Əbul-Abbas Abdullah İbni Abbas İbni Abdulmuttalib (radiyallahu anhumədən) nəql edildiyinə görə, Rəsulullah (səllallahu əleyhi və səlləm) Allah Təaladan rəvayət etdiyi bir hədisdə belə buyurdu: Allah Təala yaxşılıq və pislikləri təqdir edib yazdıqdan sonra bunların yaxşı və pis olmasını belə açıqladı:
"Kim bir yaxşılıq etmək istəyər edə bilməzsə, Cənabı Haqq bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq qeyd edər. Əgər bir kimsə yaxşılıq etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artıqlamasıyla yazar. Kim bir pislik etmək istəyər imtina edərsə, Cənabı Haqq bunu mükəmməl bir yaxşılıq olaraq qeydə alar.Əgər insan bir pislik etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o pisliyi yalnız bir günah olaraq yazar.
" (
Buxari, Rikak 31; Müslim, İman 207, 259. Əlavə bax. Buxari, Tövhid 35; Tirmizi, Təfsiri surə (6),10)
Abdullah İbni Abbas
Hz. Peyğəmbərin əmisi Abbasın (radiyallahu anh) oğuludur. Anası Hz. Xədicədən dərhal sonra müsəlman olan Ümmül-Fazl Lübabədir.
İbni Abbas hicrətdən üç il əvvəl Məkkədə doğulduqda, onu gətirib Rəsulu Əkrəmin qucağına verdilər. Əfəndimiz mübarək ağzında çeynədiyi bir xurmanı onun damağına sürtdü. İbni Abbas taxnik (yeni doğan uşağın ağzına xurma və ya şirin bir şey sürtmək) deyilən bu hadisə səbəbiylə səhabələr arasında çox üstün üstünlüklərə sahib olmuşdur.
Daha sonraları Hz. Peyğəmbər ona iki dəfə dua etmiş, bu dualarından birində: "Allahım! Onu fəqih (böyük din alimi) et və ona Quranı öyrət!" buyurmuşdur. Bu səbəblə İbni Abbas Qurani Kərimi ən yaxşı bilən səhabə olmuş, özünə Tərcümanul Quran ünvanı verilmişdir. Ümmətin ən alimi mənasında Hibrül-ümmə deyə də xatırlanmışdır.
Hz. Peyğəmbərin xanımlarından Meymunə anamız onun xalası idi. Bu səbəblə bəzi gecələr Rəsulu Əkrəmin yanında qalar, onun rəftar və hərəkətlərini, ibadətlərini izləyərdi. Əfəndimizin vəfatında hələ 13 yaşında olan İbni Abbas, zəka və anlayışı səbəbiylə bir çox dəfə Hz. Peyğəmbərin təqdirini qazanmışdır. Tələbələrinə bir gün təfsir, bir gün siyər və məğazi (Həzrəti Peyğəmbərin döyüşlərini əla alan elm), bir gün ədəbiyyat, bir başqa gün Ərəblərin məşhur döyüşləri sayılan Əyyamül-arabı
oxudardı.
Abdullah İbni Abbası çox sevən Hz. Ömər, onun fikirlərinə çox dəyər verərdi. Hz. Əli dövründə Bəsrə valiliyini icra etdi. Bir qisimini şəxsən Hz. Peyğəmbərdən eşitdiyi təkrar hədislərlə birlikdə 1660 hədis rəvayət etmişdir.
İbni Abbas həyatının son illərində gözlərini itirdi. Bəzi qaynaqlar onun Kərbəla faciəsinə çox kədərlənib ağladığını və gözlərini buna görə itirdiyini ifadə edirlər.
Təfsir və fiqh elmlərində nüfuz, verdiyi fətvalarla məşhur və "Abadilə" deyə xatırlanan dörd Abdullahdan biri olan İbni Abbas, hicrətin 68. ilində (687) Taifdə 71 yaşında vəfat etdi.
Allah ondan razı olsun !
Şərh
Bu hədisi şərif, Riyazus-salihində keçəcək olan qüdsi hədislərin ilkidir. Bu cür hədisləri Peyğəmbər Əfəndimiz ya arada heç bir vasitə olmadan birbaşa Allah Təaladan almışdır və ya Cənabı Haqq bu məlumatları Cəbrayıl (əleyhissalam) vasitəsilə Peyğəmbər Əfəndimizin ürəyinə çatdırmışdır.
Allah Təala insanları yaratmadan əvvəl nələrin yaxşı, nələrin pis olduğunu təsbit və təqdir etmiş, sonra hafaza mələklərinə əmr edərək bunları -hər şeyin yazılı olduğu- lövhü məhfuza qeyd etdirmişdir. Daha sonra da yaxşı və gözəl dediyi şeylərin niyə yaxşı və gözəl olduğunu anlamamız, pis və çirkin dediyi şeylərin niyə pis və çirkin olduğunu qavramamız üçün bunları bizə açıqlamışdır.
Buna görə bir insan yaxşılıq etməyə niyyət edər, sonra da hər hansı bir maneə səbəbiylə bu yaxşılığı edə bilməzsə, Allah Təala o kimsəni yaxşı niyyəti səbəbiylə mükafatlandırmaq istər və etməyi düşündüyü yaxşılığı etmiş sayaraq ona bir savab yazdırar. Buna görə yaxşı bir şeyi düşünmək belə yaxşılıq sayılmaqdadır. Bir düşüncənin və hərəkətin yaxşılıq olaraq qiymətləndirilməsi üçün də, onu etməyə niyyət etmək şərtdir.
Əgər insan düşünüb etməyə niyyət etdiyi o gözəl hərəkəti edəcək olarsa, mükafatı on mislindən başlar. Ən az birə on qazanar. Bu mükafat 700 mislinə qədər çıxar. Əgər edilən yaxşılıq Allah Təalanın çox dəyər verdiyi davranışlardan biridirsə, qul da o işi ixlas və səmimiyyətlə etmişsə, mükafatı 700 misliylə də qalmaz, hesabını yalnız Cənabı Haqqın biləcəyi daha yüksək ölçəklərlə qiymətləndirilər. Qurani Kərimdəki:
"Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir." (32, 17) ayəsi bu saysız mükafata işarə etməkdədir.
Bir hədisi qüdsidə bu həddsiz hesabsız mükafat belə açıqlanmışdır:
"Yaxşı qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir kimsənin də xatirindən keçirə bilmədiyi nemətlər hazırladım" (Buxari, Tövhid 35).
Bir pislik etmək istəyib sonrada bundan imtina edən kimsəyə tam bir savab yazılmasının səbəbi, o pisliyi edə biləcək gücdə olduğu halda, Allahdan qorxaraq imtina etməsidir. Düşündüyü pisliyi etməyə gücü çatmadığı və ya buna imkan tapa bilmədiyi üçün edə bilməyən kimsəyə isə heç bir savab yoxdur. Çünki o hazırladığı pislikdən imtina etmək üçün özünü məcbur etməmiş, bu yolda bir səy sərf etməmişdir.
Bir pislik edənə yalnız bir günah yazılması, Allah Təalanın qullarına qarşı nə qədər ədalətli və nə qədər geniş bir mərhəmətə sahib olduğunu göstərməkdədir. Pisliklərin maksimum qarşılığının bir misli cəza, yaxşılıqların minimum qarşılığının on misli mükafat olması ayə ilə də ifadə edilmişdir:
"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (6, 160)
Edilən bir pisliyə yalnız bir günah yazılmasından önəmli bir nəticə çıxmaqdadır: İnsan pislik etməyi ağılından keçirdiyi üçün günahkar olmaz və bundan ötəri hesaba çəkilməz. Çünki bir pisliyi ağılından keçirmək, onu etməyə qərarlı olmaq deyildir. Əgər insan ağılından keçirdiyi bir pisliyi etmək istər və buna qərar verərsə, məhz o zaman iradəsi və qərarına görə hesaba çəkilər. Merac hədisində görüldüyü kimi Allah Təala beş vaxt namazı fərz etdikdən sonra bu mövzuya bir daha təmas edərək Peyğəmbər Əfəndimizə belə buyurmuşdur:
"Kim bir xeyr işləmək istər onu edə bilməzsə, özünə bir savab yazılar. Edərsə on savab yazılar.
Kim də bir pislik etmək istər amma etməzsə, ona heç bir şey yazılmaz. Edərsə bir tək günah yazılar" (Müslim, İman 259).