Kəlimeyi-Şəhadətin əsas mənası

Kəlimeyi-Şəhadətin əsas mənası

İslam ilə əlaqəli anlaşılmazlıqlardan biri də kəlimeyi-şəhadət məsələsində özünü göstərməkdədir. Bilindiyi kimi riyaziyyatda bir misalı həll edərkən düsturlardan birini yanlış tətbiq etsəniz cavab da səhv olacaqdır. Kəlimeyi-şəhadət İslamın düsturudur. İlk mərhələdə bunu doğrulasaq, nəyə necə şahidlik etdiyimizi də doğru anlamış və doğru yaşamış olarıq.

Kəlimeyi-Şəhadət məna olaraq nə deməkdir?
"Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Və mən yenə də şahidlik edirəm ki, hz. Muhamməd (s) onun qulu və elçisidir."
Məlum olduğu kimi, günümüzdə bir insan müsəlman olmaq istədiyi zaman ona bəzi məsələləri təlqin etdikdən sonra kəlimeyi-şəhadət söylədilir. Beləcə o şəxs İslama daxil edilmiş olur.
Əvvəlcə kəlimeyi-şəhadətin həqiqətdə nə mənaya gəldiyini anlamağa çalışaq:
İlah - itaət edilən, sığınılan və razı edilməyə çalışılan varlıq deməkdir. Buna görə şəhadət kəliməsinin ilk cümləsinə bir daha diqqət verək: "Şahidlik edirəm ki, Allahdan başqa ilah (itaət ediləcək, sığınılacaq və razı ediləcək) yoxdur və tanımıram"  Bu Allahdan başqasına itaət etməməyi və sadəcə onun əmr və yasaqlarına tabe olaraq yaşamağı vacib edir. Bu halda kəlimeyi-şəhadət gətirmək insanlara bunu elan etməkdir: Ey insanlar! Artıq mən Allahdan başqasına itaət etməyəcəyimə şahidlik edəcəyəm. Siz də mənim həyatımda Allahdan başqasına aid qayda və qanunların olmadığını görəcəksiniz.

Yəni buradakı şəhadət sözlü deyil əməlidir.

İkinci cümləyə gəlincə:
"Və yenə şahidlik edirəm ki, hz, Muhamməd (s) Onun qulu və elçisidir."
Elçi - bir xəbəri birindən alıb başqasına çatdıran şəxsdir. Hökmdarlar fərman yazıb elçilərinə verər və istədikləri kimsələrə göndərərlər. Beləliklə, hökmdara gedən yolu ən yaxşı bilən o elçidir. Eynən bunun kimi, peyğəmbərlər də Allah ilə insanlar arasında elçilərdir. Allahdan aldıqlarını isanlara çatdırırlar.
Yuxarıdakı misalda elçi necə hökmdara gedən yolu ən yaxşı bilən şəxsdirsə, Allaha gedən, Onun razı olduğu yolu ən yaxşı bilən də peyğəmbərlərdir. Elə isə bu çağırışın ünvanlandığı insanlardan Allaha getmək, Allahı razı etmək istəyən olsa ilk yerinə yetidikləri şey peyğəmbərləri örnək (öndər) qəbul edib onun kimi inanıb yaşamaqdır.
Hz. Rəsulunun (s) Allahın qulu və elçisi olduğuna şahidlik edənlər də hz. Peyğəmbərin (s) gətirdiklərinin hamısını qəbul edib ona paralel yaşamağa çalışanlardır.
Bu mənada "hz. Muhamməd (s) Allahın qulu və elçisi olduğuna şahidlik edirəm" deyənlər həqiqətdə bunu söyləməkdədirlər:
Ey insanlar! Mənim üçün məni Allaha götürəcək tək öndər hz. Muhamməddir (s). Mən Allaha itaət edərkən onun qulu və elçisi kimi itaət etməyə çalışacağam. O mənim üçün nümunədir." Allah belə buyurmaqdadır:  "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (Əhzab 21)
Səhabələr şəhadəti belə anlamış və belə yaşamışdır. Yoxsa bu gün olduğu kimi, ancaq dilində kəlimeyi-şəhadəti söylə və ömür boyu həyatını dəyişdirmədən yaşa - xeyr! Belə bir anlayış İslamın ruhuna ziddir. Sənin həyat tərzin elə olmalıdır ki, sən dilinlə "mən müsəlmanam" deməsən belə, sənin həyatına qıraqdan nəzər yetirənlər "müsəlmandır" desinlər. Bax, Şəhadət budur. Sadəcə söylənilən deyil, eyni zamanda yaşanan bir həyatdır. Əks-təqdirdə bir mənası omaz.
Bu mövzunu daha dəqiq formada aydınlaşdıran kiçik bir hekayəni nəzərinizə çatdıraq:
Kəlimeyi-şəhadət gətirməklə özünü müsəlman zənn edən Avaropa ölkələrindəki səfirlərdən birinə bir xristian dostu yaxınlaşaraq deyir: "Sizin dininiz mənim çox xoşuma gəlir. Amma, gündə beş dəfə namaz qıla bilməməkdən qorxuram." "Müsəlman" səfir də buna cavabında deyir ki, "Sənin düşündüyünə bir bax. Sən kəlimeyui-şəhadət gətir müsəlmanam de. Namaz qılmasan da olar. Bax, mən də namaz qılmıram, ancaq müsəlmanam." Bu dəfə də xristiyan belə deyir. "Dostum, mən ildə bir dəfə tutulan orucu tərk etməkdən də qorxuram" Səfir cavabında: " Boş ver. Sən müsəlmanam de, oruc tutmasan da olar" - deyə cavab verir. Xristiyan beləcə zina etmək, içki, donuz əti yeməmək kimi bir neçə xüsusları da zikr edir. Səfir də hər dəfə " Bu olmasa da olar, sən kəlimeyi-şəhadət gətir" - deyir. Xristian ən sonda: "Mən elə müsəlmanammış, xəbərim yoxmuş ki...Əziz dostum, sənlə aramızda nə fərq var ki!?" - deyə heyrətini bildirir.
Bəli, şəhadət gətirmək gətirməyənlərdən fərqli olmaqdır. Gəlin şəhadəti belə anlayıb bu şüurla yenidən kəlimeyi-şəhadəti bir daha yenidə təkrar edək: "Əşhədu ən lə iləhə illəllah. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluh"

 

Top