Üç ay

Üç ay

"Üç ay" dedikdə qəməri aylardan olan Rəcəb, Şaban və Ramazan ayları nəzərdə tutulur. Bu gün üç aydan ikincisi olan Şaban ayına qədəm qoyuruq. Adətən bir-sıra islam ölkələrində bu aylara digərlərinə nəzərən daha çox üstünlük verilir. Dünyanın bir çox ölkəsində müsəlmanlar qeyd olunan aylarda daha çox oruc tutur, Allaha daha çox yaxınlaşmağa, Uca Yaradana daha çox ibadət etməyə səy göstərirlər. Hətta bəzi müsəlmanlar bu üç aydan ikisini - Rəcəb və Şaban aylarını "kəffarət" və savab niyyəti ilə tamamilə oruc tutaraq keçirməyə çalışırlar. Buna Ramazan ayı da əlavə edildikdə ard-arda düz üç ay oruc tutulmuş olur ki, bu da "üç ayı oruc tutmaq" adlanır.
Tarixə və peyğəmbərimizin (s) hədislərinə nəzər saldığımız zaman bu ayların digərlərindən daha üstün və fəzilətli olduğu məlum olur. Belə ki, "üç ayın" ilki olan Rəcəb ayı hələ İslam gəlməmişdən əvvəl ərəblərin "haram aylar" kimi qəbul etdiyi dörd ayın dördüncüsü idi. "Haram aylar" ifadəsindəki "haram" kəlməsi "hörmət" və "ehtirama layiq olmaq" mənasını daşıyır. Bu dörd ayın hörmətinə xüsusilə müharibədən uzaq durulması qədimdən bəri məlum dini hökm idi və ərəblər İbrahim peyğəmbərin (Ona salam olsun!) dövründən bəri bu qaydaya riayət edirdilər. Rəcəb ayı öz fəzilətini məhz "haram ay" olmasından alır. Qurani-Kərimin əl-Bəqərə surəsində "Haram ayda vuruşmaq böyük günahdır" buyurularaq bu qadağa vurğulanmışdır. Məhz bu xüsusiyyətlər nəzərə alınaraq, islam alimləri Rəcəb ayında nafilə (əlavə, sünnə) oruc tutmaq və digər nafilə ibadətləri yerinə yetirməyin fəzilətli olduğu bildirmişlər. Ancaq burada bir məsələni xüsusilə qeyd etməkdə fayda vardır. Belə ki, Peyğəmbərin (s) bu ayı tamamilə oruc tutaraq keçirdiyi barədə hədis kitablarında heç bir məlumata rast gəlinməməklə yanaşı, Rəcəb ayının fəzilətinə dair də heç bir hədis rəvayət edilməmişdir. Həmçinin, alimlər bəzi kitablarda qeyd olunmuş və Rəcəb ayının fəzilətinə dair xalq arasında yayılmış bir çox hədisin uydurma olduğunu təsbit etmişlər. Məsələn, müsəlmanlar arasında yayılmış: "Rəcəb Allahın, Şaban mənim, Ramazan isə bütün ümmətin ayıdır" hədisi hədis alimlərinin nəzərində etibarsız, deməli zəif hədisdir. Bununla yanaşı, Rəcəb ayının fəzilətinə dair: "Əgər bir şəxs bu ayda filan qədər namaz qılarsa onun üçün bu qədər, filan qədər tövbə-istiğfar edərsə Allah qatında onun üçün bu qədər savab vardır" şəklində rəvayət edilən hədislərə gəlincə, bu cür hədislər uydurma və heç bir əsası olmayan sözlərdir.
Mübarək üç aydan ikincisi Şaban ayıdır. Bu ay qəməri ayların səkkizincisi olub Rəsulullahın (s) Ramazan ayından sonra ən çox oruc tutduğu aydır. Peyğəmbərin (s) Şaban və Ramazan aylarından başqa bir-birinin ardınca iki ay oruc tutmadığı barədə səhih hədislər nəql edilmişdir. Həmçinin, Buxari və Müslimin hədis kitablarında qeyd etdiyi bir hədisdən Peyğəmbərin (s) Ramazandan başqa heç bir ayı bütövlüklə oruclu keçirmədiyi məlum olur. Ancaq bu mövzudakı hədislərlə yanaşı, ən çox Şaban ayında oruc tutduğunu və bu ayın çox hissəsini oruclu keçirdiyini göstərən səhih hədislər mövcuddur. Peyğəmbərin (s) Şaban ayı haqqında belə buyurduğu rəvayət edilmişdir: "O, Rəcəblə Ramazan arasında insanların qafil olduqları (qiymətini və dəyərini bilmədikləri) bir aydır. O ayda əməllər Allaha yüksəldilər. Ona görə mən də əməlimin oruclu olduğum halda Allaha təqdim olunmasını sevirəm və o ayda oruc tuturam".
Mübarək üç ayın sonuncusu isə Ramazandır. Ramazan ayının dəyəri və qiyməti Quranın ayələrində və Sünnədə açıq şəkildə bəyan edilmişdir. Belə ki, Qurani-Kərim bu ayı tərifləmiş, Ramazan ayında olan və 1000 aydan xeyirli olan "Qədr gecəsi" üçün ayrıca surə nazil olmuşdur. Habelə, Peyğəmbərin (s) hədislərində Ramazan orucunu yalnız Allah üçün tutanın keçmiş günahlarının bağışlanacağı və bu ayı ibadətlə keçirənlərin saysız-hesabsız savab qazanacağı vurğulanmışdır. Bütün bəşəriyyəti hidayətə yönəltmək üçün Quranın məhz Ramazanda nazil olması və bu mübarək ayın Quran ayı kimi bilinməsi onun dəyəri üçün başqa sözlər söyləməyə ehtiyac buraxmır.=
Ölkəmizdə də bir çox müsəlman "üç ay" adlandırılan Rəcəb, Şaban və Ramazan aylarında oruc tutmağa, ibadətə daha çox vaxt sərf etməyə çalışır. Səhih hədis kitablarında Rəcəb ayından yalnız Rəsulullahın (s) həmin ayda ümrə edib-etmədiyi münasibəti ilə bəhs edilə bilər. Şaban ayı isə Peyğəmbərin (s) Ramazandan sonra ən çox oruc tutduğu və belə demək mümkünsə, Ramazana hazırlaşdığı aydır.
Burada bir məsələni vurğulamaq istərdim. Belə ki, bir-sıra müsəlmanlar bu üç ay başladıqda oruc tutmağa başlayır və Şaban ayından etibarən tutduqları orucun sayını artırırlar. Bu məsələ barəsində demək lazımdır ki, peyğəmbərimizin (s) sünnəsinə əməl edərək Şaban ayının bəzi günlərində oruc tutmaq təbii ki, gözəl bir əməldir. Ancaq üç ayı ard-arda oruc tutmaq Sünnəyə uyğun deyildir. Rəcəb və Şabanın çox hissəsini oruc tutaraq keçirən şəxsin oruc tutmanın fərz olduğu Ramazan ayına şövqlə daxil olması çətinləşər. Buna görə Şabanın 15-dən sonra orucun azaldılması və ya tərk edilməsi tövsiyə edilmişdir.
Nəticə olaraq demək lazımdır ki, biz müsəlmanlar bu üç ayı fürsət bilməli və yerinə yetirəcəyimiz nafilə ibadət və gözəl əməllərlə Allaha daha da yaxınlaşmalıyıq. Fikrimizcə, namaz və orucdan əlavə dərindən düşünərək, nə üçün yaradıldığımızı fikirləşərək, əməllərimizə fikir verməli, xeyir iş görmək üçün yarışmalı, əxlaqi keyfiyyətlərimizin kamilləşməsinə çalışmalıyıq.

Top