Ümmətin ilk birliyi

Ümmətin ilk birliyi

Əslində bu həccin rəsmi olaraq başladığının da işarəsidir. "Mənasiqinizi məndən öyrənin" (Beyraqi 5/125, 9307) deyən Həzrəti Peyğəmbər həccdə üç yerdə ümmətə xitab etmişdir. İlk xütbəsini Zilhiccənin yeddinci günündə Məkkədə, günorta namazından sonra Kəbədə vermişdir. Digərlərindən fərqli olaraq bu xitabda biri dini digəri siyasi olmaq üzrə iki xütbə yerinə, tək xütbəylə kifayətlənmişdir.
Əslində bu xitab həccin siyasi tərəfini təmsil edən universal bir məlumat idi. Bu məlumat İslam Ümmətinin lideri tərəfindən verilər. O yoxdursa, onun tərəfindən vəzifələndirilən "həcc başçısı" bu vəzifəni icra edər. Hicrətin 9-cu ilindəki həccdə də belə olmuşdur. Hicrətin 8-ci ilində Məkkə fəth olunmuş, 9-cu ilində Rəsulullah Həzrəti Əbubəkri öz yerinə vəkil təyin edərək "həcc əmri" elan etmişdir. Həzrəti Əbubəkr həccin siyasi tərəfini icra etmiş, bunun sayəsində o ilki həcc bir ümmət konqresi olma funksiyasını yerinə yetirmişdir. 10-cu ildə Rəsulullah şəxsən ümmətin həcc əmrliyini icra etmiş və üç yerdə, ən izdihamlı yerlərdə İslam ümmətinə xitab etmişdir: Zilhiccənin 7-ci günü Məkkədə, 9-cu günü Ərafatdakı Nəmirə Məscidində, bayramın ikinci gününə tay olan Zilhiccənin 11-ci günü günorta namazından sonra Minada Məscidi Hayfda. Məşhur vida xütbəsi bu xütbələrin bir yerə toplanmış mətnidir. 

Bu xütbələri Rəsulullah və rəşid xəlifələr ümmətin dini və siyasi lideri sifətiylə vermişdilər. Həcci ümmətin problemlərinin müşavirə edildiyi ümmət konqresi edən də məhz bu nəbəvi ənənədir.

İndiki vaxtda ümmət lidersiz qalıb. Bu vəziyyət həccin bir tərəfini daima əskik buraxır, buna görə də həccdən gözlənilən ictimai nəticə heç cür həyata keçirilmir. 

Könül istəyərdi ki, heç olmasa Müsəlman xalqlarını idarə edənlər öz aralarında bir birlik meydana gətirsinlər. Bu birliyin dövr başçısı ya şəxsən, ya da vəkalətlə dünyanın kimsəsizi və yetimi kimi hiss edən ümmətin hacılarına başçılıq etsin. Onlara cahanşümül hədəflər göstərsin. Onları duyğu, düşüncə və hərəkət birliyinə dəvət etsin. Məkkədə hər il yandırılan mədəniyyət məşəlini, milyonlarla möminin doğulduqları torpaqlara apara bilmələrinə yardım etsin.

Könül istəyərdi ki, ümmətin qanayan yaraları həcc mövsümündə alınacaq ortaq qərarlarla sarılsın. Dünyanın ac uşaqları doydurulsun. Çılpaq uşaqları geydirilsin. Bir yarım milyardlıq nəhəng bir kütlənin məzlumun yanında, zülmün qarşısında olunduğu bəyan edilsin.

Könül istəyərdi ki, ümmətin ictimai birliyini təmsil edən bir əl, Məscidi Hərəmi dolduran məhşəri qələbəliyin təkbir səsləri ilə havada bir neçə dəfə dalğalatsın. Bu əlin təmsil etdiyi iddiaya, milyonlar sevinc gözyaşlarından bir ümman hədiyyə etsinlər. 
Könül istəyərdi ki, İslam ümmətini meydana gətirən xalqların liderləri kəfənlərini əyinlərinə keçirib idarə etmək iddiasında olduqları xalqlarla birlikdə Allahın hüzurunda başaçıq, ayaqyalın vakfəyə (Hacıların Ərəfatda dayanmaları) dayansınlar. Öz acizlik və kiçikliklərini, Allahın kərəm və ucalığını etiraf etsinlər. İdarə edənlərlə idarə olunanlar Allahın hüzurunda eyni səfdə, eyni uniformayla, eyni hədəf və məqsəd üçün bir araya gəlsinlər.
Könül istəyərdi ki, Həzrəti Peyğəmbərin dilindən tarixin ən əhatəli və kamil insan haqqlarını bəyan edən məlumatın oxunduğu bu torpaqlarda pozulan haqqlar bərpa edilsin. Xarabalığa çevrilən ürəklər abadlaşdırılsın. Sınmış könüllər təmir edilsin. Qəmli insanlar sevindirilsin. Təfriqə dəf edilsin, ixtilaflar müzakirə edilsin.

Könül istəyərdi ki, Müsəlman alimlərdən ibarət olan ümmətin ortaq ictihad şurası hər il həcc mövsümündə toplanaraq yeni məsələlərə yeni çarələr tapsın. Əski çarələrə yeni suallar versin. Ümmətin əzmini, yardımını, səyini, mədəniyyətini artıracaq qərarlar alsın. İslam cəmiyyətinin yıxılan divarlarını təmir etsin, insanın və insanlığın əzilən qürurunu dirçəltsin.

Könül istəyərdi ki, həccdə sevgidən ibarət olan bir dünyanın toxumları atılsın. İnsanlar bu sevgi toxumlarını ürəklərində gəldikləri yerlərə aparsınlar. Hər kəs yaşadığı torpağı "hərəm" halına gətirmənin həyəcanı ilə məmləkətinə dönsün.
O zaman hər həcc və hər hacı, yer üzünün və həyatın hörmət dəyərinə əlavə edilmiş əlavə bir dəyər olardı.

Top