İnsan övladı yaradılış etibarı ilə nəfs, iradə, düşüncə v.s. bu kimi xüsusiyyətləri ilə bütün varlıqlardan fərqləndirilmişdir. Bu fərqlilik özü ilə yanaşı ona yer üzündə üstünlük verir. Bütün məxluqatdan üstün olma imkanı:
Gəlin dəyərli müsəlmanlar,Allaha şükrümüzü namazla bildirək. "Allahım sənə şükr olsun" kəlməsi ilə kifayətlənməyək.Yoxsa Allah bizim namazımıza,dualarımıza,oruclarımıza ehtiyacımı var.Əlbəttə ki, deyil.Əksinə bizim onun şəfaətinə,mərhəmətinə ehtiyacımız var.Çünki biz həmişə nəyəsə ehtiyacı olan məxluqlarıq.
"(Ey Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- dedilər. (Allah onlara:)"Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu."
Bu üstünlüyü ən şərəfli varlığına verən Aləmlərin Rəbbi mələklərin verdiyi sualın həqiqətini əlbəttə ki bilirdi, fərqli təfsirlərə görə bu sual mələklərin əvvəlcədən onlardan fərqli varlıqların yaradılış etibarı ilə üsyankar, nifaq törədən olduğundan qaynaqlanırdı. Həmçinin yeni yaradılan, Aləmlərin rəbbinin yer üzərindəki xəlifəsi məsum deyildi, nurdan da yaradılmamışdı. Müxtəlif rəngləri, müxtəlif xüsusiyyətləri özündə daşıyan torpaqdan yaradılmışdı. Torpaq da əkin, münbit, şoran, qəhvəyi, sarı, boz olduğu kimi bu xüsusiyyətlər də ona keçmişdir.
"İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı.
Xəlifəlik - aləmlərin rəbbinin yer üzərindəki xəlifələyi nurdan yaranan mələklərə verilmədiyi halda torpaqdan yaranan insana verildi. Ən üstün kərəm sahibi haqqımız olmayan ən üstün vəzifəni bizə verir, əvəzində isə ona heç bir tanrını, tanrılaşdırılmış hər hansı bir şeyi şərik qoşmamağı, kəlimeyi şəhadət gətirərək dininə girməyi, heç bir məcburiyyət olmadan dinini seçməyi amma seçdikdən sonra həqiqətən dininə sahib çıxmağı istəyir.
"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib, Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olar. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!"
Qismətimizə yazılan uzun faydasız və yaxud qısa yadda qalan ömrümüzdən ibadətlərimiz bəlkə də üst-üstə toplansa gündə bir saatımız, ildə bir ayımızı, illik gəlirimizdən az bir qismini, doğru, dürüst, sadiq olmağı, sözündə durmağı, qürurlu və yeganə şükr sahibinə qulluq etməklə bütün yalançı qulluqlardan azadedir bizi. Şükrə şükrlə, yaxşılığa yaxşılıqla, hörmətə hörmətlə qarşılıq verildiyi halda nədənsə hər şeyimizi yaradan, qüsursuz xilqətimizi, gözümüzün nuru övladlarımızı, hər şeydən çox sevdiyimiz mülkü bizə verən rəbbimizə layiq şəkildə nə üzərimizdə olan vəzifəsini, nə də dininə özümüzü mənsub edərək həyatımızı ona layiq yaşamaq istəmirik. Çox vaxt da ən tutarsız təsəllimiz qəlb təmizliyi, "özümüz təyin etdiyimiz" vaxt bolluğu, ildə bir dəfə bir yetimi sevindərməyimiz, ya da bir aydan bir ziyarətgahda 5 və ya 10 dəqiqə etdiyimiz dualar olur. Qəribədir, insan övladı özü inanmadığına özünü inandıraraq olduğu kimi yaşamağa deyil, yaşadığı kimi olmağa çalışır. İddiasını da Allaha olan imansız sevgisi, inancsız müsəlmanlığı və əməlsiz ibadətləri ilə sübut etməyə çalışır. Halbuki hər şeyin sübutu var Rəbbimiz buyurduğu kimi:
"(Ey Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"
İstəyimiz minnətimizlə qulluq borcunu zəiflədən yaxud da bunun fərqinə varmayan insanları nəfislərini silkələmək deyil, ancaq bunu özləri də nə vaxtsa etməli və həyatda olan ən böyük borclarının fərqinə varmalı olduğunu bildirməkdi. Nə isə mən davam edirəm özüm də daxil olmaqla hər birinizə qulluq minnəti qoymağa. Eybi yox minnət günahı qazanmağa razıyam nəticəsi xeyirli olacaqsa, özünüz dediyiz kimi günahı mənim boynuma. Beləcə həyatımızın qısa olduğundan, vaxtımızın azlığından şikayətlənirik çox vaxt. İddia edirik ki, hələ vaxtım yoxdur, inşallah müsəlmanam, amma həqiqi müsəlman olmağa 3 və ya 4 ildən sonra başlayacam. Hətta özümüzü hər şeyə hazır bildiyimiz halda ən pak əməllərə, ruhumuzun təmizlənməsinə, mənəviyyatımızın yüksəldilməsini nəfsimizi hazır bilmirik. "40"dan sonra psixologiyası ilə ömrümüzü davam etdiririk, gündə vaxt yoxluğundan şikayət edərək saatlarla baxdığımız verlişlərlə, seriallarla, həyatımızı istədiyi kimi idarə edən şou biznes xəbərləri v.s.-lərlə. Bir dəqiqəsini belə qaçırmırıq gəncliyimizi, düşüncəmizi yaşanmayan qərb, Braziliya adətlərinə bağlayan kinoların, ya da idman, əyləncəvi oyunların. Maraqlıdır o an, bəhanəmiz haqda fikirləşirik, yəqin onda da bir bəhanə tapırıq özümüzə. (Nə olduğunu bilmək istərdim?)
İllərin çətinliyinə qatlanan nəfsimiz bəzən gün ərzində bir saatlıq namaz kimi peyğəmbərimizin gözünün nuru adlandırdığı ibadəti yerinə yetirməyə çətinlik çəkir. Həqiqətənmi çətindir səni Yaradana səcdə edərək, hər səcdə ilə Onun nəzdində yüksəlmək, yoxsa həqiqətən çətindir namazda qiyama durmaqla bütün əzəmətli dağlardan da Allah qatında ucalmaq, yoxsa hər rəkatınla onun rəhmətini qazanmaq və ya hər namazınla cənnətinə daha da yaxınlaşmaq. Yoxsa cənnətimiz dünyamızdır deyirsiniz, bəlkə artıq özünüzü cənnəti qazananlardan hesab edirsiniz hər bir halda "ürəyi təmizlik" psixologiyasının banisi kimi bunu iddia edə bilərsiniz. Allah rəsulunun (s.a.s.) qəlbi belə sizinki qədər təmiz olmadı ki, ibadətdən azad ediləydi, gündüzü orucla gecəsi namazda keçməyəydi. "Hz.Aişədən rəvayət olunan hədisi şərifə görə Peyğəmbər Əfəndimiz (s.a.v.) gecə boyunca ayaqları şişənə kimi namaz qılardı. Bir dəfə ona niyə görə belə edirsən, məgər Allah sənin keçmiş və gələcək günahlarını bağışlamamışdır? sualını verdim. Allah rəsulu da: Ey Aişə şükr edən qul olmayım?" cavabını verdi."
Allah rəsulu (s.a.s.) qulluğun ölçüsünü bu şəkildə ifadə edir. Yaradana şükr edən bəndə olmayımmı, adına və adıma yaraşan qulluq etməyimmi, ona olan yaxınlığımı daha da artırıb, həqiqi sevgisini qazanmayımmı!? Yox deyənlərə verilən cavab əlbəttə hər kəs özünə yaraşanı və özünə yaraşdırdığını qazanar, cavabı verilər.