandır. Ehsanı əmr etmək hər işi və hər davranışı əhatə edir. Beləliklə ehsanın həyat dənizini tamamilə əhatə etdiyinin şahidi oluruq. Ehsan insanın Rəbbiylə olan əlaqələrini; ailəsi, mənsub olduğu cəmiyyət və bütün bəşəriyyətlə olan münasəbətlətini ehtiva edir. Buna görə də Allah təala möminlərə qarşılıqlı olaraq yardımlaşmağı və bir-birlərinə mərhəmətli olmağı əmr etmiş və belə buyurmuşdur: “
Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək gösətrməyin” (əl-Maidə, 2)
Hər zaman yaxşılığın yanında olan Quran yaxşılıq ediləcək insanlar arasında ilk sıranı ana və ataya vermişdir: “
Allah ana-ataya yaxşı davranmağı əmr etdi.” (əl-Ənam, 151; əl-İsra, 23-24; Loğman, 14)
Yenə Əhqaf surəsinin 15-ci ayəsində belə buyurulur:
“
Biz insana, ana-atasına yaxşılıq etməyi (valideynləriylə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır.”
İslam dini bizə yaxşılıqla pisliyin eyni olmadığını, buna görə də həmişə yaxşılıq etməyin zəruriliyini bildirir: “
Yaxşıyla pis bir ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.” (əl-Maidə, 100), “
Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.” (əl-Qəsəs, 54)
Yuxarıda söylənənlərdən belə nəticə çıxara bilərik ki, ehsan (yaxşılıq) fərd və toplumun rifah içində yaşamasının əsas ünsürlərindən biridir. Bu da heç şübhə yoxdur ki, ehsan şüurunu mənimsəyən bir fərdin Allahın, ailəsinin, ətrafındakıların qarşısında məsuliyyət daşıdığı şeyləri yerinə yetirməsi və fitrətindəki sevgi, tolerantlıq, yardımlaşma kimi uca duyğuları hər zaman canlı tutaraq ilahi iradəyə uyğun hərəkət etməsi ilə mümkündür. Bu xüsusiyyətləri daşıyan insanlardan meydana gələn cəmiyyətlərdə oğruluq, rüşvət, yalan və s. kimi pis işlər minimuma enəcək, bunun yerinə bir-birlərini sevən, aralarında hər zaman yardımlaşan, bir-birlərinin kədər və hüznünü öz daxilində duyan fərdlərin təşkil etdiyi xoşbəxt toplumlar meydana gələcəkdir.
Mənbə: İrfan dərgisi Müəllif: Mehman İSMAYILOV
[email protected]