Ümumi mənada şeytan insan, cin və hevyanların ağzın və şərli olanlarına verilən bir addır. (1) İsfahani, əl-Müfrədat, s. 383) Şeytan və mələk sözü bir-birinin ziddi olaraq Quranda tək və cəmdə eyni sayda, 88 dəfə keçməkdədir.
İblis, yaxud da şeytan mələklərə yaxın bir qrupdan, cin tayfasındandır. Quran iblisin Adəmə səcdə emriylə sınandıqda lovğalıq və qısqanclıq duyğularıyla bu əmrdən boyun qaçırdığından və imtahanı keçə bilməməsindən danışır. Həmçinin Qurani-Kərimdə şeytani duyğuların və nəfsani təmayüllərin insan qəlbinə olan təsirindən söz açılır
.
İnsan oğlunun yaradılış sirrindəki hikmət qulluq, qulluğun ilk şərti imandır. İmanın mərkəzi isə qəlbdir. İnsanın qəlbi iman üçün qoruyucu qala kimidir. Şeytansa o qalaya yol tapıb orada fəsad çıxarmağa çalışan azğın düşməndir. Qalanı düşməndən qorumaq üçün qapılarını möhkəmlətmək və qala gədiklərini bağlamaqla mümkün olduğu kimi insanın da iman qalasını qoruması şeytanın qəlbə giriş yollarını yaxşı bilməsi və bu yolları bağlaması ilə mümkündür. İmam Qəzaliyə görə şeytanın insan qəlbinə nüfuz etdiyi qapı və gədikləri belə sadalamaq mümkündür:
1- Şeytanın ilk və ən güclü nüfuz yeri qəzəb və şəhvətdir. Qəzəb, yəni hirs ağlı yox edər. Ağıl gücünü itirdiyi zaman da şeytan hücuma keçər. Şəhvət iradə gücünü zəiflədərək şeytanın yolunu açar. Bu səbəblə şeytan insan oğlunu qəzəb, kin və şəhvətin qalib olduğu zamanlarda daha asan aldadır. Halal loğma ilə də olsa mədəni ağzınacan doldurmaq şəhvəti artırdığı üçün şeytana güc verir. Çünki çox yemək insana namaz və zikrə qarşı ağırlıq və tənbəllik verir. Hirs və şəhvət insanı düşmənlərə qarşı kinlə aşağılayıcı tövrlərə sürükləyir. Bu da şeytanın bəndənin əməlinə şərik olması deməkdir.
2- Şeytanın insanı tələyə saldığı digər iki qapı həsəd və ehtirasdır. Şeytanı həlaka sürükləyən xüsus da həsəd olmuşdu. Adəmi cənnətdən çıxaransa orada əbədi qalma ehtirası idi. İnsan qəlbinə şeytanın girdiyini xəbər verən bəsirət nurudur. Ehtiras və həsəd bəsirəti kor edər. İnsan görməkdən məhrum olunca, şeytan ona nüfuz edərək arzusuna çatmağı gözəl göstərir.
3- Şeytanın qəlbə açılan qapılarından biri dünya nemətləriylə bəzənmə təmayülüdür. Şeytan insanda bu xəstəliyin olduğunu gördüyü zaman dünya cazibəsindən istifadə edərək onun üçün tələlər qurmağa başlayar.
4- Şeytanın qəlbə nüfuz yollarından biri də tamahkarlıq duyğusudur. Qəlbə qalib gələn bu duyğu tamah edilən şeyləri əldə etmək üçün insanı riya və hiyləyə sövq edər. riya və hiylə qəlbi də, əməli də pozar.
5- Şeytanın istifadəetdiyi yollardan biri də tələskənlikdir. Təmkin, düşünərək qərar vermək və işin sonunu nəzərə almaq insanın yoldan çıxmaq ehtimallarını azaldır. İnsandakı tələskənlik duyğusunun şeytani, təmkin duyğusunun rəhmani olduğunu dərk edən kəsin qəlbində təfəkkür və təzəkkür üfüqləri açılır və bəsirət nuru səhv qərar verməyi əngəlləyir.
6- Şeytanın qəlbə olan başqa bir yolu da yoxsulluq qorxusu və xəsislikdir. Bu duyğu insanı infaqdan yayındırır, mal toplamağa dəvət edir. Qızıl və gümüş kimi dünyəvi şeylərlə məşğul olmağa yönəldir. Halbuki ehtiyacdan artıq dünya malı şeytanın icra mərkəzidir. (bax. İhyayi-ulumid-din, Qahirə, ts, s. 30-39)
Allah-Təala Allaha və axirət gününə inanmadan mallarını riyakarlıq üçün sərf etmək yerinə Allah üçün verənlərdən olmağa təşviq etməkdə və şeytan ilə yoldaşlığı pis bir yoldaşlıq olaraq dəyərləndirməkdədir. (bax. ən-Nisa, 38-39) Qəlb ovçusu olan şeytan hiddət, şəhvət, ehtiras, pul sevgisi, vəzifə arzusu kimi yemlər ataraq başımıza gətirəcəyi fəlakətləri planlaşdırır. Ovçunun çəpdiyi yemə aldanmayan quş canını qurtardığı kimi şeytanın səpdiyi yemlərə aldanmayan bəndə də həqiqət səhrasından qidalanar, qol-qanadı bağlanmaz, hür və azad olar. Şeytanın qurduğu günah tələsindən bir dəfə xilas olmağın şükrü bir dahao tələnin olduğu bölgəyə girməmək, hətta həndəvərinə belə yaxınlaşmamaqdır.
Şeytanın vəsvəsə verərək qəlbi fəsada uğratması sadəcə şəhvət və dünya sevgisi baxımından deyildir. Şeytan müxtəlif yollardan istifadə edərək insandan intiqam almaq sövdasına qapılmışdır. Çünki şeytan Quranın bəyanına görə Allahın onu Adəmə görə yoldan çıxardığını söyləyir və Allahın sirati-müstəqiminə oturaraq insanların önlərindən, arxalarından, sağlarından və sollarından gələrək aldatmaq üçün Allahdan izin istəyir. (əl-Əraf, 16-17) Allah onun bu istəyinə belə cavab verir: "Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər! Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!" (əl-İsra, 64-65)
İnsanı şeytanın tələsinə salan xüsus Allahın zikrindən qəflətdir. Allah qafilə şeytanı ürcah edər. Şeytan onu doğru yoldan azdırdığı halda insan özünün doğru yolda olduğunu sanar. Şeytana dost olan belə insan ilahi hüzura gəldikdə şeytanın nə pis yoldaş olduğunu anlayar və: "Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arası qədər məsafə olaydı" (əz-Zuxruf, 36-38) -deyər, amma iş-işdən keçmişdir.
Şeytan insanın yaxasını buraxmaz. Hərəylə bir cür məşğuldur. Hətta cənnətdə də şeytanın məkr və hiyləsindən aman yoxdur. Necə ki, Adəm və Həvva şeytanın tələsinə düşərək cənnətdən uzaqlaşdırıldılar. Bu baxımdan "şeytan mənə heç nə edə bilməz" iddiasıyla qürrələnmək tamamilə boşboğazlıqdır. Necə ki, Qurani-Kərimdə Allah-Təala Peyğəmbərimizdən əvvəlki bütün peyğəmbərlərin dilək və dualarına şeytanın müdaxilə etməyə çalışdığını bildirməkdədir. (bax. əl-Həcc, 52) Elə bu qəbildən olmalıdır ki, Peyğəmbərimiz də: "Bəzən qəlbimə elə fikirlər gəlir ki, gündə yüz dəfə istiğfar edirəm." -buyurmuşdur. (Əhməd b. Hənbəl, Müsnəd, IV s. 211)
Əməlin Allah üçün deyil, başqaları üçün işlənməsini tətikləyən nəfs və şeytan insan qəlbindəki tövhid əqidəsinə zərər verməkdədir. Güclü, həqiqi bir imanın azlığı və az olmasına rəğmən şeytanın təcavüzünə məruz qalması insanın işini çətinləşdirər.
Nəfs və şeytanın eyni şey olub-olmaması hər zaman mübahisə obyektinə çevrilmişdir. Bir həqiqət var ki, hər ikisi insanı şərə dəvət etməkdə şərikdirlər. Ancaq şeytan xaricdən və fərqli bir şəxsiyyət halında insanı pisliyə yönəldən şərr elçisi, nəfs isə xaricdən gələn bu dəvətə insanın daxilindən dəstək verən və onun ardınca düşən pislik duyğusudur. İnsanı daxildən azdıran nəfsdir. Bəndəyə hegemonluq edən nəfs başqalarını azdırıcı olduqda şeytana çevrilir. Şeytan daha ümumi, nəfs isə şəxsidir. Hər nəfsin şeytani bir tərəfi vardır, lakin hər şeytanı nəfs kimi qələmə vermək imkansızdır.
Hər kəsin daxilində pisliyə çağıran səs onun özü üçün nəfs, başqaları üçün şeytandır. Ayə və hədislərdən anlaşılan məna budur. Mövlana məsələni belə izah edir: "Şeytan ilə nəfs əzəldən bəri əlbir olduqları üçün şeytan Adəmə düşmən oldu, həsəd apardı. Onun həqiqətini görə bilməyən şeytan torpaqdan yaradılmış bu varlıqdan hürküb qaçdı. Mələk isə Adəmin nur halındakı ruhunu gördü və onun qarşısında əyildi."
Dünyada əməl işləyən insan anbarına buğda dolduran əkinçi kimidir. Ancaq anbara girən siçandan və onun hiyləsindən xəbərsiz olarsa fərqində olmadan anbarı boşalar və əliboş qalar. İnsan oğlu da əməlinə şərik olmaq istəyən şeytana və nəfsinə qarşı əlini və qəlbini açarsa əməlləri boşa gedər. Qəlbi nəfsin və şeytanın əlinə keçər. Bununla da dünyası və axirəti ziyana uğrayar. Belə bir aqibətdən Allaha sığınırıq. Allah Prof.Dr.Hasan Kamil Yılmazdan razı olsun.Çünki bizi və islam əhlini belə maraqlı bilgilərlə bilgiləndirdiyi üçün!
Prof. Dr. Hasan Kamil YILMAZ