Günümüzün müsəlmanları arasında "mən ilk ibadət etməyə başladığım zamanlarda yaşadığım həyacanı, şövqü, aldığım zövqü indi hiss edə bilmirəm" və ya "ilk quran oxuduğum, Quranı-Kərimə dair söhbətlərə qatıldığım məclislər zamanı yaşadığım o hisslər üçün çox darıxmışam" deyən insanlar heç də az deyillər. Allaha inanan amma ona ibadət etməyib yaşadığı həyatında Allahın qoyduğu ölçülərdən kənar olan şəxs əslində sözün əsl mənasında "ac" insandır. Yəni Allahla mütəmadi və düzgün şəkildə təmasda olmadığından insanın ruhu və bədəni mənəvi hisslərdən uzaq qaldığı üçün insan "ac" bir məxluqa çevrilir.
Ancaq insan səmimi olaraq yaşadığı pis həyatına tövbə edib Allaha bağlanan anından sonra Allahın sayəsində biri-birindən gözəl olan nemətlərlə qarşılarşaraq, keçmişdə özündə olan pis hisslərin əvəzinə yeni və mükəmməl hissləri dadır. Allah həmin adamın özünü, dünyasını, içini dəyişərək ölü insandan diri və möhtəşəm bir insan çıxarır. Ona görə də insan yeni ibadətə başlayarkən mənəvi cəhətdən çox "ac" halda olur.
Diqqət edin, insan çox ac olan zaman və ya oruc tutduqdan sonra iftar etmək anında yediyi yeməklər ona necə ləzzətli gəlirsə, bizim də ilk qıldığımız namazlar və etdiyimiz digər ibadətlər bizə mənəvi "ac" vaxtımızda bunun kimi, hətta bundan daha çox ləzzət edir.
İnsanın fitrətinə əsasən insanın daim mənəvi qidaya tələbi və ehtiyacı vardır. Bir insanın mənəvi qidaya tələbi yoxdursa, o insan fiziki olaraq yaşayan amma mənəvi olaraq ölmüş insana bənzəyən, qəlbi sərt olan insandır. Çünki bir insan necə qidasız yaşaya bilməzsə onun mənəvi aləmi də qidasız qala bilməz. Bəzi insanlar da öz cahilliklərinə görə öz mənəvi qida ehtiyaclarını səhv yollara əl atmaqla ödəməyə çalışırlar.
Məsələn, kimisi Allaha bağlanmaq yerinə anormal musiqilərə qulaq asaraq öz mənəvi ehityaclarıını ödəyirsə, kimisə də müxtəlif dünya əyləncələrinə qapılaraq öz təmiz qəlbini və ruhunu çirkləndirməklə məşğul olur. Allaha bağlı olan mömin əgər düzgün şəkildə həm ibadət edər, həm də layiqincə Allaha bağlı olub Onun rızası üçün səy göstərərək gözəl əməllər işlədərsə və özünü də günahlardan qoruyarsa bu halda o, qıldığı namazlardan, tutduğu oruclardan, etdiyi xeyir işlərdən çox böyük dərəcədə möhtəşəm mənəvi hisslər qazana və sözün əsl mənasında xöşbəxt ola biləcəkdir. Amma əgər insan bir müddətdən sonra keçirdiyi möhtəşəm hissləri yenidən keçirmirsə bu onun etdiyi günahlardan etdiyi səhvlərdən də qaynaqlana bilər. Yəni Allahın bizlərə ibadət etdiyimiz zaman yetirdiyi möhtəşəm şövqü, həyacanı yaşamamaq etdiyimiz yalan, qeybət, harama baxmaq və sair kimi günahlardan da qaynaqlana bilər. Bu günahların isə hər biri qəlbə və ruha doğru atılan güllələrdir.
Günahların insana fəsadları çoxdur. Çünki insan günah qazanarkən gözün, qulağın və digər bədən üzvlərinin şövqü, həyacanıda zədələnə bilər. Çünki günahlar müsəlmanda olan şövqü, həyacanı sarsıda bilir. Hər bir insan bir ölkə, bir dövlətdir. Bu ölkənin də paytaxtı qəlbdir. İnsan günah qazanan zaman onun qəlbinə qara ləkələr dəyir və onun qəlbi zədələnir. Yəni ölkənin paytaxtına zərbə dəyərək ölkə təhlükə altında qalır. Muhəmməd peyğəmbər (sas) buyurur: "İnsanın bir bədən üzvü vardır. Əgər o sağlamdırsa bütün bədən sağlam olar. Əgər o pozularsa bütün bədən pozular. Diqqət edin! O, qəlbdir."(Buxari)
Əgər biz ibadətlərimizdə şövqün, həyəcanın, hüşunun itməməsini və etdiyimiz ibadətlərdən də zövq almaq istəyiriksə bu halda işlətdiyimiz günahlardan uzaq durmalıyıq. Günahlarımıza qarşı müharibə elan edərək, o günahları özümüzdən qovaraq kənar etməliyik.
Şövq, həyəcan, hüşu, bunlar kimi gözəl olan digər hisslərin hər biri bizlərə əslində Allahın çox böyük nemətləridirlər. Biz mümkün olduğu qədər bu hissləri yaşamağa çalışmalı amma etdiyimiz ibadətləri bu hissləri yaşamağa görə yox, qarşılığsız olaraq Allah üçün etməliyik ki, Rəhman olan Rəbbimiz də bizi mükafatlandırsın. Əks halda müsəlman birisi yalnız şövq, həyacan, hüşu qazanmaq üçün ibadət edərsə, böyük səhv edərək öz yolunu aza bilər. Əgər heç bir maraq güdmədən səmimi niyyətlə Allaha bağlı olaraq həyatımızı düzgün şəkildə qurarıqsa, bu halda Allahın rəhmətini, sevgisini, məğfirətini öz üzərimizə cəlb edərik.